Bakı metrosunda son durum: Kəskin zərurət yaranmasa... Hadisə

Bakı metrosunda son durum: Kəskin zərurət yaranmasa...

Bakı metrosu yeni iş rejiminə əsasən bu gündən səhər 07:00-09:00, axşam isə 17:00-20:00 aralığında işləyəcək. Ölkədə xüsusi rejim elan edildiyi gündən metro normal iş rejimində çalışırdı. Maraqlıdır, əhaliyə evdə qalmaq, mümkün qədər ictimai nəqliyyatdan az istifadə etməklə bağlı tövsiyə verildiyi ərəfədə metrodan istifadə edənlərin sayında azalma müşahidə edilirdimi? Əhali “Evdə qal” xəbərdarlığına nə dərəcədə riayət edirdi?
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, məktəb və universitetlərdə dərslərin müvəqqəti dayandırılması, Novruz bayramı tətili ilə əlaqədar olaraq metroda hər il müşahidə edilən seyrəklik var idi:
“Ancaq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi rejimlə əlaqədar əhali metrodan daha az istifadə edirdi. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gündəlik metrodan istifadə edənlərin sayında 25-27 faiz azalma müşahidə olunurdu. Çox yaxşı olar ki, əhali metrodan yenə də az istifadə etsin. Bu, müvəqqəti çətinlikdir. Metroda sıxlığın yaranmaması üçün atılan addımdır. Metroda mümkün qədər ara məsafəsi saxlamaq lazımdır.
Sizin vasitənizlə əhaliyə müraciət edərək bildirmək istəyirik ki, kəskin zərurət yaranmadığı təqdirdə metrodan az istifadə edilməlidir. Belə məqamda ən yaxşısı evdə qalmaqdır. Metropoliten də əhaliyə mümkün qədər evdən çıxmamağı tövsiyə edir”.
Metropolitendən həmçinin bildirilib ki, bu gün səhər saatlarında metroda xeyli seyrəklik müşahidə olunub.
Vurğulanıb ki, Bakı metrosu axşam 3 saatlıq fəaliyyətdə əvvəlki intervalla hərəkət edəcək. Elan edilən yeni iş qrafikindən əvvəl və sonra stansiyalarda və qatarlarda dezinfeksiya işləri aparılacaq.