“Tarixdən şou düzəltmək olmaz” Hadisə

“Tarixdən şou düzəltmək olmaz”

Məhərrəm Zülfüqarlı: "Mövzu tarixdirsə, onunla bağlı da tarixçi danışmalıdır"

Azərbaycan tarixinin və görkəmli şəxsiyyətlərimizin qeyri-peşəkar formada təftişi mütəxəssislərin kəskin narazılığına səbəb olub.
Son dövrlərdə Azərbaycan tarixinin müxtəlif dövrləri və tarixi şəxsiyyətləimizlə bağlı diskussiyalar xeyli intensivləşib.
Bu məsələ keçmişimizə və tariximizdə mühüm rol oynamış insanlara yönəlik marağın artması kimi görünsə də, aparılan müzakirələr hətta qarşıdurma səviyyəsində kəskin mübahisələrə gətirib çıxarır.
Əlbəttə, tarix olduqca maraqlı bir sahədir və sovet dövründə keçmişimizin fərqli dönəmləri üzərinə çəkilmiş "qara pərdələr" çəkildikcə ortaya çıxan maraqlı məqamlar ətrafında aparılan müzakirələr təbii qarşılanmalıdır.
Lakin burada da "amma"sız keçinmək mümkün olmur. İş ondadır ki, ayrı-ayrı telekanal və radiolarda tarix mövzusuna həsr edilmiş debatların təşkilatçıları müzakirələrə mütəxəssisləri dəvət etmək əvəzinə, nədənsə, digər sahələrdə çalışanlara meydan verirlər. Təbii, hər hansı siyasətçinin və yaxud yazarın tarixlə əlaqədar normal səviyyədə ümumi məlumatı ola bilər. Amma unutmaq olmaz ki, bu, tarixdir və onun təqdimatında kimlərinsə şəxsi mülahizələri deyil, faktlar əsas götürülməlidir.
Qeyd olunmalıdır ki, nəzərdə tutulan verilişlərdə əsas müzakirə mövzusu, həm də mübahisə mənbəyi, əsasən, Babək və Şah İsmayıl Xətainin şəxsiyyəti, onların fəaliyyəti, milli mənsubiyyətləri və digər məqamlardır.
Nə qədər qəribə olsa da, həmin müzakirələrin demək olar, hamısında fəal iştirak edən millət vəkili Fazil Mustafanın Babək və Şah İsmayıl Xətai əleyhinə ardıcıl mövqeyi, onun sosial şəbəkələrdə fikirlərini daha da inkişaf etdirməsi bəhs olunan mübahisələrin uzanmasına yol açır.
Bu səpkidə diskussiya mədəniyyətinin səviyyəsi isə aydın məsələdir ki, təhqir və aşağılamalarsız keçinməyə imkan vermir. Yəni diletantların tarixlə bağlı qovğası nə keçmişimizə, nə də bu günümüzə fayda gətirmir.
Tarixin bu formada uğursuz təftişinin əleyhinə olan tarixçi-alim Məhərrəm Zülfüqarlı gün.Az-a açıqlamasında həmin verilişlərə qeyri-peşəkarların dəvət olunmalarını tənqid edərək, onların əsassız fikirlərinin çaşqınlıq doğurduğunu bildirib:
"Sözsüz ki, hər kəsin istənilən mövzuda öz fikirlərini sərbəst ifadə etmək hüququ var – buna kimsə qadağa qoya bilməz. Lakin unutmayaq ki, ciddi və həssas məsələlərdə əsaslı oldu-olmadı fikir bildirmək də doğru deyil.
Hər kəs öz sahəsi ilə məşğul olmalıdır – partiya sədrinin bütün mövzularda efirə çıxıb yerli-yersiz danışmasından daha mühüm işləri olmalıdır. Eyni zamanda, digərləri də ixtisaslarına, bilgilərinə, hətta səviyyələrinə uyğun gəlməyən mövzularda ictimai müzakirələrə qatılmaqdan çəkinməlidirlər.
Məhz onların məlumatsızlığının, konkret tarixi şəraitin reallıqlarını bilmədən danışmalarının nəticəsidir ki, yekunda cəmiyyətdə belə çaşqınlıq yaranır və əhəmiyyətsiz, hərdən təhqirə çevrilən mübahisələr doğurur. Ona görə də, mən o verilişlərin bu formada təşkilinə etirazımı bildirirəm. Mövzu tarixdirsə, onunla bağlı da tarixçi danışmalıdır".
M.Zülfüqarlı telekanal rəhbərliyini belə ciddi məsələlərə məsuliyyətlə yanaşmalı olduqlarını düşünür: "Hər halda, burada qeyri-peşəkarlara meydan verilməsinə də diqqət yönəldilməlidir. Telekanal rəhbərləri hansı verilişə kimlərin dəvət olunmasına ciddi yanaşmalıdırlar. Onlar da bilməlidirlər ki, tarixdən şou düzəltmək olmaz".