Antalyada iqlim sammiti: COP31-dən gözləntilər Siyasət

Antalyada iqlim sammiti: COP31-dən gözləntilər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) 9-20 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilir.
Sessiya dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, nazirləri, alimləri, ekoloqları, beynəlxalq təşkilatların nümayəndələrini və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirib.
“Xalq Cəbhəsi” sözügedən tədbirin əhəmiyyəti haqqında ekoloqların fikirlərini öyrənib.

Konfransın başlıca məqsədi...
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin sözlərinə görə, konfransın başlıca məqsədi qlobal istiləşmənin qarşısını almaq və iqlim dəyişmələrinin mənfi təsirlərini minimuma endirmək üçün dövlətlərin birgə fəaliyyətini gücləndirməkdir: “Paris Sazişində nəzərdə tutulan qlobal temperatur artımının sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5°C səviyyəsində məhdudlaşdırılması hədəfinə nail olmaq əsas prioritetlərdəndir. İştirakçı ölkələrin istixana qazı emissiyalarını azaltmaq və karbon neytrallığına keçidi sürətləndirmək istiqamətində öhdəliklərinin icrası müzakirə olunur. İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə uyğunlaşmaq, ekoloji layihələr həyata keçirmək və yaşıl texnologiyalara keçmək üçün maliyyə və texniki dəstəyin artırılması hədəflənir. Həmçinin su ehtiyatlarının qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meşələrin bərpası və biomüxtəlifliyin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Beynəlxalq iqlim sammitin əsas məqsədlərindən biri də qəbul edilmiş beynəlxalq iqlim öhdəliklərinin real layihələrə, ölçülə bilən nəticələrə və konkret fəaliyyət proqramlarına çevrilməsidir”.
Birgə mübarizə
COP31-in qlobal ekoloji problemlərin həlli istiqamətində dünyanın aparıcı dövlətlərini vahid müzakirə platformasında birləşdirən mühüm beynəlxalq tədbir olduğunu vurğulayan E.Cəfərli hesab edir ki, konfrans iqlim dəyişmələrinin yaratdığı quraqlıq, su qıtlığı, meşə yanğınları, daşqınlar və biomüxtəlifliyin azalması kimi təhlükələrə qarşı birgə mübarizəni gücləndirə bilər: “İqlim maliyyəsinin artırılması xüsusilə inkişaf etməkdə olan və iqlim risklərinə daha həssas ölkələrin ekoloji problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır. Yaşıl enerji texnologiyalarının inkişafı, günəş və külək elektrik stansiyalarının genişləndirilməsi, enerji səmərəliliyinin artırılması üçün yeni investisiya imkanları yarana bilər. Sammit şəhərlərin ekoloji dayanıqlılığının artırılması, tullantıların azaldılması və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinin beynəlxalq səviyyədə aktuallaşmasına xidmət edir. COP31-in mühüm əhəmiyyəti ondan ibarətdir ki, iqlim təhlükəsizliyi yalnız ekoloji məsələ kimi deyil, həm də iqtisadi, sosial, enerji və milli təhlükəsizlik məsələsi kimi nəzərdən keçirilir”.
Azərbaycanın COP29 təcrübəsindən istifadə
“Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın COP29 təcrübəsindən geniş istifadə edib. Azərbaycanın 2024-cü ildə Bakıda ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim diplomatiyasında mühüm mərhələ olub və COP31-in gündəliyində də bu konfransın maliyyə təşəbbüslərinin davamı xüsusi yer tutur. COP29-da əldə olunan razılaşmaya əsasən, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan dövlətlər üçün 2035-ci ilədək illik iqlim maliyyəsini ən azı 300 milyard dollara çatdırmaq öhdəliyi götürüblər. Bakıda irəli sürülən və sonradan BMT çərçivəsində davam etdirilən Bakıdan Belémədək 1,3 trilyon dollarlıq Yol Xəritəsi təşəbbüsü qlobal iqlim maliyyəsinin artırılmasına istiqamətlənib. COP29-un yaratdığı siyasi və diplomatik zəmin əsasında iqlim maliyyəsi, karbon bazarları, yaşıl enerji keçidi və inkişaf etməkdə olan ölkələrə dəstək məsələləri beynəlxalq gündəlikdə aktuallığını qoruyur. COP31-in Antalya gündəliyində Bakı–Belém maliyyə Yol Xəritəsinin davam etdirilməsi Azərbaycanın COP29 dövründə irəli sürdüyü təşəbbüslərin beynəlxalq iqlim prosesinə təsirinin mühüm göstəricisidir” – deyə QHT sədri vurğulayıb.
COP31-in beynəlxalq əhəmiyyəti
COP31-in beynəlxalq əhəmiyyəti haqqında danışan E.Cəfərli qeyd edib ki, COP31-in nəticələri ölkələrin gələcək iqlim siyasətinə, enerji strategiyalarına və ekoloji inkişaf proqramlarına təsir göstərə bilər: “Konfransda əldə ediləcək razılaşmalar beynəlxalq iqlim maliyyəsinin səfərbər olunmasına və ekoloji layihələrə investisiyaların artırılmasına təkan verə bilər. İqlim dəyişmələrinin təsirlərinə daha çox məruz qalan Afrika, Asiya, Sakit okean adaları və digər regionların problemlərinin beynəlxalq səviyyədə həllinə diqqət artırıla bilər. Türkiyənin ev sahibliyi etdiyi sammit Avropa, Asiya və Yaxın Şərq ölkələri arasında ekoloji əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yarada bilər. COP31-in əsas beynəlxalq nəticəsi dövlətlərin siyasi bəyanatlardan konkret öhdəliklərə, maliyyə mexanizmlərinə və birgə ekoloji layihələrin icrasına keçidini sürətləndirmək ola bilər”.
35-35 təşəbbüsü
Ekoloq Rövşən Abbasov söyləyib ki, bu tədbirdə iqlim dəyişmələrinə aid olan bütün məsələlər müzakirə olunur və ən yadda qalan təşəbbüslərdən biri 35-35 təşəbbüsüdür: “Yəni 2035-ci ilə qədər yenilənə bilən elektrik mənbələrindən gedən elektrikləşmənin 35 faizə qədər çatdırılması nəzərdə tutulur. Bu, çox böyük mitiqasiya tədbiridir və gələcəkdə ənənəvi yanacaq növlərindən, yəni neft, qaz, kömür, mazut kimi yanacaq mənbələrindən istifadənin əhəmiyyətli dərəcədə azaldılmasına və atmosferdə iqlim dəyişmələrinə səbəb olan emissiya qazlarının kəskin sürətdə azalmasına səbəb ola biləcək bir addımdır. Sonra “Loss and Damage” (itki və zərər) İtki və Zərər Fondunun maliyyələşməsi məsələləri müzakirə edilir. Bu da çox mühümdür və inkişaf etməkdə olan ölkələr, yəni üçüncü dünya ölkələri iqlim dəyişmələri nəticəsində onlara dəyən ziyanın azaldılmasına istiqamətlənmiş tədbirlərin məhz bu fond vasitəsilə həyata keçirilməsini istəyirdilər”.
Azərbaycan üçün vacib məsələlər
R.Abbasovun fikirlərinə görə, Azərbaycan üçün vacib olan məsələlərdən biri Xəzər dənizinin səviyyəsinin azalması və transsərhəd çaylarından istifadənin yaxşılaşdırılmasıdır: “Bu məsələlər də müzakirə olunacaq və Azərbaycan pavilyonunda buna istiqamətlənmiş məxsusi sessiyalar təşkil ediləcək. Ümumiyyətlə, COP 31 tədbirində həm mitiqasiya, həm də uyğunlaşma, yəni adaptasiya tədbirlərinin həyata keçirilməsi üçün ən müxtəlif fəaliyyəti əhatə edən müxtəlif tədbirlər keçirilir və qarşı günlərdə biz hansı razılaşmaların əldə olunacağını şahidi olacağıq. Çox təəssüf ki, Amerika Birləşmiş Ştatları bu tədbirdə, ümumiyyətlə, COP 31-də bir dövlət olaraq iştirak etmir. Bu, əlbəttə ki, çox pisdir. Çünki ABŞ atmosferə atılan emissiya qazlarının töhfəsində çox böyük rol oynayır”.

Röya İsrafilova