Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50

Ermənistan Rusiya ilə mövcud ittifaq münasibətlərini sonlandırmağa, Avropa Birliyinə və ümumilikdə Qərbə doğru addımlamağa çalışır. Ermənistan artıq bunu gizlətmir. Həm Baş nazir Nikol Paşinyan, həm onun rəhbərlik etdiyi siyasi qüvvə, həm də ölkədəki yüksək vəzifəli şəxslər açıq şəkildə bildirirlər ki, Ermənistan Avropa Birliyinə üzvlüyə namizəd olmaq və Avropa iqtisadi məkanına inteqrasiya etmək istəyir.
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, hazırda İrəvandakı rəhbərlik erməni xalqının maraqlarından fərqli olaraq başqa məqsədləri rəhbər tutur.
"Rusiya ilə Ermənistan xalqlarının maraqları əsrlər boyu bir-biri ilə sıx bağlı olub və Moskva dəfələrlə çətin vəziyyətlərdə Ermənistana dəstək verib. Ermənistan rəhbərliyi hazırda Avropa Birliyinə (AB) istiqamət götürüb və AB-yə üzvlük prosesinə başlamaq barədə qanun qəbul edib. Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistan rəhbərliyinə referendum keçirərək seçim etməyi təklif edib: AB-yə qoşulmaq, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq. Bu, tamamilə əsaslı tələbdır, çünki hər iki təşkilatın qaydaları bir-biri ilə uyğun gəlmir. Paşinyanın “vaxtı gələndə qərar verəcəyəm” açıqlaması erməni seçicilərə etimadın yüksək olmadığını göstərir. Son üç ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi hər il 6 milyard dolları keçib, bir ildə isə 12 milyard dollara çatıb. Ölkə Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib”, - Lavrov bildirib.
Rusiya Baş nazirin müavini Aleksey Overçuk isə
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) konstruktiv işini davam etdirməsinə ümid edir.
"Biz, şübhəsiz ki, buna çalışırıq və Ermənistanı Avrasiya İqtisadi İttifaqının üzvü kimi görürük. Əlbəttə ki, Ermənistanın digər Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə konstruktiv işləməyə davam edəcəyinə çox ümid edirik", - Overçuk vurğulayıb.
Qeyd edək ki, rəsmi Moskva Ermənistan Aİİ üzvü olaraq qalarkən Avropaya inteqrasiyasını davam etdirməsinin mümkünsüzlüyü dəfələrlə bəyan edib. May ayının sonunda verilən birgə bəyanatda digər üzv dövlətlərin liderləri İrəvanı mümkün qədər tez bir zamanda Aİ və ya Aİİ-yə üzvlüyü ilə bağlı referendum keçirməyə çağırıblar. Lakin Ermənistan baş naziri Nikol Paşinyan bunu zəruri hesab etmədiyini açıqlayıb.
Rusiyanın müttəfiqi Belarus Prezidenti Aleksandr Lukaşenko da Ermənistanın Avropa İttifaqına daxil olacağından narahatdır. O, deyib ki, Ermənistan öz məhsullarının ixracı ilə bağlı Avropa İttifaqına daxil olmağın nəticələrini qiymətləndirməlidir.
Lukaşenkonun fikrincə, İrəvan Aİ-yə qoşulmazdan əvvəl erməni konyakını, tərəvəz və meyvələrini hansı bazarlarda sata biləcəyini anlamalıdır.
O qeyd edib ki, Ermənistan ölkənin iqtisadi maraqları və milli məhsulların satış imkanları nəzərə alınmaqla gələcək xarici siyasət kursu barədə qərar qəbul etməlidir.
“Əgər Avropa İttifaqına qoşulmaq qərarına gəlmisinizsə, niyə tələsirsiniz? Əgər Fransanın sizin konyakınızı alacağına əminsinizsə, onda yaxşı, davam edin. Niyə tələsirsiniz?”, - Belarus dövlət başçısı qeyd edib.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev isə deyib ki, Ermənistan yeni Ukraynaya çevrilə bilər.
“Ermənistanın hazırkı rəhbərliyi ölkənin inkişaf trayektoriyasını dəyişməyi düzgün hesab etdi. Əminəm ki, bu da heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən pis şey onun yeni bir Ukraynaya çevrilməsidir”, - Medvedyev bildirib.
Qeyd edək ki, Dmitri Medvedyev müəyyən dövlətlərin hazırda Cənubi Qafqazda vəziyyəti qarışdırmağa çalışdıqlarını vurğulayıb.
Xatırladaq ki, Ermənistan 2025-ci ildə qanunvericiliklə Avropa İttifaqına daxil olma prosesinin başlandığını elan edib, lakin ölkə Aİ-yə üzv olmaq üçün rəsmi ərizə təqdim etməyib. Eyni zamanda, respublika Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalır və fərqli gömrük və tənzimləmə qaydalarına görə eyni vaxtda həm Aİİ, həm də Aİ-yə tam üzvlük demək olar ki, mümkün deyil. Ermənistan parlamenti "Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanunu təsdiqləyib və Prezident Vaaqn Xaçaturyan bunu imzalayıb. Baş nazir Nikol Paşinyan qeyd edib ki, qanunun özü avtomatik olaraq üzvlük demək deyil, bunun üçün rəsmi ərizə, danışıqlar, Aİ ölkələrinin razılığı və Ermənistanda referendum tələb olunacaq.
Aİ-yə üzvlük Ermənistana nə verəcək, İrəvan Rusiyanın kəndirindən azad ola biləcək?
Qəzetimizə danışan oolitoloq Çingiz Şahbazi deyib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya etməsi, təkcə xarici siyasət istiqamətinin dəyişməsi faktı deyil. Bu proses Cənubi Qafqazda geosiyasi qüvvələr nisbətinə, Rusiya-Ermənistan münasibətlərinə, Azərbaycanın regional mövqeyinə və regionun gələcəkdə təhlükəsizlik arxitekturasına təsir edə bilən, məsələdir. Ermənistan hökuməti Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirərək öz siyasi və iqtisadi imkanlarını daha çox genişləndirmək istəyir. Amma bu məhz Ermənistan üçün heç də asan məsələ olaraq görünmür. Çünki Ermənistan üçün Rusiya ilə mövcud təhlükəsizlik və iqtisadi əlaqələri, birdən-birə Avropa İttifaqı ilə əvəz etmək asan deyil. İrəvan isə öz növbəsində Avropaya inteqrasiya kursunu sürətləndirmək istəyir və 2025-ci ilin mart ayında Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun qəbul edib. 2026-cı ilin avqust ayının 25-də isə baş nazir Nikol Paşinyan yaxın gələcəkdə üzvlük üçün rəsmi müraciət hazırlayacaqlarını bildirib: "Moskva bunun siyasi və iqtisadi nəticələri ilə bağlı dəfələrlə Ermənistana xəbərdarlıq edib. Bu ilin sentyabrın 1-də Vladimir Putin Ermənistanın Aİ-yə üzvlük məsələsini Avrasiya İqtisadi İttifaqından çıxışla əlaqələndirib. Buna səbəb bu ilin mayında Aİ-Ermənistan sammitinin keçirilməsi və iyul ayında 52 milyon avroluq dəstək və əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlardır. Sentyabrın 24-də isə Aİ Rusiyanın ticarət məhdudiyyətlərindən təsirlənən Ermənistan məhsullarının təxminən 80 faizi üzrə gömrük rüsumlarını müvəqqəti ləğv edən tədbirləri rəsmən qəbul edib. Əlbəttə ki, bütün bunlar Ermənistana siyasi müstəqillik və iqtisadi manevr imkanları qazandırır. Ermənistan xarici siyasət və təhlükəsizlik məsələlərində Rusiyanın caynağından çıxmağa çalışır və Qərblə əlaqələrini genişləndirir. Ermənistan həmçinin çalışır ki, proses az itki ilə davam etsin və bu səbəbdən də Moskva ilə münasibətləri tam kəsmədən prosesi davam etdirməyə cəhd edir".
Politoloq onu da, qeyd edib ki, Avropa ittifaqı ölkələrinin, ABŞ-nin ən müasir şirkətlərinin investisiyaları, rəqəmsal texnalogiyalar, sənaye standartları və ixrac imkanları Ermənistanda genişləndirilməsi ehtimalı yüksəkdir. Bunun üçün Ermənistanda hüquqi sabitlik, rəqabət mühiti və idarəetmə keyfiyyətinin daha da yaxşılaşdırılması lazımdır. Avropa ittifaqına Ermənistanın uğurlu inteqrasiyası, gələcəkdə Ermənistan üçün məhkəmə sisteminin təkmilləşdirilməsi, korupsiyaya qarşı mübarizə, kibertəhlükəsizlik və digər məsələlərdə Avropa dəstəyini artıra bilər. Bu hərbi sahədə də özünü göstərəcək və Ermənistan vətəndaşlarının vizasız səfərlər perspektivini açacaq. Avropanın tələbləri Ermənistan hökuməti tərəfindən yerinə yetirildi təqdirdə Ermənistan vətəndaşlarının Şengen zonasına səfərləri yaxın gələcəkdə gerçəkləşməsi labüddür: "Bunlar Ermənistan üçün real imkanları. Lakin nəticələr əlbəttə ki islahatların sürətindən və Aİ-nin maliyyə və siyasi dəstəyindən, Ermənistanın iqtisadi rəqabət qabiliyyətindən asılı məsələlərdir. Necə deyərlər, Ermənistanın qazanmaq şansı böyük olduğu qədər, onun itirmək ehtimalı da böyükdür. Rusiya Ermənistanın ümumi ticarətinin təxminən 30 faizini təşkil edirdi. İdxal məhdudiyyətlərini Moskva yenidən genişləndirməli olsa, xüsusilə də kənd təsərrüfatı məhsullarına, meyvə -tərəvəz və digər ixrac sahələrinə qoyulan qadağalar səbəbindən ciddi zərər görəcək. Bura həmçinin enerji və digər iqtisadi güzəştləri də əlavə etsək, vəziyyət Ermənistan üçün heç də yaxşı olmaya bilər. Təhlükəsizlik sisteminə bütün bunlar öz təsirini göstərəcək və ölkə bu boşluqları doldurmaq üçün kifayət qədər çətinliklərlə üz-üzə qala bilər. Azərbaycan üçün isə əsas məsələ bu rəqabətdə hansı tərəfin üstün gələcəyindən daha çox, yaranan şəraitin ölkəmizin təhlükəsizliyinə, tranzit imkanlarına və Ermənistanla sülh perspektivinə necə təsir edəcəyidir".
Cavid