“ASAN könüllüləri” deputatlarla görüşəcəklər Hadisə

“ASAN könüllüləri” deputatlarla görüşəcəklər

Milli Məclis və "ASAN könüllüləri" Təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti – Azərbaycan, 2019" layihəsinin açılış mərasimi keçirilib. Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov çıxış edib. Nizami Səfərov bildirib ki, 2012-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan "ASAN xidmət" artıq dövlət daxili deyil, beynəlxalq hüquqi reallığa çevrilib.
"Bir çox ölkələr "ASAN xidmət"in təcrübəsindən yararlanmaq istəyir. Çox qısa müddətdə milyonlarla şəxs "ASAN xidmət"ə müraciət edib. Tək Azərbaycan Respublikası vətəndaşları deyil, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanır.
"ASAN xidmət"in İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli isə qeyd edib ki, "ASAN Könüllüləri" hazırda 17 mindən çox könüllünü özündə birləşdirir.
"Bu, bir hərəkata çevrildi. Hərəkat çərçivəsində yüzlərlə layihə həyata keçirildi. Ümumilikdə bu layihələr "ASAN Könüllüləri"nə daxil olmayan gəncləri də əhatə etdi. Təqribi hesablamara görə, 50 min gənci əhatə edən tədbirlər həyata keçirdik".
Orxan Dəmirli bildirib ki, "Əsgərə məktub", "ASAN məktub" layihələri cəmiyyətdə bütün təbəqələrdən olan şəxslərin iştirakını təmin etdi.
"Həmin layihələr cəmiyyətimizdə çox tanınır və hamı bu layihələrə qoşulur. "Könüllülər Parlamenti" layihəsini də həyata keçiririk. Bu layihə nəticəsində fəal gənclərə imkan yaradılır ki, onların siyasi, qanunvericilik proseslərində iştirakları təmin olunsun. 1300-ə yaxın gənc bu layihədə iştirakçı olmaq istədi. 4 gün davam edən bu layihə çərçivəsində onlar qanunvericilik proseslərini öyrənəcəklər. Qanun layihələri irəli sürüb Milli Məclisin komitələrinin iclaslarında iştirak edəcəklər. Onların Milli Məclisin deputatları ilə görüşləri olacaq".
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev deyib ki, 2012-ci ildən fəaliyyət göstərən "ASAN xidmət" bir brenddir: "Dünyada Azərbaycanla bağlı çox gözəl bir imic formalaşdırıb, o cümlədən daxildə vətəndaşlar üçün böyük imkanlar açıb, vətəndaş və dövlət münasibətlərini tamamilə fərqli bir formasını yaradıb".