Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib Hadisə

Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı göstərişinə əsasən yeni inşa edilən hərbi hissənin açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin iştirakı ilə hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı döyüş silah və sursatlarının saxlanması üçün anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.
Şəhərcik ərazisində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş yeni binanın açılış mərasimi olub.
Hərbçiləri və ailə üzvlərini təbrik edən Müdafiə naziri bu yaxınlarda Hövsan qəsəbəsində hərbi qulluqçular üçün istifadəyə verilən daimi mənzillərin və “Qobu Park-3” yaşayış kompleksinin açılışında Ali Baş Komandanın iştirakını qeyd edərək bu istiqamətdə görülən kompleks tədbirlərin dövlətimizin başçısının Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Nazir bu hərbi hissənin açılışını Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində atılan növbəti addım olduğunu qeyd edib.
Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı nəticəsində son illərdə planlı şəkildə hərbi qulluqçuların daimi və xidməti mənzillərlə təmin olunduğunu bildirən Müdafiə naziri bu işlərin davamlı olacağını diqqətə çatdırıb. Nazir deyib ki, cari ildə müxtəlif bölgələrdə, xüsusilə cəbhəboyu zonada yerləşən bir sıra hərbi hissədə 250-dən artıq xidməti mənzil istifadəyə verilib. Bu ilin sonunadək isə daha 200-dək xidməti mənzilin tikintisinin sona çatdırılması planlaşdırılır.
Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, beşmərtəbəli bina tam təmirli üçotaqlı 60 mənzildən ibarətdir. Mənzillər bütün kommunikasiya xətləri ilə təchiz olunub. Bina üçün nasosxana, hovuz, yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx və digər mebel dəsti ilə təmin edilib. Ərazi hasara alınıb, asfalt döşənib, uşaqlar üçün şəhərcik salınıb, idman qurğuları ilə təmin olunub, avtodayanacaq üçün yer ayrılıb, su təmizləyici qurğu quraşdırılıb və yaşıllaşdırma işləri görülüb. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub və ailələrin qayğıları ilə maraqlanıb.