Gəncə və Mingəçevirdə müharibə əlillərinə mənzil verilib Hadisə

Gəncə və Mingəçevirdə müharibə əlillərinə mənzil verilib

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş daha 9 mənzili müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib. Onlardan 6 ədədi Gəncə şəhərində, 3 ədədi isə Mingəçevir şəhərində qeyd olunan şəxslərə təqdim olunub. Ailə üzvlərinin sayına görə hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.
Mənzillərin istifadəyə verilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov müharibə əlilləri və şəhid ailələrinin rifah halının yüksəldilməsinin, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunda mühüm yer tutduğunu diqqətə çatdırıb. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının bu sahədə mühüm irəliləyişə şərait yaratdığını vurğulayan nazir müavini Sərəncamın icrası işlərinin nazirlik tərəfindən uğurla yerinə yetirildiyini bildirib: "Respublikanın bölgələrində inşa etdirilmiş 375 fərdi yaşayış evlərindən inşası başa çatmış 41 ev və respublikanın şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil, yəni 100-ə yaxın mənzil artıq son iki həftədə istifadəyə verilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün bölgələrdə fərdi evlərin tikintisi, hazır yaşayış binalarından yeni mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi, Bakı şəhərində və ayrı-ayrı rayonlarda çoxmənzilli yaşayış binalarının inşası işləri uğurla davam etdirilir".