“Ermənistanın təxribatçı əməlləri barədə həmsədrlər əvvəldən xəbərdar edilmişdi” Hadisə

“Ermənistanın təxribatçı əməlləri barədə həmsədrlər əvvəldən xəbərdar edilmişdi”

XİN: "XİN-in həmsədrlərə göndərdiyi məktubda da bildirilmişdi ki, Ermənistana aid hərbi uçuş vasitələri Azərbaycanın hava məkanına daxil olduqda, bu, ərazi bütövlüyünə təcavüz kimi qəbul ediləcək və müvafiq tədbirlər görüləcək"

"Azərbaycan Ermənistanın hər hansı təxribatçı əməlləri barədə ATƏT-in Minsk Qrupu həmsədrlərini əvvəldən xəbərdar etmişdi". APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib.
O qeyd edib ki, 2012-ci ildə Azərbaycan XİN tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə göndəril məktubda da bildirilmişdi ki, Ermənistana aid hərbi uçuş vasitələri Azərbaycanın hava məkanına daxil olduqda, bu, Azərbaycanın ərazi bütövlüyünə təcavüz kimi qəbul ediləcək və müvafiq tədbirlər görüləcək: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bütövlüyü çərçivəsində həll edilməsi əsasında vasitəçiliyi Minsk Qrupuna həvalə edib, danışıqlarda da məhz bu prinsipləri əsas tutaraq iştirak edir. XİN-in 12 noyabr açıqlamasında da qeyd edilmişdi ki, Fransua Olland tərəflərə Böyük Sülh Sazişi üzərində işə başlamaq çağırışı etmişdi. Azərbaycan da bildirmişdi ki, Böyük Sülh Sazişinə başlamağa hazırdır. Lakin Ermənistan münaqişənin həlli prosesinə mane olur. Biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq, lakin qarşı tərəfdən bu istiqamətdə heç bir səy görmürük. Azərbaycan öz hava məkanını 1993-cü ildən bağlı elan edib. Bu barədə İCAO-nun da xəbəri var. Biz mövqeyimizi əsaslı şəkildə izah etmişik, 12 noyabr tarixli bəyanatımızı ölkəmizdəki beynəlxalq təşkilatlara, nümayəndəliklərə də göndərmişik".