Media nümayəndələri Qəbələdə Hadisə

Media nümayəndələri Qəbələdə

Son illər ölkəmizdə iqtisadi inkişafa nail olunmaqla yanaşı, mütərəqqi xarakterli sosial layihələr də uğurla həyata keçirilir. Bu sırada dünyaya Azərbaycan brendi kimi təqdim olunan "ASAN xidmət" nümunəsi böyük maraq doğurur. Müvəffəqiyyətlə reallaşdırılan bu layihənin əsas məqsədi vətəndaşlara göstərilən müxtəlif xidmətlərin səviyyəsini ən yüksək həddə yüksəltməklə əlavə xərclərin və vaxt itkisinin azaldılmasına, dövlət strukturlarına etimadın artırılmasına, şəffaflığın təmin olunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, bütövlükdə xidmət sahələrində aparılan genişmiqyaslı islahatların səmərəliliyinə nail olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılıb. Agentlik "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində təmsil olunan dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini və nəhayət, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir.
Xidmətin mütərəqqi forması kimi fəaliyyət göstərən "ASAN xidmət" dövlətin öz vətəndaşına qayğı və diqqətinin ifadəsi kimi qiymətləndirilir. Agentlik yarandığı 4 il ərzində böyük uğurlara imza atıb. Son illər "ASAN xidmət"in əhatə dairəsi də sürətlə genişlənib.
Ölkəmizdə fəaliyyət göstərən sayca 10-cu regional qurum olan Qəbələ "ASAN xidmət" mərkəzi avqustun 10-da Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Avqustun 20-də fəaliyyətə başlayan Qəbələ regional "ASAN xidmət" mərkəzi hazırda vətəndaşlara uğurla xidmət göstərir.
Avqustun 22-də KİV nümayəndələrinin iştirakı ilə regional mərkəzə tanışlıq səfəri təşkil olunub.
Jurnalistlərin suallarını cavablandıran "ASAN xidmət" mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib ki, Qəbələ regional "ASAN xidmət" mərkəzinə fəaliyyət göstərdiyi iki gün ərzində bölgənin 600-dən çox vətəndaşı müraciət edib. Burada 10 dövlət orqanı tərəfindən 32 növ, eyni zamanda, 112 növ funksional yardımçı xidmət (bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri və s.) göstərilir.
Qəbələ regional "ASAN xidmət" mərkəzinə üz tutan çoxsaylı bölgə sakinləri burada yaradılan nümunəvi şəraitdən son dərəcə məmnun qalırlar. Onlardan bəziləri ilə "ASAN xidmət" mərkəzində həmsöhbət olduq.
Şəki şəhər sakini Elvin Şərifov buraya şəxsiyyət vəsiqəsi və övladı üçün doğum şəhadətnaməsi almaq üçün gəlib: "Doğrusu, burada təsəvvürümə gətirə bilmədiyim bir mühitə düşmüşəm. Bizə göstərilən yüksək nəzakətdən, qayğı və diqqətdən çox məmnunuq. Vaxt itirmədən şəxsiyyət vəsiqəmi aldım. Burada xidmət həqiqətən də çox sadələşdirilib və asanlaşdırılıb. Vətəndaşların rahatlığı və xidmətdən razı qalmaları üçün ən ideal şərait yaradılıb. Bu nümunəvi xidməti təşkil edənlərə necə minnətdar olmayasan, sağ ol deməyəsən. Bizə yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edirik."
İlk dəfədir "ASAN xidmət" mərkəzinə müraciət edən Qəbələ rayon sakini Günel Abbasova isə deyib: "Bir çox idarələrdə olmuşam. Heç bir yerdə belə şərait, belə nümunəvi xidmət görməmişəm. Gəlişimin məqsədi qızıma şəxsiyyət vəsiqəsi almaqla əlaqədardır. Nə vaxt itirdim, nə də əlavə vəsait xərclədim. "ASAN xidmət", sözün həqiqi mənasında, alqışa layiqdir".
Qəbələ rayon sakini Rəşad Xəlilov isə ümumvətəndaş pasportu almaq üçün mərkəzə gəlib. O qeyd edib ki, Qəbələ "ASAN xidmət" mərkəzində pasportu qısa vaxtda çox rahatlıqla alıb: "Həqiqətən burada xidmət çox yüksək səviyyədədir. İşçilər vətəndaşları gülərüz və mehribanlıqla qarşılayır, yüksək xidmət göstərirlər. Pasport alarkən dövlət rüsumundan əlavə bir manat da olsun xərcim çıxmadı. Bu şəraitdən çox razıyıq. Allah dövlətimizin qüdrətini yüksək, Prezidentimizin canını sağ eləsin".
Regional mərkəzin direktoru Əbdül Əliyev AZƏRTAC-a müsahibəsində Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində qeydiyyatda olan və ümumi sayı 900 mindən çox olan vətəndaşa xidmət etdiklərini bildirib. O, bölgə sakinlərinin "ASAN xidmət"in fəaliyyətindən razılıqla, minnətdarlıqla danışmasını ölkə daxilində bu yeni xidmət növünə münasibətin birmənalı şəkildə müsbət olmasının ifadəsi kimi qiymətləndirib. Dünyanın inkişaf etmiş ölkələrindən "ASAN xidmət"ə göstərilən hədsiz maraq, onu öyrənib özlərində tətbiq etmək istəyi isə, təbii ki, hər bir Azərbaycan vətəndaşında qürur doğurur. Qəbələ regional "ASAN xidmət" mərkəzində hər şey ideal səviyyədədir. Mərkəzin müasir üslubda inşa olunmuş möhtəşəm binası göz oxşayır.
Burada vətəndaşlara xidmət göstərən işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür. Mərkəzdə çalışan əməkdaşlar, eləcə də bura üz tutan vətəndaşlar üçün nümunəvi şərait yaradılıb. Müxtəlif dövlət orqanları tərəfindən göstərilən çoxsaylı xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsi arzuolunan haldır və bu, xidmətdən bəhrələnən hər kəsdə razılıq doğurur. Mərkəzdə xidmət göstərən dövlət orqanlarının əhatə dairəsi kifayət qədər genişdir. Burada Ədliyyə, Vergilər və Daxili İşlər nazirliklərinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Milli Arxiv İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təmsilçiləri vətəndaşlara öz xidmətlərini yüksək peşəkarlıqla təqdim edirlər.
Əlbəttə, yuxarıda adlarını çəkdiyimiz dövlət qurumlarının iştirakı "ASAN xidmət"in fəaliyyət dairəsini tam əks etdirmir. Mərkəzin göstərdiyi funksional yardımçı xidmətlərin siyahısı daha böyükdür. Bura bank, sığorta, hüquqi yardım, tərcümə, foto, tibb xidmətləri və başqaları daxildir. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan fəaliyyətin başlıca hədəfi vətəndaşların rahatlığını təmin etmək, məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail olmaqdır. Sosial siyasətin əsas istiqamətlərindən olan bu prinsiplərin uğurla reallaşdırılması dövlətimizin xalqın rahatlığı üçün zəruri tədbirlər gördüyünü aydın şəkildə təcəssüm etdirir.