QHT rəhbərləri Gəncədə bir araya gəldilər Hadisə

QHT  rəhbərləri Gəncədə bir araya gəldilər

29-30 oktyabr 2015 - ci il tarixlərində Gəncə şəhərində ölkənin 53 rayonunu təmsil edən QHT sədrlərinin, QHT-lərin regional koordinasiya mərkəzlərinin rəhbərlərinin iştirakı ilə "QHT-lərə dövlət dəstəyi: Qarşıda duran vəzifələr və yeni yanaşmalar" mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Şərq-Qərb İdarəetmə İnstitutunun Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi ilə birgə təşkil etdiyi toplantıda regional vətəndaş cəmiyyəti şəbəkəsi, bölgələrdəki QHT-lərin resurs və təlim mərkəzlərinin "Baş Plan"ın hazırlanması, onların inkişafı üçün qarşıda duran vəzifələr, yeni yanaşmalar və gələcək əməkdaşlıq perspektivləri, QHT qanunvericiliyinə edilən dəyişikliklər və onların tətbiqi məsələləri, QHT-lərin Resurs və Təlim Mərkəzləri ilə regional QHT şəbəkəsinin gələcək fəaliyyəti və strateji planlaşdırma mövzularında məruzələr dinlənilib.
Konfransda çıxış edən Şura üzvləri Rəna Mirzəzadə, Vüqar Qədirov, MQF prezidenti Rauf Zeyni, "Sosial Tərəqi" İctimai Birliyinin sədri Qalib Nəbiyev, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsinin ölkə üzrə direktor müavini Vaqif Həsənov və Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Həsən Məmmədov ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına istiqamətində aparılan dövlət siyasəti, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti, yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat veriblər.