Milli Məclisdə komitə iclası keçirilib Hadisə

Milli Məclisdə komitə iclası keçirilib

İki məsələyə baxılıb

Mayın 12-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib. Gündəliyə "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi daxildir.
"Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyası 7 fəsil, 56 maddədən ibarətdir.
Ziyafət Əsgərov xatırladıb ki, Azərbaycan dövləti müəyyən bəyanatlarla və qeyri-şərtlərlə bu Konvensiyaya qoşulur. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (Azərbaycanın işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).
Azərbaycan Respublikası Konvensiyanın 24-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir ki, o, Konvensiyanın 24-cü maddəsinin 2-e bəndini yalnız Azərbaycanın konstitusion prinsiplərinə və onun hüquq sisteminin əsas konsepsiyalarına riayət olunmaqla tətbiq edəcək.
Daha sonra "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Qanun layihəsinin 17.8-ci maddəsi yeni redaksiyada veriləcək. Belə ki, fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Attestasiya komissiyasının fəaliyyəti haqqında əsasnaməni müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.