“Həssas bir dövrdəyik” Dünya

“Həssas bir dövrdəyik”

Rəcəb Tayyib Ərdoğan: "İnsanları sünni-şiə deyə ayırmıram, məni müsəlmanlar maraqlandırır"

"Biz İranın ixrac etdiyi təbii qazın 95 faizini alırıq, lakin qiymət baxımından bu, ən bahalı qazdır. Qiymət aşağı salınsa, aldığımız qazın həcmini artırarıq. Ən bahalı qazı İrandan alırıq, belə olmasını istəmirik".
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Tehrandakı toplantısından sonra həmkarı Həsən Ruhani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O, toplantıda iki ölkə arasında 8 saziş və 1 Memorandum imzalandığını açıqlayıb: "Bu gün çox mənalı görüş keçirdik. Bölgə od içindədir. Bu problemlərdən və terrordan danışdıq. Siyasi müstəvidə hansı müştərək addımlar atıla biləcəyini müzakirə etdik".
Ərdoğan iki ölkə arasında iqtisadi əlaqələrin artım tempinin son vaxtlar zəiflədiyini təəssüflə vurğulayıb: "Biz ticarət həcmini 30 milyard dollar yüksəltmək hədəfini qoymuşduq, təəssüf ki, bu sahədə geridəyik. Ən bahalı qazı İrandan alırıq, bu nöqtədə olmaq istəmirik. Qiymət aşağı salınsa, daha çox qaz alarıq. Dost və qardaş ölkə kimi həmrəylik içində olmalıyıq. Səsimizi bir-birimizə eşitdirə biləcək məsafədəyik. Ankaradan buraya iki sata gəldik. Müştərək həyata keçirə biləcəyimiz bir çox məsələ var".
Türkiyə prezidenti qarşılıqlı ticarətdə milli pul vahidlərindən istifadə olunması təklifi ilə çıxış edib: "Dolların və avronun məzənnəsinin təzyiqi altında qalmamalıyıq. Biz İran məhsullarını İranın mili pulu ilə əldə etmək istəyirik".
Ərdoğan bölgədə yaranmış duruma toxunaraq Suriyada 300 min insanın öldüyünü, İraqda tarixin məhv edildiyini vurğulayıb: "Mən insanları sünni və ya şiə deyə ayırmıram. Məni müsəlmanlar maraqlandırır. Bu qana, bu zülmə son qoymalıyıq. Bu işdə necə vasitəçi ola bilərik, bunların müzakirəsinin və nəticə əldə olunmasının tərəfdarıyıq. Bir-biri ilə vuruşanları bir araya gətirməliyik".
İran prezidenti Həsən Ruhani də aparılan danışıqları müsbət qiymətləndirib: "Çox gözəl bir görüş oldu. Qarşılıqlı sərmayələr, sərhəd təhlükəsizliyi müzakirə edildi. Çox həssas bir dövrdəyik. Ətrafımızda qeyri-sabitlik var. Terrorçuluğa, radikalizmə qarşı mübarizədə qərarlı olduğumuzu göstərdik. Nüvə proqramı məsələsində Türkiyənin dəstəyinə görə təşəkkür edirik. Yəmən mövzusunda ətraflı söhbətimiz oldu, ortaq nöqtələr tapıldı. Yəməndə tökülən qanın dayanmasını və atəşkəs əldə olunmasını istəyirik".