"ABŞ və Avropa İttifaqı arasında ziddiyyətlər Ukrayna münaqişəsinin həllini çətinləşdirir” Siyasət

"ABŞ və Avropa İttifaqı arasında ziddiyyətlər Ukrayna münaqişəsinin həllini çətinləşdirir”

Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təşəbbüslər beynəlxalq münasibətlər sistemində yeni siyasi və strateji yanaşmaları gündəmə gətirir. ABŞ-ın Ukrayna məsələsinə dair siyasəti, Rusiya ilə münasibətlərdə mümkün yeni əməkdaşlıq istiqamətləri və Avropa İttifaqının regional təhlükəsizlik prioritetləri prosesin əsas müzakirə mövzularındandır. Xüsusilə enerji bazarlarında baş verən dəyişikliklərin dövlətlərin siyasi və iqtisadi maraqlarına təsiri məsələyə geosiyasi baxımdan yanaşmağı zəruri edir. Bu
Maraqlıdır, ABŞ-ın Ukrayna ilə bağlı mövqeyini və Rusiya ilə enerji sahəsində mümkün razılaşmalarını geosiyasi baxımdan necə qiymətləndirmək olar? Bu yanaşma müharibənin dayandırılması üçün real diplomatik imkanlar yarada bilərmi, yoxsa ABŞ ilə Avropa arasında mövqe fərqlərinin dərinləşməsinə, Ukraynanın danışıqlardakı mövqeyinə və regional təhlükəsizlik məsələlərinə təsir göstərə bilər?
Mövzu ilə bağlı Moderator.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlama verib.
Siyasi şərhçi bildirib ki, bir neçə gün öncə ABŞ dövlət katibi Marko Rubionun “Biz nəticə verməyən danışıqlarda iştirak etmək istəmirik”, – açıqlamasının daha çox Ukraynaya ünvanlandığını Moskva və Vaşinqton arasında dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşma təsdiqləyir: "Eyni zamanda, Trampın “Ukraynanın yeni prezident seçmək vaxtı çatıb”, – deməsi, həmçinin yanacağın qiymətinin artmasında Kiyevi günahlandırması ümumi mənzərəni təsəvvür etməyə imkan yaradır. Yəni vəziyyət çoxtərəfli xarakter aldığı üçün həddindən artıq mürəkkəbdir.
Maraqlı məqamlardan biri ABŞ-də yanacağın qiymətinin artması ilə bağlı hazırda Avropa İttifaqı, İran və Ukraynanın maraqlarının üst-üstə düşməsidir. Əvvəllər Tramp Ukraynanın Rusiyanın enerji infrastrukturunu hədəf almasından narazılığını dolayısı ilə ifadə edirdisə, indi bunu açıq şəkildə bildirir.
Həm də Avropa İttifaqı bütün gücü ilə çalışır ki, Rusiyanın enerji infrastrukturuna daha ciddi zərbə vurulsun. Burada hədəf Rusiyanın cəbhə təminatının zəiflədilməsi ilə yanaşı, eyni zamanda ABŞ-də aralıq seçkilərində demokratların mövqelərinin möhkəmlənməsidir. Bu da Avropa İttifaqı ilə yanaşı, İranın da maraqlarına cavab verir.
Avropa İttifaqı ilə Ukraynanın koordinasiya etdiyi bu plan Trampı ciddi şəkildə narazı salır. Ona görə də istər Tramp, istərsə də Rubionun açıqlamaları məhz Ukraynaya təzyiq xarakteri daşıyır".
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, ABŞ ilə Avropa İttifaqı arasında getdikcə dərinləşən geosiyasi ziddiyyət Ukrayna məsələsinin nizamlanmasında ciddi problemlər yaradır: "Digər tərəfdən, ABŞ-nin yeni təklifləri də Rusiya tərəfindən birmənalı olaraq qəbul edilmir. Xüsusilə Ukraynanın təhlükəsizlik təminatları ilə bağlı məsələ. Ona görə də Avropa İttifaqı çalışacaq ki, qlobal neft qiymətləri aralıq seçkilərinə qədər daha yüksək olsun.
Bu baxımdan Yaxın Şərqdəki durum da Avropa İttifaqının maraqlarına tam cavab verir. İran da bunun üçün maksimum səy göstərəcək. Hörmüz boğazında tankerin vurulması da eyni prosesin tərkib hissəsidir.
Ona görə də düşünürəm ki, yaxın perspektivdə istər Ukrayna, istərsə də İran cəbhəsində heç bir irəliləyiş əldə olunmayacaq”.