QMİ-dən din xadimlərinə maddi dəstəyin göstərilməsi ilə bağlı müraciət Hadisə

QMİ-dən din xadimlərinə maddi dəstəyin göstərilməsi ilə bağlı müraciət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının iclası keçirilib.
Komitədən verilən məlumata görə, iclasda çıxış edən Fondun Himayəçilər Şurasının sədri Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev Prezident İlham Əliyevin Fərmanı ilə DQİDK-nin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm addım adlandırıb. Fondun Azərbaycanda sosial və mənəvi sahələrin inkişafına əvəzsiz töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdıran Şura sədri onun təsis edilməsinin Prezident İlham Əliyevin milli-mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət və qayğını bir daha sübut etdiyini vurğulayıb. Himayəçilər Şurasının sədri iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. S.Musayev iclasda Fondun illik fəaliyyət planının, mənəvi dəyərləri təbliğ edən şəxslərə maddi dəstəyin göstərilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin müraciətinin və Fondun xərclər smetasının layihəsinin müzakirə ediləcəyini qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasının, təbliğ və təşviq edilməsinin mühüm məsələ olduğunu bildirib. Azərbaycan dövlətinin, Prezidentinin bu sahəyə ayırdığı diqqətin də milli-mənəvi irsimizin qorunması və inkişafının önəmini göstərdiyini deyib. Fondun Nizamnaməsi barədə məlumat verən icraçı direktor görüləcək işlər, həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışıb.
Daha sonra Fondun gündəliyində duran məsələlər müzakirə edilib. Himayəçilər Şurasının üzvləri millət vəkili Sahibə Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev Fondun illik fəaliyyət planı barədə fikirlərini səsləndiriblər, eyni zamanda Fondun üzərinə düşən vəzifələrlə bağlı tövsiyələrini veriblər. Mənəvi dəyərlərin təbliğinin təşviqi məqsədilə, respublikanın bölgələrini əhatə edəcək maarifləndirmə işinin aparılmasının, məqsədli proqramların hazırlanması və həyata keçirilməsinin, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasının, mənəvi dəyərlərin təbliğinə yönəlmiş ədəbiyyatların çapının və qısametrajlı filmlərin çəkilməsinin vacibliyi vurğulanıb.
Sonda gündəlikdə əks olunan təkliflər səsə qoyularaq qəbul edilib.