Fətullah Gülən haqqında həbs qərarı verilib Hadisə

Fətullah Gülən haqqında həbs qərarı verilib

"Samanyolu" televiziyasının rəhbəri Hidayət Karaca haqqında da həbs qərarı elan olunub

Nurçuların lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən haqqında həbs qətimkan tədbiri seçilib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə hökumətinə yaxın "Sabah" qəzetinin saytında məlumat verilib.
Məlumatda bildirilir ki, F. Gülən haqqında "terror təşkilatına liderlik etmək" ittihamı əsasında həbs qərarı çıxarılıb.
Xatırladaq ki, dekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb.
Qeyd edək ki, 1941-ci il təvəllüdlü Fətullah Gülən 1999-cu ilin martından ABŞ-ın Pensilvaniya ştatında yaşayır.
Dünən həmçinin Türkiyədə paralel dövlət strukturları yaratmaq ittihamı ilə "Nur" icmasına qarşı aparılan istintaq çərçivəsində dekabrın 14-də polis tərəfindən saxlanılan "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı məhkəmə tərəfindən sərbəst buraxılıb.
"Sabah" qəzetinin xəbərinə görə, polis və prokurorluqda 4 gün dindirildikdən sonra həbs qəti imkan tədbiri seçilməsi tələbi ilə məhkəmə önünə çıxarılan 12 nəfər haqqında qərar açıqlanıb. Məhkəmə Ə. Dumanlını ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıb. "Samanyolu" (STV) televiziyasının rəhbəri Hidayət Karaca, eləcə də keçmiş polis rəisləri Tufan Ərgüdər, Ərtan Ərçıktı və Mustafa Kılıçaslan haqqında isə "terror təşkilatına rəhbərlik etmək" ittihamı ilə həbs qərarı verilib.
Qeyd edək ki, dekabrın 14-də 13 vilayətdə həyata keçirilən polis əməliyyatı zamanı saxlanılan 30 nəfərdən 19-u sərbəst buraxılıb.