“Bu standartın hazırlanması dövlətin tələbidir” Hadisə

“Bu standartın hazırlanması dövlətin tələbidir”

Ramiz Həsənov: "Qafqaz Müsəlmanlar İdarəsi ancaq kəsim prosesinə nəzarət etməlidir"

Qafqaz Müsəlmanları İdarəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartının qəbulu, aprelin 1-dən dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində "halal" sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə münasibəti və QMİ-nin bundan sonra halal məhsulların istehsalına zəmanət verib-verməyəcəyinə münasibət bildirib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ uzun müddətdir ictimai maraq kəsb edən, sosial sifariş xarakteri daşıyan qida məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini açıqlamağı zəruri sayıb.
QMİ bəyan edib ki, hüquqi, dünyəvi dövlətdə yaşayırıq və bütün məsələlərdə olduğu kimi istehsal standartları ilə bağlı məsələdə də dövlət tərəfindən müəyyən edilmiş normativlərin mövcudluğunu qəbul edir: "Biz onun da fərqindəyik ki, istehsal prosesinin bu və ya digər texnoloji şərtlərə müvafiq qurulması, keyfiyyətə nəzarət, sanitar-gigiyenik şərtlərə əməl olunması, baytarlıq nəzarəti - bir sözlə, ərzaq tə-lükəsizliyi ilə bağlı məsələlərə nəzarət birbaşa müvafiq dövlət strukturlarının səlahiyyətindədir. Dövlət qurumlarının hər hansı funksiyasına müdaxilə etmək məramından uzaq olduğumuzdan, halal məsələsi ilə bağlı vacib şəri məqamları Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmaq istəyirik. Halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu meyarlara əsasən müsəlmanlar halalla haram arasında fərqi müəyyən ediblər. Dünyəvi dövlətlərdə bu məsələlərin dini mərkəz və qurumlar tərəfindən müəyyən edilməsi qəbul edilmiş reallıqdır. Digər səmavi dinlərin də qida məhsulları ilə bağlı müəyyən tələbləri mövcuddur ki, bunlar da məhz müvafiq dini mərkəzlər tərəfindən təsbit olunur".
QMİ nəzərə çatdırır ki, məsələn, yəhudilər üçün halal sayılan koşer məhsullarının dini tələbatlara uyğunluğunu məhz yəhudi sinaqoqları təsdiqləyir. Oxşar qaydada Rus Pravoslav kilsəsi müqəddəs sayılan suyun müqəddəsliyinə zəmanət verir. Bu hallarda dövlət bu məsələlərə qətiyyən müdaxilə etmir və buna təbii yanaşılır. Hətta xristianların üstünlük təşkil etdiyi ölkələrdə belə müsəlmanların hüquqlarının təmini kontekstində bu məsələ yalnız müsəlman dini qurumlar tərəfindən həyata keçirilir. Ümumən, dünyanın bir çox ölkələrində halal qida sənayesi mövcuddur ki, onun fəaliyyəti heç də təkcə ət məhsulları ilə məhdudlaşmır, bütövlükdə ərzaq və digər istehlak mallarının istehsal və emalı zamanı müsəlmanlar üçün qeyri-məqbul komponent və üsullardan istifadə olunmadığına dair zəmanəti təmin edir. Bu, müxtəlif ölkələrdə əhalinin müsəlman kəsiminin insan hüquqları kontekstində təsbit olunmuş dini etiqad azadlıqlarının təmininə xidmət edir: "Dünyanın bir çox ölkələrində bu məsələ öz həllini dini mərkəzlərin tövsiyə və təklifləri əsasında dövlət səviyyəsində tapıb. Bir çox müsəlman ölkələrində bu növ məhsullar istehsal və istehlak olunur və bu, heç kəsdə nəinki şübhə yaratmır, hətta məntiqlə təqdir olunur...".
QMİ hesab edir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin halal adı ilə məhsul istehsal edərək insanları aldadan, dindarlar üçün həssaslıq kəsb edən məsələdən sui-istifadə edən işbazların fəaliyyətinin qarşısını almaq yönündə fəaliyyəti olduqca əhəmiyyətli və vacibdir: "Lakin sırf şəri məqam olan halallığın dini mərkəzlə razılaşdırılmamış şəkildə təmin edilməsinin istehsal edilən məhsulların həqiqi halallığını şübhə altına almasını və müsəlmanların haqlı narazılıqlarına gətirib çıxarmasını məqbul saymırıq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırda tətbiqinə başlanılan Halal standartının da dünyəvi beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlandığını nəzərə alan müsəlmanlarımız bununla bağlı QMİ-yə çoxsaylı müraciətlər edir, narahatlıqlarını çatdırır, dini mərkəz olaraq bu məsələyə aydınlıq gətirməyimizi tələb edirlər. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" qanununun 1-ci maddəsinə görə əcnəbilər tərəfindən dini təbliğat aparılması qadağandır, xarici dövlətlərdə hazırlanmış bu və ya digər standartların, qayda-qanunların Azərbaycanda tətbiqi müstəqil dövlətimizin mənəvi məkanına müdaxilə kimi nəzərdən keçirilməlidir".
QMİ Konstitusiyamızın 18-ci maddəsində təsbit olunmuş "Din dövlətdən ayrıdır" müddəasını rəhbər tutaraq, dövlətə dair məsələlərə müdaxilə etmədən, şəri məsələlərə dövlətin aidiyyətinin olmadığını nəzərə alaraq, bir daha bəyan edir ki, istehlak məhsullarına halallıq zəmanəti verilməsi prosesində dini mərkəzin iştirakı, rəyi vacib və labüddür: "Bu işdə müvafiq dövlət qurumu ilə dini mərkəzin müştərək fəaliyyəti, nəticə etibarilə, müsəlman istehlakçıların tələbatının yüksək səviyyədə və etibarlı təminatı işinə xidmət edəcək. Gələcəkdə belə məhsulların "Dini etiqad azadlığı haqqında" qanunun 22-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməsi də məqbul olardı. Nəzərə çatdırırıq ki, bununla bağlı rəy və təkliflərimizi 08.02.2011-ci il tarixli 1/58 saylı məktubumuzda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi şəkildə çatdırmışıq".
Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də QMİ-nin bəyanatına münasibət bildirib. Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, Konstitusiyada da dinin dövlətdən ayrı olduğu qeyd edilib və mərkəzi icra orqanı olaraq Dövlət Komitəsinin dinin ortaya qoyduğu tələblərlə bağlı hansısa bir rəy və fikri yoxdur.
İndiyə qədər Dövlət Komitəsinin "Halal qida. Ümumi tələblər" dövlət standartını qəbul etməməsinin səbəbini açıqlayan Fazil Talıblı bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində standartlaşdırma və sertifikatlaşdırma üzə Şura fəaliyyət göstərir: "Halal standart məsələsi, problemi həm İslam, həm də qeyri-islam ölkələrində var idi. İslam Əməkdaşlıq Təşkilatı bu problemi aradan qaldırmaq üçün ekspertləri cəmlədi, bu standart texniki-normativ sənəd şəklinə gəlməli idi. Söhbət halal ifadəsindən gedirsə, burada dinin tələbləri əksini tapmalıdır...".
Bunu isə APA TV-nin "Sosium" verilişinin qonağı olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayev isə "hazırda təkcə Azərbaycanda yox, bütün islam dövlətlərində halal standartının müəyyənləşməsinə ehtiyac yaranıb. Bazarda halal kolbasa məhsulları həqiqətən də var, lakin bu markadan istifadə edərək heç də halal məhsul istehsal etməyənlər də var. Halal standartları İslam Konfransı Təşkilatı tərəfindən hazırlanıb təsdiqlənib. Hər hansı müəssisə halal sertifikatı almaq istəyirsə, beynəlxalq İSO 22000 standartına mütləq əməl etməlidir. Artıq bu ilin fevralından Azərbaycanda halal standartları yeni qaydalara əsasən müəyyənləşib. Əgər adı halal olan hər hansı bir müəssisə həmin standartlara əməl etməzsə, yəqin ki, əhalidə çaşqınlıq yaratmamaq üçün onun adı da dəyişdiriləcək. Hazırda respublikada 15-ə yaxın orta və iri istehsal müəssisəsi var",- deyə bildirib. Onun sözlərinə görə, kolbasa məhsullarının tərkibində donuz mənşəli əlavələrin olması şərt deyil: "Donuz əti və yağı qatılmadan da kolbasa məmulatları hazırlanır. Ölkəyə idxal olunan hər hansı qida xammalı ilk növbədə təhlükəsiz olmalıdır. Kolbasa istehsalında əsas xammal olan Hindistandan idxal edilmiş camış və inək ətinin keyfiyyətini yoxlamaq üçün mütəxəssislərimiz yerində yoxlamalar keçiriblər. Əminliklə deyə bilərik ki, Hindistandan idxal olunan ət məhsulları həqiqətən də halal standartına uyğundur. Qiymətin ucuzluğuna gəlincə, qeyd edək ki, ətin topdansatış qiyməti 5-6 manatdır. İdxal olunan ətin qiyməti isə bir qədər ucuz, təxminən 3-4 manatdır. Bundan başqa, kolbasanın tərkibinə əlavə maddələr, yağlar, nişasta da əlavə olunur ki, bu da onun çəkisinə təsir edir".
Dünən Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) "Halal" standartı ilə bağlı bəyanatına cavab verərkən deyib ki, Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) ancaq kəsim prosesinə nəzarət etməlidir. Onun sözlərinə görə, bu standartın hazırlanması dövlətin tələbidir: "Standartları dövlət tənzimləyir. Müsəlman aləmində olan halallıq məsələləri QMİ-nin daxili işləridir. Biz dövlət olaraq müəyyən olunan standartların tələblərinə uyğun sertifikatlarımızı veririk". Ramiz Həsənov deyib ki, bu məsələyə son qoymaq lazımdır: "Bizim müəyyən təşkilatlarımız sertifikatlaşdırma prosesini keçirir və "Halal" standartına uyğun sertifikat verir. Qafqaz Müsəlmanları İdarəsi isə kəsim prosesinə nəzarət edir".
Komitə sədri bildirib ki, standartların tələblərində də kəsim zamanı şəriətə uyğun olaraq surələr və dualar oxunmasının zəruriliyi qeyd olunub: "Şəriətə uyğun prosedurlar kolbasada və sosiskada istifadə olunan inqridientlərin kəsimi zamanı istifadə olunur. Təbii ki, halal kəsilmə məsələsi bizim işimiz deyil. Bizim vəzifəmiz yoxlamaqdır".
Komitə sədri bildirib ki, idxal olunan ətin üzərində halal kəsilmə ilə bağlı sertifikat gəlir: "Ölkəyə Hindistan və Braziliyadan hazır ət gətirilir. Bizim mütəxəssislərimiz həmin ölkələrdə kəsim prosesini izləyiblər. Bildiriblər ki, kəsim prosesi şəriətə uyğun şəkildə aparılır".

Əli