
“12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiva edir. Konstitusiya hər bir müstəqil dövlətin hüquqi təməli, siyasi və ictimai həyatının əsas istiqamətlərini müəyyən edən ali hüquqi sənədidir. Dövlətin idarəçilik sistemi, hakimiyyət orqanlarının səlahiyyətləri, vətəndaşların hüquq və vəzifələri, cəmiyyətlə dövlət arasındakı münasibətlər məhz Konstitusiya ilə tənzimlənir. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoyub. Bu mühüm hadisə Azərbaycan xalqının öz dövlətinin gələcəyini müəyyən etmək, milli maraqlarını qorumaq və hüquqi dövlət quruculuğunu təmin etmək istiqamətində atdığı tarixi addım kimi xüsusi əhəmiyyət daşıyır”.
Bunu “Xalq Cəbhəsi”nə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat söyləyib ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri müstəqil dövlətin hüquqi bazasının yaradılması, dövlət idarəçiliyinin yeni prinsiplər əsasında qurulması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi idi: “...Xüsusilə vurğulanmalıdır ki, Konstitusiya insan hüquqlarını yalnız bəyan etmir, həm də onların müdafiəsi üçün hüquqi mexanizmlər müəyyənləşdirir. Məhkəmələrə müraciət etmək, hüquqi müdafiədən istifadə etmək və qanunla nəzərdə tutulmuş digər vasitələrdən yararlanmaq bu mexanizmlərin mühüm tərkib hissəsidir. Konstitusiyanın 60-cı maddəsində hüquq və azadlıqların inzibati və məhkəmə təminatı təsbit olunub. Bu norma hər bir şəxsin hüquqlarının müdafiəsi baxımından mühüm hüquqi təminatdır”.
P.Vəliyeva vurğulayıb ki, Azərbaycan Konstitusiyasında dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması fundamental konstitusion məqsədlər kimi təsbit edilib: “Ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması dövlətin əsas vəzifələrindən biri olmaqla, milli təhlükəsizliyin, sabitliyin və gələcək inkişafın hüquqi təminatını təşkil edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş suverenliyin tam bərpası tədbirlərindən sonra ölkənin bütün ərazilərində dövlət suverenliyinin bərpa olunması müasir Azərbaycan tarixinin mühüm hadisələridir. Bu yeni reallıqlar şəraitində Konstitusiyanın dövlət suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, qanunun aliliyinin bütün ölkə ərazisində tətbiqi və dövlət institutlarının fəaliyyətinin təşkili baxımından əhəmiyyəti daha da aktuallaşıb. Azərbaycanda noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin 1996-cı il noyabrın 1-də imzaladığı Fərmanla müəyyən edilib. Hər il qeyd olunan bu tarix müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, xalqın dövlətçilik iradəsini və Konstitusiyanın cəmiyyətin həyatındakı əhəmiyyətini bir daha xatırladır”.
Röya İsrafilova