Prokuror sabiq nazirə cəza istəyib Hadisə

Prokuror sabiq nazirə cəza istəyib

Abşeron Rayon Məhkəməsində həbsdə olan sabiq nazir Nicat Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
N. Quliyevin vəkili Elton Quliyevin APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar edilib. Dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub.
N.Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb.