Medianın üzünü qara edənlər Hadisə

Medianın üzünü qara edənlər

Ötən gün daha bir reket jurnalist DTX əməkdaşları tərəfindən saxlanılıb.
Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlu tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info" və digər "reket" informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı ilə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb.
DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqədə olduğu şəxslərlə birgə törətdiyi həmin silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda istintaq araşdırmaları davam edir.
Bunun ardınca Mətbuat Şurası bəyanat verərək, dəfələrlə qaranlıq fəaliyyəti ilə bağlı İ.Rəhimova xəbərdarlıqlar edildiyini bilidirb. İ.Rəhimovun saxlanılması Azərbaycanda reketçiliklə məşqul olan jurnalistlərin az olmadığını və hələ də cəzasız qaldığını xəbər verir.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli reket jurnalistika ilə bağlı fikirlərini bildirərkən qeyd edib ki, illərdir müxtəlif adlar və təyinatlar altında daldalanıb reketçiliklə, şantajla, ictimai-siyasi "maşa" funksiyasını yerinə yetirməklə qanunlara, dəyərlərə meydan oxuyan cinayətkarları media sektorundan təmizləyə bilmirik.
Elçin Mirzəbəyli reketçiliklə məşğul olanlara qarşı daha sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: "Adları "Qara siyahı"ya salınır, "qara qutu"dan çıxırlar. Əməllərinə görə məhkəmə qapılarından dışarı çıxmayacaqlarını düşünürsən, çıxmaları bir yana qalsın, pərvazlanıb uçurlar, əvvəl 1 saytları vardısa, 5-ni açırlar. Mətbuat Şurasının İdarə Həyətinin üzvlərini, Azərbaycan dövlətinə, onun informasiya təhlükəsizliyinə xidmət edən hər kəsi açıq-aşkar, çəkinmədən şantaj edirlər. Onlara qahmar çıxanlar, hətta "peşəkar jurnalist" adlandıranlar, dəstək verənlər də tapılır, təəsüf ki.. O cümlədən "xidmətlərindən" istifadə edənlər də…
Bu baxımdan, "Reallıq.info" adlanan şantaj alətinin, onun peşəkar böhtançı "sahibi" İkramın, yan-yörəsinin Mətbuat Şurasını hədəfə almasının iki əsas səbəbi olduğu qənaətindəyəm:

Mətbuat Şurasını susdurmaq, reketçiliyin, şantajçılığın media məkanını qəsb etməsinə yol açmaq;
"İkram" qarşılığında ləyaqətli, prinsipial mövqeyi olan insanlari hədəfə alaraq gözdən salmaq.
Olmadı… Hüquq-mühafizə orqanları pis adamdan xeyir görməyə çalışanların da, şantajçıların da arzularını ürəklərində qoydular.
Amma bununla iş bitmir. Reketçiliyə, şantajçılığa qarşı təkcə Mətbuat Şurası, müvafiq dövlət qurumları mübarizə aparmalı deyillər. Kimliyindən asılı olmayaraq özünün, övladının daha təhlükəsiz həyat yaşamasını istəyən hər kəs bu "epidemiya"nın qarşısında dayanmalı, prinsipial mövqe, xarakter nümayiş etdirməlidir!"
"Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı isə deyib ki, jurnalistlər vətənə xidmət edirlər, bu sahə ilə məşğul olan insanları gözdən salmaq yolverilməzdir.
O, "Reallıq.info" saytının baş redaktoru İkram Rəhimovun reket fəaliyyətinə görə həbs edilməsini şərh edərək bildirdi ki, reket jurnalistikanın mövcudluğundan hər kəs, xüsusən də jurnalistlər əziyyət çəkir:
"Bu, jurnalistikanın adına utanc gətirən, başımızı aşağı edən bir məsələdir. Çünki reket fəaliyyəti bu sahədə ömrünü verən, böyük fədakarlıqlar edən jurnalistlərin də adına ləkə gətirir. Mən dəfələrlə bir çox yerlərdə şahidi olmuşam ki, bir reket jurnalistə görə, az qala bütün jurnalistləri qaralayıblar. Bu insanları da qınamıram, çünki bir misal var: aşıq gördüyünü çağırar. Yəni bu cür dırnaqarası jurnalistlərin mövcudluğu bizim ümumi işimizə ciddi zərər vurur, fəaliyyətimizi gözdən salır".
A.Camalqızı qeyd etdi ki, Azərbaycan Mətbuat Şurasının hər zaman belə fəaliyyətlərə qarşı amansız olması sevindirici haldır. Bununla belə, vurğuladı ki, jurnalistika ilə mübarizədə Mətbuat Şurasının bir o qədər də geniş səlahiyyətləri yoxdur:
"Mən özüm də Şurada reket jurnalistika ilə mübarizə komissiyasının üzvüyəm. Reketlər üçün bizim tərəfimizdən ən ağır cəza onları qara siyahıya salmaq idi. Amma bu da problemin həlli demək deyildi. Tutaq ki, biz reket fəaliyyəti olan bir media orqanını qara siyahıya salırıq, sonra məlum olur ki, onların əlində bir yox, bir necə media vasitəsi, saytı var. Beləcə, onlar birinin fəaliyətini dayandırıb, digəri ilə hücuma keçirdilər. İnsanları şantaj etməkdə, qorxutmaqda davam edirdilər. Bu da təbii ki, jurnalistikada cinayət hadisəsidir. Düşünürəm ki, bunlardan biri olan "reallıq.info"nun rəhbəri İkram Rəhimovun həbsi bu baxımdan təqdirəlayiq hadisədir və alqışlanmalıdır. Çünki adam fərqinə varmadan hər kəsi təhqir edirdi, aşağılayırdı, şantaj edirdi. Hətta onun bəzi yazılarında mən özüm də hədəf olmuşdum. Məni "Rusiyanın agenti" adlandırmışdı. Nə qədər absurd və gülməli olsa belə, yenə də bu adam bizim əsəblərimizlə oynayırdı. Bu baxımdan, onun həbs olunması kifayət qədər müsbət haldır. Ən azından, onun yoldaşlarının indən sonra atacaqları addımlarda düşünməli olduqlarını onlara xatırladacaq. Çünki bu işin, bu yolun sonu yoxdur. Bu gün reketçilik fəaliyyətinə görə bir neçə insan həbsdədir, azadlıqdan məhrum olunub. Xüsusi xidmət orqanları tərəfindən reket jurnalistlərə qarşı atılan bügünkü addımlar nəhayət ki, onlara dərs olmalıdır".
Aynur xanım əlavə etdi ki, jurnalistika başqa sahələrdə uğur qazana bilməyənlərin meydanı ola bilməz. Jurnalistika bizim ömrümüzü qoyduğmuz, çox sevdiyimiz bir sənət sahəsidir. Bu, Vətənə xidmət sahəsidir. Bu gün jurnalistika ilə məşğul olan insanlar həm də vətənə xidmət edirlər, bu, hərbi xidmət kimi bir şeydir. Ona görə də bu sahəni, bu sahə ilə məşğul olan insanları gözdən salmaq yolverilməzdir. Bunu edənlər çox ciddi ictimai qınaqla qarşılanmalıdır. Eyni zamanda, bu insanlar qanun çərçivəsində cəzalandırılmalıdır.
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə, Azərbaycanda mətbuat və söz azadlığının mövcud imkanlarından sui-istifadə hallarının qarşısının qətiyyətlə alınması milli təhlükəsizliyin və ictimai həmrəyliyin çox vacib şərtlərindən biridir. Baş redaktor bildirib ki, ölkəmizdə bu istiqamətdə ictimai qınaq və hüquqi cəza müstəvisində atılan addımlar səmərə verir və özünü tam doğruldur:
"Mətbuat Şurasının tənbeh tədbirləri və hüquq-mühafizə orqanlarının addımları prinsipcə bir-birini tamamlayır və hüquqi dövlətçilik mühitinin daha təkmilləşməsinə öz töhfəsini verir. Mətbuat Şurasının konkret media subyektləri ilə bağlı qərar və tövsiyələri mütləq əksər hallarda anlayısla qarşılanaraq fəaliyyət üçün əsas götürüldüyü halda, peşə etikasına və müvafiq qanunlara saymazyana yanaşaraq öz ziyanvericilik işini davam etdirən media rəhbərləri də tapılır. Bu günlərdə "Reallq.info" saytının rəhbəri İkram Rafiqoğlu ilə bağlı hüquq-mühafizə orqanlarının qəbul etdiyi qərar sərt görünsə də, yetərincə böyuk əsaslara malikdir. Azərbaycan hüquq cəmiyyətini möhkəm bərqərar etmək yolu ilə getdiyi üçün burada bütün peşələr kimi, jurnalistlərin də fəaliyyəti qanunla və peşə etikası qaydaları ilə tənzimlənir, eləcə də bütün cəzalar qanun çərçivəsində həyata keçirilir. İkram Rafiqoğlu Mətbuat Şurasının tövsiyə və iradlarına illər boyu pozucu və bloklayıcı münasibətlə özü haqqında hüquqi müstəvidə müvafiq qərarın qəbul edilməsini tam yetişdirdi, hüquqi cəzasını aldı".
A.Quliyev qeyd edib ki, hər bir media orqanı və jurnalist dövlətin himayəsi altında olduğu kimi, toxunulmaz və dövlət adından çıxarılan qanuni cəzadan yan keçmək imtiyazına malik ola da bilməz: "Dövlət müvafiq cəzalarla istənilən şəxsə həm də islah olunmaq şansı verir. İkram Rafiqoğlu barədə hüquqi qərar jurnalist adı altında həyata keçirilən qanunazidd əməllərin qarşısının alınması naminə atılmış addımdır. İkram Rafiqoğlunun taleyini yaşamaq istəməyənlər jurnalist adı altında insanların şəxsi həyatına müdaxilə, şərəf və ləyaqətin alçaldılması, şantaj edilməsi kimi əməllərdən uzaq durmalı, jurnalist adına və peşəsinə hörmət etməlidir".
O bildirib ki, Azərbaycanda peşə və qanun prinsipləri ilə aparılan əsl jurnalist fəaliyyəti dövlət və şəxsən cənab Prezident tərəfindən dəstəklənir, himayə edilir və həvəsləndirilir: "Jurnalist adından sui-istifadə şəraitində göstərilən digər qanunazidd əməllərin isə qarşısı davamlı şəkildə alınmalıdır. Bunu cəmiyyətimizin, dövlətimizin və həqiqi jurnalistkanın inkişaf etdirilməsi maraqları tələb edir".
Qeyd edək ki, İkram Rafiqoğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info" və digər "reket" informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İ.Rafiqoğlunun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. O, 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir.

Cavid