“NATO ATƏT-in Minsk qrupunun formatını dəstəkləyir” Hadisə

“NATO ATƏT-in Minsk qrupunun formatını dəstəkləyir”

NATO ATƏT-in Minsk qrupunun formatını və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. APA-nın verdiyi məlumata görə, bu sözləri NATO-nun Cənubi Qafqazdakı ofisinin rəhbəri, səfir Uilyam Lahyu erməni jurnalistin NATO-nun Uelsdəki sammiti zamanı Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu formatının dəyişdirilməsi məsələsini gündəmə gətirmək cəhdinin olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib. Lahyu qeyd edib ki, Azərbaycan tərəfinin bununla bağlı öz mövqeyi olsa da, bu vaxtadək ATƏT-in Minsk qrupuna alternativ tapılmayıb. "Münaqişənin nizamlanması üçün digər format yoxdur. Minsk qrupu yeganə formatdır və bu vaxtadək münaqişənin həllinə yönəlik yeganə təklifdir. Ona görə də NATO ATƏT-in Minsk qrupu formatının mövcudluğunda maraqlıdır", - deyə o vurğulayıb.
Alyans nümayəndəsi onu da bildirib ki, tərəflər hər hansı digər formatın yaradılması haqda qərar verməyənədək, NATO məhz Minsk qrupu formatını dəstəkləyəcək: "Bir daha xatırlatmaq lazımdır ki, NATO-nun missiyası münaqişələrin həlli deyil, bu, müdafiə xarakterli təşkilatdır. Alyans münaqişələrin nizamlanmasına cəlb olunan digər beynəlxalq qurumlara yardım edir".