Dil nöqsanları ilə bağlı xüsusi komissiya fəaliyyət göstərəcək Hadisə

Dil nöqsanları ilə bağlı xüsusi komissiya fəaliyyət göstərəcək

""Qaynar xətt"in fəaliyyəti ilə bağlı Nazirlər Kabineti, Bakı Şəhəri İcra Hakimiyyəti və Dilçilik İnstitutunun nümayəndələrinin daxil olduğu xüsusi komissiya yaradılıb". Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.
O bildirib ki, komissiyanın tərkibi təsdiq olunub: "Bu komissiyanın davamlı toplantıları olacaq. Komissiyada "Qaynar xətt"-dən daxil olan şikayətlər araşdırılacaq, səhvlərin aradan qaldırılması ilə bağlı yollar araşdırılacaq.
Biz "Qaynar xətt"in fəaliyyətini 2 mərhələdə təşkil etməyi düşünürük. Birinci mərhələdə əsas məqsəd Dövlət Proqramında nəzərdə tutulduğu kimi əhalini, ictimaiyyəti dil nöqsanlarının aradan qaldırılmasına cəlb etməkdir. İnsanlar küçədə, televiziyada, reklamlarda, afişalarda gördükləri dil xətaları ilə bağlı "Qaynar xətt"ə məlumat verə biləcəklər. İkinci mərhələdə isə biz daha çox vətəndaşlardan və jurnalistlərdən daxil olan sorğuları cavablandıracağıq. Bunun üçün ilk növbədə sorğu bazası yaradılmalı, elektron resurs toplanmalıdır. Eyni zamanda, sualları doğru-dürüst cavablandırmaq üçün mütəxəssis qrupu formalaşdırılmalıdır. Bu ikinci mərhələdə olacaq. Həmin resurslar formalaşandan sonra, təxminən 1 ilə "Qaynar xətt"in ikinci qolu da fəaliyyət göstərəcək".
Qulu Məhərrəmli qeyd edib ki, Dilçilik İnstitutunun "Qaynar xətt"i 24 saat, fasiləsiz fəaliyyət göstərəcək: "Vətəndaşların sualları, dillə bağlı iradları 24 saat ərzində yazılıb qeyd olunacaq. Sonra dil nöqsanlarının aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək, daha sonra vətəndaşlar bununla bağlı məlumatlandırılacaq. Düşünürəm ki, "Qaynar xətt" Azərbaycan dilindəki qüsurların aradan qaldırılmasına öz töhfəsini verəcək".
Qeyd edək ki, prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması nəzərdə tutulub.