Yaşıl enerji dəhlizi İqtisadiyyat

Yaşıl enerji dəhlizi

Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan strateji tərəfdaşlığı regional enerji əməkdaşlığında yeni mərhələnin əsasını qoyur

Dünya enerji sistemində sürətli dəyişikliklər baş verir. Ənənəvi enerji resurslarından istifadənin azaldılması, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, karbon emissiyalarının məhdudlaşdırılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi müasir iqtisadi siyasətin əsas prioritetlərinə çevrilib. Bu şəraitdə ölkələrin enerji potensialı yalnız neft və təbii qaz ehtiyatları ilə deyil, həm də yaşıl elektrik enerjisi istehsalı, onun beynəlxalq bazarlara ötürülməsi və regional enerji sistemlərinə inteqrasiya imkanları ilə müəyyən edilir.
Azərbaycan da qlobal enerji transformasiyasında yeni mövqe qazanmaq istiqamətində mühüm addımlar atır. Ölkəmiz ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olmaqla yanaşı, bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı və ixracı sahəsində də regional mərkəzə çevrilməyi hədəfləyir.
Bu baxımdan 2026-cı il noyabrın 10-da Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Tərəflər Konfransı – COP31 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” xüsusi əhəmiyyət daşıyır.
Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar.
Saziş dörd ölkə arasında yaşıl elektrik enerjisinin istehsalı, ötürülməsi və ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsinə, regional enerji bağlantılarının gücləndirilməsinə və enerji təchizatı marşrutlarının şaxələndirilməsinə yönəlib.
Yaşıl enerji dəhlizinin əsas mahiyyəti

“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” yaşıl enerji dəhlizi mahiyyət etibarilə Azərbaycan və regionun digər ölkələrində bərpaolunan mənbələr hesabına istehsal edilən elektrik enerjisinin vahid regional ötürmə infrastrukturu vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur. Layihənin əsas ideyası elektrik enerjisinin sərhədlərarası ticarətini genişləndirmək, enerji sistemlərini qarşılıqlı əlaqələndirmək və ölkələr arasında uzunmüddətli enerji əməkdaşlığı mexanizmi formalaşdırmaqdır.
Dəhliz çərçivəsində Azərbaycan potensial elektrik enerjisi istehsalçısı və ixracatçısı, Gürcüstan mühüm tranzit və enerji bağlantısı ölkəsi, Türkiyə həm böyük istehlak bazarı, həm də Avropaya enerji ötürülməsi üçün strateji qovşaq, Bolqarıstan isə Avropa İttifaqının elektrik enerjisi bazarına çıxış istiqamətlərindən biri kimi çıxış edə bilər.
Lakin yaşıl enerji dəhlizi yalnız dörd ölkənin ərazisindən keçən elektrik xətlərinin çəkilməsi demək deyil. Layihə daha geniş iqtisadi və texnoloji əməkdaşlıq modelini əhatə edir.
Buraya mövcud elektrik ötürücü şəbəkələrin modernləşdirilməsi, yeni yüksək gərginlikli xətlərin yaradılması, enerji sistemlərinin texniki uyğunlaşdırılması, elektrik enerjisinin sərhədlərarası ticarət qaydalarının müəyyənləşdirilməsi, istehsal və istehlakın proqnozlaşdırılması, eləcə də rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi daxildir.
Sazişdə fiber-optik rabitənin təkmilləşdirilməsinə xüsusi yer ayrılması da təsadüfi deyil. Müasir elektrik enerjisi sistemində rəqəmsal informasiya mübadiləsi, şəbəkələrin real vaxt rejimində monitorinqi və enerji axınlarının koordinasiyası təhlükəsiz və fasiləsiz təchizatın mühüm şərtlərindəndir.
Beləliklə, söhbət təkcə elektrik enerjisinin fiziki ötürülməsindən deyil, həm də vahid texnoloji, kommersiya və institusional əsaslara söykənən regional enerji bazarının formalaşdırılmasından gedir.

Azərbaycanın yaşıl enerji potensialı yeni imkanlar yaradır

Layihənin iqtisadi perspektivlərini müəyyən edən başlıca amillərdən biri Azərbaycanın zəngin bərpaolunan enerji resurslarıdır.
Rəsmi qiymətləndirmələrə görə, ölkəmizdə bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 giqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 giqavat təşkil edir. Quruda iqtisadi baxımdan istifadə oluna bilən potensial təxminən 27 giqavat qiymətləndirilir.
Bu göstəricilər Azərbaycanın yalnız daxili tələbatı ödəmək deyil, uzunmüddətli perspektivdə böyük həcmdə yaşıl elektrik enerjisi ixrac etmək imkanlarına malik olduğunu göstərir. Bununla belə, mövcud texniki potensialın hamısının qısa müddətdə iqtisadi cəhətdən səmərəli istehsal gücünə çevrilməsi mümkün deyil. Bunun üçün investisiyalar, şəbəkə infrastrukturu və sabit satış bazarları tələb olunur.
Son illərdə ölkədə günəş, külək və su elektrik stansiyalarının tikintisi istiqamətində görülən işlər bu potensialın mərhələli şəkildə reallaşdırılmasına xidmət edir. Qaradağ Günəş Elektrik Stansiyası, Xızı-Abşeron külək enerjisi layihəsi, Qobustan və digər ərazilərdə həyata keçirilən layihələr bərpaolunan enerji sektorunun istehsal bazasını genişləndirir.
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialından istifadə, Naxçıvanda günəş enerjisi layihələrinin inkişafı Azərbaycanın regional elektrik enerjisi ixracı imkanlarını artıran mühüm istiqamətlərdir.
Yaşıl enerji dəhlizinin yaradılması bu istehsal potensialını beynəlxalq bazarlarla əlaqələndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki elektrik enerjisinin istehsalının artırılması yalnız onun istehlakçılara etibarlı şəkildə çatdırılması və rəqabətqabiliyyətli qiymətlərlə satılması şəraitində davamlı iqtisadi nəticələr verə bilər.

Enerji ixracında yeni mərhələ: neft və qazdan elektrik enerjisinə

Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqeyi uzun illər ərzində neft və təbii qaz ixracı əsasında formalaşıb. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və TANAP kimi layihələr ölkəmizin enerji resurslarını xarici bazarlara çıxarmaqla yanaşı, regional iqtisadi əməkdaşlığı və enerji təhlükəsizliyini gücləndirib.
İndi isə Azərbaycanın enerji siyasətində yeni istiqamət – yaşıl elektrik enerjisinin ixracı ön plana çıxır.
Ənənəvi enerji ixracı ilə müqayisədə elektrik enerjisinin ticarəti fərqli texnoloji və iqtisadi mexanizmlər tələb edir. Elektrik enerjisi şəbəkələrin qarşılıqlı uyğunlaşdırılması, ötürücü güclərin kifayət qədər olması, enerji balansının qorunması və istehsalla istehlak arasında operativ əlaqənin təmin edilməsi şərtilə ixrac oluna bilər.
Bu səbəbdən yaşıl enerji dəhlizlərinin yaradılması uzunmüddətli infrastruktur investisiyaları tələb edən strateji istiqamətdir. Azərbaycan üçün burada iki mühüm iqtisadi nəticə gözlənilir.
Birincisi, bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ixracı qeyri-neft ixracının genişləndirilməsi və xarici valyuta gəlirlərinin yeni mənbələrinin formalaşdırılması üçün imkan yarada bilər.
İkincisi, daxili elektrik enerjisi istehsalında günəş və külək enerjisindən istifadənin artırılması elektrik stansiyalarında təbii qaz sərfiyyatının azalmasına şərait yaradar. Qənaət olunan qazın müəyyən hissəsinin ixraca yönəldilməsi əlavə iqtisadi fayda verə bilər.
Beləliklə, yaşıl enerji strategiyası ənənəvi enerji sektorunu dərhal əvəz etməkdən daha çox, ölkənin enerji balansını şaxələndirmək və mövcud resurslardan istifadənin iqtisadi səmərəliliyini yüksəltmək məqsədi daşıyır.

Türkiyə və Bolqarıstan: Avropa bazarlarına çıxış imkanları

Dəhlizin mühüm üstünlüklərindən biri Türkiyə və Bolqarıstanın layihədə iştirakıdır. Türkiyə böyük elektrik enerjisi istehlak bazarına, inkişaf etmiş enerji infrastrukturuna və Avropa ölkələri ilə elektrik bağlantılarına malikdir. Bu ölkənin dəhlizə qoşulması Azərbaycan üçün həm yeni satış bazarına çıxış, həm də Avropa istiqamətində əlavə enerji ötürmə imkanları yarada bilər.
Bolqarıstanın iştirakı isə layihənin Avropa İttifaqının enerji bazarı ilə əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Avropada enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, təchizat mənbələrinin şaxələndirilməsi və karbon emissiyalarının azaldılması siyasəti bərpaolunan elektrik enerjisinə marağı artırır. Bu isə Azərbaycan və digər tərəfdaş ölkələr üçün yeni kommersiya imkanları yarada bilər.
Bununla belə, Avropa bazarlarına çıxış avtomatik olaraq yüksək gəlir demək deyil. Layihənin iqtisadi səmərəliliyi elektrik enerjisinin istehsal maya dəyərindən, ötürmə itkilərindən, tranzit tariflərindən, bazar qiymətlərindən və investisiya xərclərindən asılı olacaq. Ona görə də dəhlizin perspektivlərini yalnız siyasi razılaşmalar deyil, həm də iqtisadi əsaslandırmalar və rəqabətqabiliyyətli tarif mexanizmləri müəyyən edəcək.
Mahir Həmzəoğlu