Böyük bazar piştaxtası Hadisə

Böyük bazar piştaxtası

Sizin demokratiyanızı... yesinlər

Elçin Mirzəbəyli

Yazmaq istədiyim o qədər mətləblər var ki, haradan başlayacağımı belə bilmirəm. Yaxşı ki, bilgisayar var. Yoxsa masamın üzərindəki qalaq-qalaq kağızların arasından görünməz olardım. Əslində görünməz olmaq narahatlıq doğuracaq, problem yaradacaq bir məəsələ deyil. Ən böyük problem və bəlkə də faciə görməmək, görə bilməmək və görmək istəməməkdir. Qalaq-qalaq kağızlar arasından olmasa da çoxsaylı xəbər agentliklərinin, informasiya portallarının, sosial şəbəkələrin getdikcə daralmaqda olan həlqələrinin arasından dünyanın bugünkü reallıqlarını görmək və dəyərləndirmək çətin olsa də mümkündür.
...Barak Obama ilk dəfə ABŞ prezidenti seçiləndə dünyanın qara günlərinin başladığı yazmışdım. Hətta bəzi dostlarım buna görə məni qınamışdılar da. İrqçi deyiləm, əsla! Mənim üçün insanın dərisinin rəngi heç bir əhəmiyyət kəsb edir. Önəmli olan MƏDƏHİYYƏTdir. İnsan hansı mədəniyyətin daşıyıcısıdırsa bu mədəniyyəti yaradan milləti, irqi və sivilizasiyanı təmsil edir. Amma Obama dönəmi ilə həqiqətən də dünyanın qara günləri başladı. Xaosla nəzarət, xaos idarəçiliyi mövcud olan bütün siyasi, iqtisadi və mədəni problemlərin üzərindəki pərdəni bir anın içərisində qaldırdı. Öncə Türkiyədə, hakim Ədalət və İnkişaf Partiyasının əli ilə sınaqdan keçirilən qlobal "açılım siyasəti" beynəlxalq birliyin, xalqlararası və dövlətlərarası münasibətlərin bütün mahiyyətini tam çılpaqlığı ilə açıb ortaya qoydu. Dünyanın onsuz da dəlik-deşik olan həya pərdəsi tamamilə yırtıldı və insanlıq yüzillər boyu gündən-günə, ildən ilə adlatdığı probemlərlə qarşı-qarşıya qaldı. Bəşəriyyət hazırlıqsız yaxalandı. Mövcud olan idarəçilik modellərinin, ictimai-siyasi münasibətlər sistemlərinin bütün naqislikləri göz önünə sərgiləndi.
Bu gün beynəlxalq təhlükəsizliyə təminat verən bütün əməkdaşlıq modelləri böhran dövrünü yaşayır. Dünya problemlərin ən qabarıq və ən radikal formaları ilə üz-üzədir. Daha problemlərlə yanaşı yaşamaq, onları görməzdən gəlmək, yaxud çeşidli diplomatik-məşvərətçi modellər vasitəsilə ildən-ilə ötürmək mümkün deyil. Yaranan və yaradılan bütün problemlər öz ani həllini gözləyir. İndi dünyanın daha qətiyyətli və daha çevik siyasət yürütməyi, qərar qəbul etməyi bacaran liderlərə ehtiyacı var. Bu baxımdan, Azərbaycanın bəxti gətirib. Bu dəfə biz 1989-93-cü illərdə olduğu kimi hazırlıqsız yaxalanmamışıq. Xaos pəncərələrindən demokratiya küləklərinin əsəcəyini gözləmirik. Bizim üçün nəfəslikdən süzülüb gələn təmizlənmiş hava da yetərlidir...
Azərbaycan prezidentinin Avropa Şurası və ATƏT parlament assambleyalarının toplantılarında səsləndirdiyi fikirlər dövlətimizin bu gün dünyada baş verən prosesləri nə qədər düzgün qiymətləndirdiyini, cəmiyyətin hazırlıq səviyyəsi ilə uzlaşdırılmış innovativ və tədrici inkişaf yolunun doğruluğunu, alternativsizliyini bir daha sübuta yetirdi...
Bizim yırtıcıların tilovlarında daha böyük balıqları ovlamaq üçün istifadə etdikləri yemə çevrilmək vaxtımız çoxdan keçib. Doğrudur, elə indinin özündə də xaos idarəçiliyinin elementi olmaqla özünü xoşbəxt hiss edən, yaxud bu hava üzərində gəzişən siyasətçilərimiz az deyil. Lakin bu düşüncə, bu yanaşma tərzi ictimai sifarişdən qaynaqlanmadığı, eləcə də nəzarətdə olduğu üçün total təhlükə yaratmır...
...Düz 23 ildir Qərb texnoloqlarının və onların muzdlu, könüllü, yaxud ixtiyarsız nüfuz müvəkkillərinin nağıllarını dinləyirik. Rusiya parçalanır, İran dağılır... Və düz 23 ildir bu nağılların yaratdığı ilğım görüntülərin psixoloji təsiri altında xalqların, topluluqların və dövlətlərin necə asanlıqla yemə çevrildiklərinin şahidi oluruq. Amma bir Qərb dövlətinin belə "burnu qanamır". Müharibələr, katakilzmlər onların sərhədlərindən kənarda baş verir... Çeçen xalqı tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalır, Əfqanıstan, İraq, Liviya, Suriya darmadağın edilir, terrorun beşiyinə çevrilir, Gürcüstanın, Ukraynanın əraziləri onlardan zorla və bəlkə də həmişəlik olaraq qopardılır... Amma Qərb texnoloqlarının nağıllarındakı şirin xəyalların heç biri gerçəkliyə çevrilmir. Qoca qitə və onun okeanın o tayındakı çoxsifətli müttəfiqi xalqların və dövlətlərin talelərini piştaxta üzərinə çıxarıb oyuna cəlb etdikləri yırtıcılarla alverlərinə davam edirlər. Terrora qarşı mübarizə apardıqlarını iddia edən güclərin nəzarətində olan sosial şəbəkələrdə elə onların yaratdıqları, maliyyələşdirdikləri və silahlandırdıqları terror qruplarının törətdikləri vəhşiliklər təbliğ edilir.
...Və bütün bunlardan sonra bizi inandırmağa çalışırlar ki, bu rəzil insanlıq düşmənləri dünyada "demokratiyanın, insan hüquq və azadlıqlarının" himayəçisidirlər. Bəs Əfqanıstanda, İraqda, Suriyada... qətlə yetirilən, öz evlərindən didərgin düşən, aclıqla, səfalətlə sınağa çəkilən milyonların hüququnu kim düşünəcək? Məgər hansısa ölkədə min oyundan çıxan və siyasi immunitet qazanmaq üçün Qərbin zurnasını üfləyən hansısa iyrənc məxluqun "hüququ" milyonlarla günahsız insanın hüququndan daha üstündür? Ay sizin demokratiyanızı... yesinlər.
...Azərbaycan, prezident İlham Əliyevin ifadə etdiyi kimi öz maraqlarını hər şeydən üstün tutur. Bizim yırtıcıların ova çıxdığı bulanıq sularda yemə çevrilmək niyyətimiz yoxdur. Üzərimizə püskürdülən çamur vulkanlarının mənbəyini də elə burada axtarmaq lazımdır. Bu qədər bəsit...
P.S. Zənnimcə Zbiqnev Bzejinski məşhur "Böyük şahmat taxtası" əsərini "Böyük bazar piştaxtası" adlandırsaydı daha doğru olardı...