Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib Hadisə

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəbələ və Oğuz rayonlarında yeni inşa edilən məktəblərə baxış məqsədilə mediatur təşkil edilib. KİV nümayəndələri və təhsil ekspertlərinin iştirak etdiyi mediaturun məqsədi bu bölgədə inşa edilən modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub.
Media nümayəndələri əvvəlcə Qəbələ rayonunun Seyidqışlaq kənd ümumi orta məktəbində olublar. Onlara məlumat verilib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, 1 müəllimlər otağı, kitabxana və digər yardımçı otaqlardan ibarətdir. Rayonda daha bir modul tipli məktəb Cığatelli kəndində istifadəyə verilib. 56 şagird yerlik ümumi orta məktəb 7 sinif otağı, 1 müəllimlər otağından ibarətdir. Səfər çərçivəsində media nümayəndələri Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasiminə də qatılıblar. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Firudin Həmzəyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur.
Sonra KİV nümayəndələri Oğuz rayonunun Qarabaldır kənd ümumi orta məktəbində olublar. Ümumilikdə 80 şagird yerlik modul tipli ümumi orta məktəbdə 10 sinif otağı, kitabxana, müəllimlər otağı və digər yardımçı otaqlar istifadəyə verilib. Rayonun Xalxalqışlaq kəndində də modul tipli məktəb istifadəyə verilib. 20 şagird yerlik ibtidai məktəb 5 sinif otağından ibarətdir. Daha sonra media nümayəndələri Yemişənli kəndində istifadəyə verilən modul tipli məktəbə baş çəkiblər. 80 şagird yerlik məktəbdə 10 sinif otağı, kitabxana, müəllimlər otağı istifadəyə verilib.
Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub.