“Sənin elə içməyinə utandım...” Hadisə

“Sənin elə içməyinə utandım...”

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev zərərçəkən Tural Mustafayevdən ötən iclasda iştirak etməməsinin və prosesə məcburi gətirilməsinin səbəbini soruşub.
Tural Mustafayev səhhətində problemlər olduğu ilə bağlı məhkəmə prosesinə gələ bilmədiyini deyib.
Sonra Xədicə İsmayılova Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə vəkili Yalçın İmanovla müdafiəsinin təşkili üçün imkanların yardılmasını, eyni zamanda, bəzi texniki məsələlərin - həftədə iki dəfə telefonla danışmaq hüququndan istifadə etməsinin təmin olmasını istəyib.
Daha sonra Xədicə İsmayılovanın vəkili Fəxrəddin Mehdiyev Tural Mustafayevin mayın 3-də və avqustun 4-də "Yeni Musavat" qəzetinə verdiyi müsahibələrin sübutların siyahısına daxil edilməsi barədə vəsatət qaldırıb.
Hakim bu vəsatəti açıq saxladığını bildirib.
Sonra zərəçəkən Tural Mustafayev ifadə verib. O, intiharlarının Xədicə İsmayılova ilə bağlı olmadığını deyib. 2014-cü ildə 3 dəfə - may, sentyabr və oktyabr aylarında intihara cəhd etdiyini deyən Tural Mustafayev qeyd edib ki, özünəqəsdin səbəbləri keçmiş nişanlısı Rövşanə Rəhimova ilə münasibətlərində olan problemlər və əsəblərinin zəifliyi olub.
O, Xədicə İsmayılova ilə 2013-cü ilin sentyabr-oktyabr aylarında tanış olduğunu deyib. Xədicə İsmayılova ilə arasında qadın-kişi münasibətlərinin olmadığını söyləyib, aramızda dostluq münasibətləri olub.
Tural Mustafayev əlavə edib ki, 2014-cü ilin yanvar-fevral aylarına qədər Xədicə İsmayılova münasibətləri yaxşı olub. 2013-cü ilin noyabrından "Azadlıq" radiosundan şəxsi istəyi ilə işdən çıxdığını deyən zərərçəkən Xədicə İsmayılovaya sms-ləri və internet yazışmalarını dostları ilə məsləhətləşərək yazdığını bildirib.
Tural Mustafayev özünü zərərçəkmiş hesab etmədiyini də deyib.
Sonra hakim Tural Mustafayevin istintaqa verdiyi ifadə ilə hazırki ifadəsi arasındakı kəskin ziddiyyətin olduğunu söyləyərək zərəçəkənin istintaqa vermiş olduğu ifadəni prosesdə elan edib.
Hakim bildirb ki, ifadədə bildirilir ki, 2013-cü ilin oktyabrında Tural Mustafayev Sabirabad rayonundan tədbirdən gəldikdən sonra Xədicə İsmayılova ilə birgə alkoqollu içkilər içiblər və İsmayılova ona intim münasbiətdə olmağı təklif edib, Tural Mustafayev də razılaşıb. Tural Mustafayev dəfələrlə Xədicə İsmayılovanın evində gecələyib, onlar tez-tez görüşüblər.
Xədicə İsmayılova dəfələrlə onun şərəf və ləyaqətini alçaldıb. Bu səbəbdən Tural Mustafayev intihar etmək qərarına gəlib.
Daha sonra dövlət ittihamçısı ifadələr arasında hansı səbəbdən ziddiyyətlərin yaranmasını soruşub. Tural Mustafayev isə bildirib ki, psixoloji durumu ilə əlaqədar Xədicə İsmayılovaya böhtan atıb.
Sonra ifadə verən Tural Mustafeyevin anası Nəzakət Mustafayeva oğlunun intiharları barədə xəbər tutmadığını və yalnız onun dərmanla zəhərləndikdən sonra telefonla ona məlumat verildiyini deyib. Nəzakət Mustafayeva oğlunun psixi qüsurlu olmadığını söyləyib. Nəzakət Mustafayeva deyib ki, oğlu Tural Mustafayev Bakıya gəldikdən sonra ailəsinə qarşı onun münasibətində soyuqluq yaranıb. Tural Mustafayevin 2014-cü ilin mayın 8-də ilk nikahı pozulub.
Həmin ilin mayın 28-də isə Tural Mustafayev Rövşanə Rəhimova ilə nişanlanıb. Tural anasına intiharın səbəblərini həyatdan bezmişəm deyərək izah edib.
Prosesdə ifadə verən Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimova deyib ki, onlar 6-7 ay müddətində nişanlı olublar. Tural Mustafeyevin 3 dəfə intihara cəhd etməsinin səbəbi Xədicə İsmayılova ilə bağlı olmayıb, onun psixoloji problemləri olub. Rövşanə Rəhimova Tural Mustafayevlə dəfələrlə arasında mübahisələr olduğunu, onun tez-tez spirtli içkilər qəbul etdiyini deyib.
Bu zaman Tural Mustafayevin anası Nəzakət Mustafayeva şahid ifadəsinə etiraz edərək Rövşanə Rəhimovaya "Mən Göyçayda sənin elə içməyinə utandım, "pyaniskə" o özüdür" - deyərək məhkəmə zalını tərk edib.
İfadəsini davam etdirən Rövşanə Rəhimova əlavə edib ki, Tural Mustafayevin psixoloji problemləri olması ilə bağlı həkimə müraciət ediblər, həkimlər ona qoyulan diaqnozun müaliəciəsinin olmadığını bildiriblər.
Rövşanə Rəhimova qeyd edib ki, son dəfə 2014-cü ilin oktyabrın 15-də Tural Mustafayevlə böyük münaqişələri olub. Şahid Tural Mustafayevin 25 gün Maştağada yerləşən ruhi-əsəb dispanserdə müalicə olunduğunu deyib.
Şahidin sözlərinə görə, Tural Mustafayev onunla görüşdüyündə Xədicə İsmayılova ilə dost olduğunu söyləyib. Daha sonra Rövşanə Rəhimova dövlət ittihamçısının suallarını cavablandırıb.
Sonra prosesdə fasilə elan olunub.
Qeyd edək ki, Xədicə İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.