Rusiya Ukraynaya ordu yeritdi Dünya

Rusiya Ukraynaya ordu yeritdi

Humanitar yardım karvanı silahlı dəstələrlə əvəzlənib

Cavid

Dünən xarici mətbuatda belə bir məlumat yayılb ki, Rusiyanın hərbi texnikası Ukrayna ərazisinə daxil olub. "The Guardian" qəzeti yazır ki, Moskvanın Şərqi Ukraynaya göndərdiyi humanitar yardım karvanı sərhəd yaxınlığında dayansa da, Rusiyanın BTR-ləri və dəstək maşınları Ukrayna sərhədini keçib.
Qəzetin müxbiri Şon Uolker Ukrayna sərhədində müşahidə etdiyi hadisələr barədə xəbər verir. Müxbir yazır ki, humanitar yardım karvanı Ukrayna sərhədinə çatmamış dayansa da, Rusiyanın hərbi texnikasından ibarət başqa bir karvan Ukrayna ərazisinə daxil olub.
"The Guardian" müxbiri Rusiya hərbi nömrələri olan 23 BTR-in və dəstək maşınlarının Ukrayna sərhədini keçdiyini müşahidə etdiyini bildirir. "The Daily Telegraph" qəzetinin müxbirləri isə yazırlar ki, bütün bu hərbi maşınların hamısının Ukraynaya daxil olduğunu demək çətindir, lakin ölkəyə əhəmiyyətli sayda hərbi maşın daxil olub.
Müxbirlər xəbər verirlər ki, hərbi avtomaşınlardan ibarət karvan bir müddət humanitar yardım karvanı ilə yanaşı dayanıb, lakin qaranlıq düşdükdən sonra sərhəd məftillərinin söküldüyü yerdən Ukrayna ərazisinə keçib.
Shaun Walker yazır ki, bu hadisəni Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi adlandırmaq tezdir və maşınların Ukrayna ərazisində hansı məsafəyə qədər hərəkət edəcəyi hələlik bilinmir.
Müxbirin fikrincə, bu hadisə indilik bir məqama aydınlıq gətirir. Ukrayna bir xeyli vaxt idi ki, Rusiya hərbi texnikasının qiyamçıların nəzarətində olan ərazilərə daxil olduğu barədə həyəcan qaldırırdı. İndi bu məsələdə Kiyevin haqlı olduğu görünür.
"The Guarduan" müxbiri yazır ki, bu sayda yük maşının Ukraynaya yardım aparması əvvəldən şübhələrə və ehtiyatlanmalara səbəb olmuşdu. Bəzi ekspertlər bildirirdilər ki, yaranan təxribat Rusiya və Ukrayna arasında birbaşa hərbi toqquşmalara səbəb ola bilər.
Bundan əvvəl xarici jurnalistlər xəbər vermişdilər ki, Moskva Kiyevlə razılaşmasına rəğmən karvanın istiqamətini sərhədin separatçılar olan hissəsinə dəyişib.
Razılaşmaya görə karvan Xarkov keçidinə yaxınlaşmalı və burada Ukrayna sərhədçiləri maşınların yüklərini yoxlamalı idilər.
"The Guardian" yazır ki, humanitar yardım karvanının sürücülərinin hamısı qəhvəyi paltarlar və beysbol kepkaları geyiniblər.
Qəzet bildirir ki, bəzi məlumatlara görə bunlar könüllü sürücülər yox, Rusiya hərbçiləridirlər.
Lakin ekspertlərin fikrincə, hər halda bu sürücülər Krımın ilhaqı zamanı yaşıl paltarlarda olan əsgərlərə bənzəmirlər.
Onların seçmə qoşun növlərindən olduğu dərhal görünürdü. Ukraynaya humanitar yardım aparan maşınların sürücüləri isə daha çox ehtiyatda olan hərbçiləri xatırladırlar.
Onlardan bəziləri keçmiş hərbçi olduqlarını, lakin indi yardım işinə bir QHT tərəfindən könüllü cəlb edildiklərini deyiblər.
Bundan əvvəl Britaniya müxbirləri karvanın hərəkət etdiyi yol boyunca artilleriya qurğularını daşıyan maşınları və tankları müşahidə etmişdilər.
"The Daily Telegraph" qəzetinin humanitar karvanda olan müxbirləri bildiriblər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi hələlik bu karvan üçün məsuliyyəti öz üzərinə götürmür.
Komitənin nümayəndələri deyiblər ki, Moskva və Kiyev arasında yardımın sərhəddən harada və necə keçiriləcəyi barədə razılaşma əldə olunmayıb.
Humanitar yardım maşınlarından birinin sürücüsü deyib ki, "biz özümüz Xarkov keçid məntəqəsinə getmədik. Onsuz da ukraynanlılar bizi ölkəyə buraxmayacaqdılar. Odur ki, hardan keçmək mümkündürsə, ora gəldik".
Rusiyanın humanitar karvanının Luqansk istiqamətində getdiyi və sərhədə qiyamçıların nəzarətində olan bölgədə yaxınlaşdığı barədə xəbərlər yayılmışdı.
Bundan əvvəl Kiyev bildirmişdi ki, Rusiyanın humanitar yardım karvanı hökumətin nəzarətində olan Xarkov sərhəd keçidində yoxlanmalı, bundan sonra karvanı Qırmızı Xaçın nümayəndələri təhvil almalıdırlar.
Bu arada Ukrayna hərbçiləri Luqanskı mühasirəyə almağı, Donetsk və Luqansk əraziləri arasında avtomobil yollarını tamamilə kəsməyi bacarıb.
Bu haqda Facebook səhifəsində Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak yazıb.
"Anti terror qüvvələri Luqanskı mühasirəyə aldı. Donetsk və Luqansk ərazilərində separatçıların arasında avtomobil kommunikasiyalarının imkanını praktiki olaraq tamamilə kəsdi. Donetskin rayonlarında - Luqansk, Qorlovka, İlovaysk, Krasnıy Luç, Leninski və Uspenkidə sərt mövqe döyüşləri davam edir", - deyə Şkiryak bildirib.
Həmçinin o qeyd edib ki, antiterror qüvvələri artıq Qorlovkanın kənarında, xüsusən Ozeryanovkedə dayanmağa çalışır.
Zoryan Şkiryakın xəbərinə görə antiterror qüvvələri Kondratevka da serapatçıların mini qərargahlarından birini məhv ediblər.
"Milli qvardiyanın xüsusi bölmələri yaxın vaxtlarda azad edilmiş Uqleqorsk və Qorski şəhərlərinin ətrafındakı ərazilərin təmizləməsini davam etdirir. Luqanskda Milli qvardiyanın yeni blokpostları qurulur", - deyə Şkiryak əlavə edib.
"Hücum davam edir. Separatçılar qaçırlar və könüllü təslim olurlar. Düşmən məhv ediləcək", - deyə Şkiryak yekunlaşdırıb.
Rusiya prezidenti Vladimir Putin isə Krıma səfəri zamanı Yalta şəhərində keçirdiyi toplantıda deyib ki, orada Rusiya tərəfindən əlahiddə hərbi birləşmə yaradılır.
O bildirib ki, artıq Rusiya Müdafiə Nazirliyi bununla bağlı müvafiq proqram hazırlayıb: "Nazirlik Krım əlahiddə hərbi birləşməsinin formalaşması məqsədilə müvafiq addımlar həyata keçirir. Proqram böyük xərc tələb etmir və silahlanma mövcud imkanlar istifadə etməklə həyata keçiriləcək".
V.Putin əlavə edib ki, Moskva silahlanma ilə məşğul olmur, sadəcə öz Silahlı Qüvvələrinin müasir tələblərə cavab vermək üçün inkişafına çalışır.
Bu arada "Donetsk Xalq Respublikasının" lideri İqor Strelkovun müdafiə naziri vəzifəsindən istefaya göndərildiyi söylənilib.
Bu haqda "Donetsk Xalq Respublikasının" keçmiş baş naziri Aleksandr Boroday xəbər verib.
Onun sözlərinə görə, daha əvvəl mediaya İqor Strelkovun yaralanması haqda yayılan xəbər həqiqətə uyğun deyil. Keçmiş baş nazir həmçinin qeyd edib ki, yeni "müdafiə naziri" Çar ləqəbli döyüşçü təyin edilib.
"Mən indicə İqor İvanoviçdən ayrıldım, onunla hər şey qaydasındadır. Siz, yəqin, artıq bilirsiniz, o, öz postunu tərk etdi. Artıq "DXR"-in yeni müdafiə naziri var. Hökumətin bütün üzvləri kimi, məndən və Aleksandr Zaxarçenkodan başqa, o, səlahiyyətlərinin müvəqqəti icraçısını daşıyır", - deyə Boroday qeyd edib.
O həmçinin qeyd edib ki, "DXR"-in baş naziri postundan öz istefasından sonra o, respublikanın işləri ilə məşğul olmağa davam edir.
İqor Strelkov 2014-cü il mayın 16-da Təhlükəsizlik şurasının başçısı və "Donetsk Xalq Respublikası"nın müdafiə naziri olub. O, təkcə Müdafiə Nazirliyinə rəhbərlik etmirdi, həm də özü döyüşlərdə bilavasitə iştirak edirdi.
Avqustun 13-də separatçılara məxsus "Novorossiya" agentliyi bildirib ki, İqor Strelkov ağır yaralanıb. Daha əvvəl "DXR" Müdafiə Nazirliyinin başçısının həlak olması və yaralanması haqqında xəbərlər dəfələrlə meydana çıxsa da sonradan bu, öz təsdiqini tapmadı.
Daha sonra "Luqansk Xalq Respublikası"nın başçısı Valeri Bolotov istefa verib. Onun yerini "Luqansk Xalq Respublikası"nın müdafiə naziri İqor Plotniçkiy tutacaq.
2014-cü il mayın 18-də öz müstəqilliyini elan etmiş "Luqansk Xalq Respublikası"nda Dövlət şurasına seçkilər keçirilib. Xalq deputatları şurası tərəfindən "LXR" başçısının vəzifələrini icra edən Valeri Bolotov seçilmişdi.
O, 1970-ci il fevralın 13-də Taqanroq şəhərində doğulub, Luqansk ərazisində məktəbdə oxuyub. Sonra orduya çağırılıb, iki ali təhsil alıb.
2014-cü ilin aprel ayında Avropa Birliyi Bolotovu sanksiyaya düşmüş adamların siyahısına daxil edib.