Soltan Məmmədov: “Heydər Əliyev Fondu koronovirusla mübarizənin ilk günündən TƏBİB və Səhiyyə Nazirliyinə dəstək verir” Hadisə

Soltan Məmmədov: “Heydər Əliyev Fondu koronovirusla mübarizənin ilk günündən TƏBİB və Səhiyyə Nazirliyinə dəstək verir”

“Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Koronovirus epidemiyası ilə mübarizənin ilk günlərindən TƏBİB və Səhiyyə Nazirliyinə dəstək göstərməyə başlamışıq".
APA-nın məlumatına görə, bunu REACT-C19 layihəsinin təqdimatında Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə ölkədə laboratoriya sisteminin gücləndirilməsi üçün Bakı, Cəlilabad və Gəncə şəhərlərində Almaniya istehsalı olan 4, Sumqayıt və Şəki şəhərlərində 2 tam-avtomat laboratoriya qurulub istifadəyə verilib: "Yüksək keyfiyyətli müayinələrin aparılması üçün Almaniya və İngiltərə istehsalı olan test kitləri təmin olunub. Xəstəxanalarda çalışan tibb personalının təhlükəsizliyini təmin etmək məqsədilə maska, tibbi geyim, eynək, əlcək və digər qoruyucu vasitələr alınıb. Tibb müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi üçün süni nəfəs aparatları, tibbi monitorlar və hemofiltrasiya cihazları təmin olunub.
Fondun Prezidenti Mehriban xanımın tapşırığı ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əhalinin maarifləndirilməsi üçün birgə kommunikasiya planı hazırlanıb və bu istiqamətdə mətbuat, ictimaiyyət və dövlət qurumları ilə əlaqələndirici iş aparılır.
Koronovirusla mübarizədə həkimlərimizə dəstək məqsədilə digər ölkələrlə təcrübə mübadiləsi üçün virtural təlimlərin təşkili və bu gün də Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə 3 ay müddətində bizim həkimlərlə birgə çalışacaq 20 nəfərdən ibarət müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət qrupun Azərbaycana səfərinin təşkil olunmasına dəstək vermişik".
S. Məmmədov deyib ki, Heydər Əliyev Fondu tərəfindən eyni zamanda ölkədə uğurla həyata keçirilən sosial siyasətə dəstək olaraq ehtiyacı olan ailələrə ərzaq dəstəyi göstərilir: "Ölkədə fəaliyyət göstərən uşaq evləri, körpələr evi, internat məktəbləri, qocalar evi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tələb olunan profilaktik tədbirlər görülüb, lazımi qoruyucu vasitələr təmin olunub.
Heydər Əliyev Fondu öz sosial missiyası çərçivəsində hər zaman ölkədə səhiyyənin inkişafına dəstək göstərib. Səhiyyə sahəsində illər boyu qazanılan təcrübə və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əldə etdiyimiz uğurlar bu gün bizə bu mübarizədə səhiyyəmizə lazım olan dəstəyi göstərməyə imkan yaradır.
Fondun rəhbərliyinin dəstəyi ilə biz uzun illərdir ki, ÜST ilə sıx və uğurlu əməkdaşlıq edirik. Bu gün başlanmasını elan etdiyimiz bu layihə bir daha Heydər Əliyev Fondunun hər zaman səhiyyəmizlə birgə olduğunu sübut edir. Fondumuz bu çətin günlərdə 24 saat ərzində bütün səhiyyəmizə və hər bir vətəndaşımıza lazımı yardım göstərməyə hazırdır".