Generalın məhkəməsində mübahisə yaranıb Hadisə

Generalın məhkəməsində mübahisə yaranıb

Dünən Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş Mətləb Mustafayevin bacısı İradə Hümbətova ifadə verib. O, MTN əməkdaşlarının mənzillərində axtarış apardıqlarını, bütün evi dağıtdıqlarını, lakin heç nə tapmadıqlarını deyib.
Mətləb Mustafayev isə deyib ki, həmin axtarış qanunsuz keçirilib. O, Elçin Quliyevi günahlandırıb və onlar arasında mübahisə düşüb. Hakim M. Mustafayevin hərəkətlərinin aktlaşdırılacağını və hüquqi qiymət veriləcəyini deyib.
Daha sonra çıxış edən E. Quliyev deyib ki, onun vəzifəsi əməliyyat məlumatını istintaq orqanına təqdim etmək olub və bunu edib: "Mənim həmin məsələdə başqa rolum olmayıb. Mətləb Mustafayevə qarşı ittihamı prokurorluq da müdafiə edib və barəsində məhkəmə qərarı çıxarılıb. O zaman Ağcabədidə yanacaqdoldurma məntəqəsini partlatmaq istəyirdilər. Biz əməliyyat məlumatını təqdim etdik, lakin hüquq-mühafizə orqanları şübhə ilə yanaşdılar. Bundan sonra mən Zakir Qaralovun yanına gedib məruzə etdim və həmin şəxslər həbs edildi. Mətləb Mustafayevin MTN-də çalışmış qardaşına da hörmətim olub və o məndən öpüşüb-görüşüb ayrılıb. Ayrılanda mənə nə deyib onu qapalı iclasda deyəcəyəm".
Proses avqustun 18-də davam edəcək.