Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50

Azərbaycanla Kamboca arasında münasibətlərin əsası uzun illər əvvəl qoyulub. Lakin siyasi və diplomatik münasibətlər müəyyən tarixə malik olsa da, iqtisadi və ticarət əlaqələri uzun müddət məhdud olub. Bu baxımdan Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana səfərini mövcud əlaqələrin dərinləşdirilməsi yönündən qiymətləndirmək olar.
Belə ki, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana səfəri, Prezident İlham Əliyev ilə görüşü mühüm əhəmiyyət kəsb edir. Həmçinin Kamboca və Azərbaycan arasında imzalanmış sazişlər - İkiqat vergitutmanın aradan qaldırılmasına dair saziş, Ticarət və iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişi, ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında Anlaşma Memorandumu qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacaq.
Azərbaycan-Kamboca əlaqələri haqqında Milli Məclisin deputatı Zaur Şükürov “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü və görüşdən sonra mətbuata verdiyi bəyanat Azərbaycan-Kamboca münasibətlərinin mövcud vəziyyətinin və gələcək inkişaf perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Bəyanatda iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, siyasi dialoqun genişləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı, mina təhlükəsi ilə mübarizə və dövlət xidmətləri sahəsində təcrübə mübadiləsi kimi məsələlər ön plana çıxarılıb. Azərbaycan ilə Kamboca arasında münasibətlər qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək, həmçinin beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq çərçivəsində inkişaf edir. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşmələrinə baxmayaraq iki ölkə beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsində və ortaq maraq doğuran məsələlər üzrə dialoqun davam etdirilməsində maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında qeyd edib ki, Azərbaycan və Kamboca Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Sözügedən əməkdaşlıq dövlətlər arasında siyasi münasibətlərin dərinləşməsinə, beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsinin aparılmasına və çoxtərəfli diplomatiyada qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xidmət edir. Görüş zamanı ikitərəfli təmasların intensivləşdirilməsi barədə əldə olunmuş razılıq da münasibətlərin gələcək inkişafı üçün əhəmiyyətli istiqamət kimi qiymətləndirilə bilər”.
Parlamentlərarası əməkdaşlıq
Z.Şükürovun fikirlərinə görə, Azərbaycan-Kamboca münasibətlərinin mühüm istiqamətlərindən biri parlamentlərarası əməkdaşlıqdır: “Hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi siyasi dialoqun davamlılığını təmin edən amillərdəndir. Azərbaycan Respublikası Milli Məclisi ilə Kamboca Krallığının Nümayəndələr Palatası arasında Anlaşma Memorandumunun imzalanması parlamentlərarası əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin inkişafına verdiyi önəmi nümayiş etdirir. Eyni zamanda, Asiya Parlamentlərarası Assambleyası çərçivəsində keçirilən tədbirlərdə Kamboca nümayəndə heyətlərinin iştirakı, eləcə də Milli Məclisin sədri Sahibə Qafarovanın Kamboca Milli Assambleyasının sədri Khuon Sodary ilə görüşləri parlamentlərarası dialoqun inkişafına töhfə verib. İki ölkə arasında münasibətlərin tarixi qarşılıqlı səfərlərlə də yadda qalıb. Kambocanın keçmiş Baş naziri Hun Senin 2014-cü ildə Azərbaycana səfəri, Milli Məclisin sədri Sahibə Qafarovanın 2022-ci ildə Kambocaya rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olub”.
Mina təhlükəsi ilə birgə mübarizə
Deputat deyib ki, Birgə Bəyanatlarda xüsusi diqqət yetirilən məsələlərdən biri də mina təhlükəsi ilə mübarizədir: “Həm Azərbaycan, həm də Kamboca uzun illər ərzində mina və partlamamış hərbi sursatların yaratdığı humanitar problemlərlə üzləşmiş ölkələrdir. Bu sahədə təcrübə və bilik mübadiləsinin aparılması, mütəxəssislər arasında əməkdaşlığın möhkəmlənməsi və birgə təlimlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın işğal dövründə basdırdığı minalar mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. Prezident cənab İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, həmin ərazilərdə mina partlayışları nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb. Bu baxımdan, Azərbaycan və Kamboca arasında mina təhlükəsinin aradan qaldırılması istiqamətində əməkdaşlıq humanitar təhlükəsizliyin təmin olunmasına, əhalinin qorunmasına və müharibənin ağır nəticələrinin aradan qaldırılmasına töhfə verəcək. Azərbaycan–Kamboca əlaqələrinin inkişafında dövlət xidmətləri və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdən biridir. Azərbaycanın “ASAN xidmət” modeli dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi, xidmətlərin əlçatanlığının artırılması və innovativ idarəetmə həllərinin tətbiqi baxımından beynəlxalq maraq doğurur. 2025-ci il dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kambocanın Poçt və Telekommunikasiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun icrası çərçivəsində işçi qrupun yaradılması barədə razılıq əldə edilib”.
Gələcək əməkdaşlıq imkanları
“Xüsusilə qeyd edilməlidir ki, Birgə Bəyanatda Azərbaycan-Kamboca münasibətlərinin əsas istiqamətləri və gələcək əməkdaşlıq imkanları əksini tapıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, parlamentlərarası əlaqələr, mina təhlükəsi ilə mübarizə və “ASAN xidmət” təcrübəsinin bölüşdürülməsi iki ölkənin əməkdaşlıq gündəliyində mühüm yer tutur. Bununla yanaşı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, birgə işçi qruplarının fəaliyyəti və yeni iqtisadi imkanların araşdırılması münasibətlərin praktiki məzmununun artırılması baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikası ilə Kamboca krallığı arasında coğrafi məsafənin böyük olması, təbii olaraq, müntəzəm təmasların təşkilini müəyyən dərəcədə çətinləşdirir. Sözügedən amil ikitərəfli əlaqələrin inkişafında nəzərə alınmalı olsa da, müasir kommunikasiya vasitələri və beynəlxalq platformalar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Mövcud saziş və anlaşma memorandumlarının sayının məhdudluğu isə gələcəkdə yeni hüquqi sənədlərin hazırlanması və imzalanması üçün əlavə potensialın olduğunu göstərir. Qarşılıqlı maraqlara əsaslanan təşəbbüslərin ardıcıl həyata keçirilməsi iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə və tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə zəmin yaradır” – deyə Z.Şükürov vurğulayıb.
“Kamboca çoxaktorlu xarici siyasət yürütmək yolundadır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib ki, Kamboca Hind-Sakit okean regionunda böyük dövlətlər-Çin, Yaponiya və ABŞ arasında rəqabət kontekstində artan geosiyasi əhəmiyyət qazanıb: “Yaranmış situasiya Kambocanı həmin dövlətlərlə münasibətlərini uyğunlaşdırmağa və hətta zaman-zaman yenidən nəzərdən keçirməyə sövq etmişdir. Çinin yüksəlişi, ABŞ-nin beynəlxalq liberal gündəliyində baş verən dəyişikliklər və Kambocanın daxili siyasi inkişafı da geosiyasi kontekstdə əhəmiyyətli dəyişikliklərə səbəb olur. Bu gün Kambocanın böyük dövlətlərlə münasibətlərini əhatə edən yeni yanaşmaların üzə çıxdığının şahidiyik. Kamboca çoxsəviyyəli və çoxaktorlu xarici siyasət yürütmək yolundadır. ABŞ-Çin rəqabəti kontekstində risklərin balanslaşdırılması və daha güclü dövlətə qoşulma, ya uyğunlaşma strategiyası çərçivəsində bu siyasət daha aktiv fazaya keçir. Cəmiyyətin təhlükəsizliyi, strateji uyğunlaşmalar və siyasi təzyiqin minimallaşdırılması qarşıda duran hədəflərdir”.
“Vahid Çin siyasəti dəstəklənir”
O diqqətə çatdırıb ki, digər tərəfdən, Cənub-Şərqi Asiyada Çinə Kamboca qədər yaxın olan başqa bir ölkə yoxdur: “Hun Senin rəhbərliyi dövründə Kamboca “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirak etmiş və Cənubi Çin dənizi ilə bağlı ASEAN bəyanatlarının qəbul edilməsinə dəfələrlə mane olub. Vahid Çin siyasəti dəstəklənir. Vurğulanmalı digər bir vacib məqam ondan ibarətdir ki, Kambocanın çoxtərəfli müstəvidə, beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi yolunda atdığı addımlar Azərbaycanın tutduğu yol ilə uzlaşır. Yəni “daxili işlərə qarışmamaq” diskursu, “dinc yüksəliş” və “qarşılıqlı fayda” yanaşmaları hər iki ölkə üçün mühüm yer tutur. Kamboca Azərbaycanın ASEAN-da müşahidəçi statusu əldə etmək və ASEAN ölkələri ilə əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləyib. Digər tərəfdən, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Şübhəsiz ki, bu amilin özü də Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını göstərən amillərdən biridir. Deməli, Cənub-Şərqi Asiya dövlətləri ilə münasibətlər xarici siyasətimizin prioritetlərindən biri kimi çıxış edir”.
“Kamboca Azərbaycanın dövlət modelini yaxından öyrənir”
“Azərbaycan həm də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sədridir: “Nəzərə alsaq ki, sədrliyin şüarı “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf”dır, bu istiqamətdə Azərbaycanın atdığı addımlar, verdiyi qərarlar, yürütdüyü siyasət Müşavirənin şüarı ilə tam uzlaşır. Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi Azərbaycanın qarşısında dayanan prioritetlərdən biridir. Kamboca Azərbaycanın dövlət modelini yaxından öyrənir. Deməli, Azərbaycan təsisatlar baxımından nümunəvi model formalaşdırmağı bacarıb. Kamboca ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafı ondan xəbər verir ki, Azərbaycan beynəlxalq sistemin strukturunu düzgün dəyərləndirir, eləcə də beynəlxalq münasibətlərin mövcud durumunda doğru yerdə qərarlaşmağı bilir. Azərbaycan və Kamboca ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün birgə fəaliyyət ortaya qoyur. Bu istiqamətdə cənab Prezident İlham Əliyev bildirdi ki, potensial və imkanlar çoxdur, yeganə maneə olan məsafə belə müasir dünyada böyük problem deyil” – deyə Ş.Həsənova bildirib.
“Əlaqələr daha da dərinləşəcək”
Politoloqun sözlərinə görə, ticarət dövriyyəsinin artırılması baxımından əminliyini ifadə edən Azərbaycan Lideri bildirdi ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq: “Deməli, müxtəlif istiqamətlər üzrə əlaqələr daha da dərinləşəcək. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlıq müzakirə edilən məsələlər sırasındadır. Humanitar sahədə münasibətlərin dərinləşdirilməsi prioritet istiqamətlərdən biridir ki, münasibətlər dayanıqlı formada inkişaf etsin. Təbii ki, nəqliyyat və rəqəmsal transformasiya da prioritet hesab edilən sahələrdəndir. Beynəlxalq münasibətlər sisteminin mövcud durumunda, nəqliyyat və bağlantıların inkişafının artan zərurətində, iki uzaq regionun birləşməsi zərurəti fonunda Kamboca Baş nazirinin Azərbaycana səfəri həm ikitərəfli qaydada münasibətlərin dərinləşdirilməsi, həm də Cənub-Şərqi Asiya regionu ilə münasibətlərin intensivləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Röya İsrafilova