Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin açılışı olub Hadisə

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin açılışı olub

Dekabrın 26-da Bakıda Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin açılışı olub.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən, Vəkil Günü peşə bayramının təsis olunması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirilib ki, hər il dekabrın 28-də Azərbaycanda Vəkil Gününün peşə bayramı kimi qeyd olunması barədə Sərəncam dövlətimizin başçısının Azərbaycan vəkilliyinə göstərdiyi ali diqqətin təzahürüdür.
O, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının vəkillər tərəfindən tam dəstəkləndiyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətindəki tövsiyələrin ən yüksək səviyyədə icrası üçün Vəkillər Kollegiyasının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini vurğulayıb. Məlumat verilib ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamının icrası çərçivəsində cari ildə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq Kollegiyanın əvvəlki inzibati binası ən yüksək səviyyədə təmir edilib. Bu gündən isə Bakıda Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi fəaliyyətə başlayır. Bina vətəndaş məmnunluğunun və peşəkar hüquqi yardıma sürətli çatımlılığın təmini məqsədilə müasir standartlara uyğun təmir olunub, zəruri avadanlıqla təchiz edilib. Regionlarda fəaliyyət göstərən vəkillər üçün distant təlimlərin keçirilməsi məqsədilə mərkəzdə telekonfrans sisteminin qurulması nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, Hüquqi Yardım və Tədris Mərkəzi vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkili və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyənləşdirilmiş haqqın vaxtında ödənilməsinin, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin edəcək.
Mərkəzin açılması münasibətlə Ədliyyə Nazirliyi rəhbərliyinin təbriklərini çatdıran nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində köklü islahatların həyata keçirilməsi 2019-cu ildə də davam etdirilib. Nazirlik Vəkillər Kollegiyası ilə hüquq sahəsində sıx əməkdaşlıq edir. Ədliyyə sahəsində yeniliklərin ictimaiyyətə çatdırılmasında Vəkillər Kollegiyasının üzvlərinin də rolu böyükdür.
Sonra tədbir iştirakçıları Hüquqi Yardım və Tədris Mərkəzinin inzibati binasında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi Bakının Nəsimi rayonunda Vidadi və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşir.