“Metropoliten ərazisi sahibkarların daimi istifadəsinə verilə bilməz” Hadisə

“Metropoliten ərazisi sahibkarların daimi istifadəsinə verilə bilməz”

Əliməmməd Huriyev: "O insanların yeni mərkəzlərdə fəaliyyətinə təminat verilməlidir"
Qadir İbrahimli: "Bütün ticarətcilərin huquqları necə qorunursa, eyni qaydada metro ticarətçilərinin hüquqları qorunmalıdır"
İlkin Bağırov: "Ticarət köşklərinin quraşdırılması təhlükəsizlik qaydalarına ziddir və yığışdırılmalıdır"

Bakı metropolitenində ticarət obyektlərinin ləğv edilməsi ilə bağlı yaranmış gərginlik davam edir. Ticarətçilər yenidən onlara metrostansiyalarda əvvəlki fəaliyyətlərinə icazə veriləcəyinə ümid etsələr də, "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Fuad Tağızadənin açıqlaması bu ümidlərin üstündən də xətt çəkdi.
Fuad Tağızadə bildirib ki, "Bakı Metropoliteni" QSC-nin əsas vəzifəsi sərnişindaşıma, sərnişinlərin təhlükəsizliyini, eləcə də rahatlığını təmin etməkdir: "Lakin son zamanlar "Bakı Metropoliteni" QSC-nin metro stansiyalarında ticarət köşkləri həddindən artıq artması nəticəsində səliqəsizlik və natəmizlik yaranıb". Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC yaranan ilk gündən əsas məqsədlərindən də biri də metro keçidlərindəki ticarətin birmənalı olaraq yığışdırılmasıdır: "Sərnişinlərin metrodan maneəsiz istifadəsini təmin etmək üçün metro stansiya keçidlərindəki bu vəziyyəti qaydaya salmaq niyyətindəyik". Fuad Tağızadənin sözlərinə görə, Bakı Metropoliteninin heç bir stansiyasında ticarət olmamalıdır: "Metro stansiyalarındakı ticarət köşklərinin harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu ticarət obyektlərində çalışan şəxslərlə həmişə bir aylıq müddətə müqavilə bağlanıb. Bu ilin fevral ayının sonunda onların müqavilələrinə xitam verilib və martın 1-dən dayandırılıb. Biz həmin ticarətçilərin fəaliyyətini ayın ortasında saxlamamışıq və ya onlarla illik müqaviləmiz yoxdur. Bir ayı tam işləyib icarə haqqını ödəyiblər. Ona görə də heç bir kompensasiyadan söz gedə bilməz". Qurumun baş mühəndisi qeyd edib ki, ticarət köşklərinin bağlanması mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, əvvəlcə ticarət köşklərinin bağlanması stansiyaların içindəki platformalardan başlayacaq: "Əvvəlcə şəhərin mərkəzindəki stansiyalardakı köşklər, daha sonra şəhər kənarındakı stansiyalarda fəaliyyət göstərən ticarət köşkləri bağlanacaq. Bu məsələni qısa zaman kəsiyində həll etmək niyyətindəyik". Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, metropoliten rəhbərliyi qərarını dəyişməyib.
Onu da əlavə edək ki, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən "Velotrekt"dəki yarmakanın da bir neçə aydan sonra söküləcəyi ilə bağlı məlumatldar yayılıb. Məlumatda bildirilir ki, "tolkuçka" Beynəlxalq Avtovağzaldakı ticarət mərkəzinə köçürüləcək.
Məlumata görə, bu köçürülmə avtovağzalda yeni metrostansiyanın açılışı ilə bağlıdır. Stansiyanın açılışından sonra yarmarkanın köçürülməsinə başlanılacaq.
Ümumiyyətlə metrostansiyalarının keçidində ticarət obyektləri olmalıdırmı?. Metro keçidlərində ticarətlə məşğul olan insanların hüquqları necə qorunmalıdır?
Ekspert Qadir İbrahimli bildirldi ki, dünya təcrübəsində metroda ticarət praktikası var: "Bütün ticarətcilərin huquqları necə qorunursa, eyni qaydada metro ticarətçilərinin hüquqları qorunmalıdır. Yəni qanuni yollarla".
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, ticarət fəaliyyəti icarə müqaviləsi əsasındadırsa, hər şey o müqaviləyə görə tənzimlənməli və tərəflər bununla razılaşdırılmalıdır: "İlk növbədə müəyyənləşdirmək lazımdır ki, mülkiyyətçi kimdir. Təbii ki, mülkiyyətçi metropolitendir. Metropolitendə ticarət köşklərinin fəaliyyəti Nazirlər Kabinetinin xüsusi bir qərarı ilə tənzimlənməli idi. Çox təəssüf ki, belə bir qərar zamanında verilməmişdi. Belə bir qərarın olmamasına baxmayaraq, Metropoliten ərazisi fərdi sahibkarlara istifadəyə verilmişdi. Yəqin ki, həmin fəaliyyət icarə müqaviləsi əsasında reallaşdırılıb. Belə olmayıbsa, demək faciə daha böyükdür. Çünki xüsusi rejimli dövlət obyekti olduğundan həmin ərazi sahibkarların daimi istifadəsinə verilə bilməzdi. Ümumiyyətlə, Metropoliten ərazisində ticarət köşklərinin olması yolverilməzdir. Neçə illərdir Metropolitendə ticarət köşkləri var, deməli, bu fəaliyyət icarə müqaviləsi əsasında tənzimlənib. Belədirsə, icarə müqaviləsinin pozulmasının qaydası mövcuddur. Əvvəlcədən icarədarlara xəbərdarlıq edilir, daha sonra həmin müqaviləyə xitam verilir. Yaxşı olardı ki, həmin köşk sahibkarlarına müəyyən zaman verilərdi və onlar Metropolitendən kənarda öz ticarət fəaliyyətlərini davam etdirmək üçün özlərinə şərait yaradardılar. Əgər onlara heç bir xəbərdarlıq olunmadan belə bir hal baş verirsə, təbii ki, onların bir icarədar kimi hüquqları pozulur".
Hüquqşünas həmçinin bildirib ki, Metropolitendə əvvəlcədən ticarət obyektlərinin qurulması düzgün deyildi: "Çox təəssüf ki, uzun müddətdir Metropolitendə kiçik sahibkarlar ticarətlə məşğul olur və dövlət orqanları buna göz yumurdu. Gün ərzində yüz minlərlə insan metrodan istifadə edir, keçiddən girib-çıxır. Sıxlıq yaranır, basabas olur. Əslində əvvəlcədən Metropoliten ərazisində ticarət obyektlərinin qurulması düzgün deyildi. Başa düşmək olar ki, ötən əsrin 90-cı illərdə işsizlik və ticarət mərkəzləri problemi var idi. Amma sonradan paytaxtın müxtəlif yerlərində ticarət mərkəzləri istifadəyə verildi və kiçik sahibkarlığa şərait yaradıldı. Yaxşı olardı ki, Metropolitendəki ticarət obyektləri zamanında həmin mərkəzlərə köçürülərdi. İndi köçürülürsə, hər şey qanuni şəkildə olmalıdır. O insanların yeni mərkəzlərdə fəaliyyətinə təminat verilməlidir. Təsəvvür edin ki, bir ailə başçısı bir gün qəflətən bütün gəlirlərindən məhrum olur və bu addım qətiyyən yolverilməzdir. Yəni, atılan addımda balansı qorumaq mümkün idi, təəssüf ki, buna da əməl olunmur. Ola bilər ki, həmin ticarətçilərin kiməsə bağlılığı olsun və qəflətən sökülmənin arxasında hansısa başqa məqamlar dayansın. Amma mən onlara bir vətəndaş, bir ailəsinə çörək aparan kiçik sahibkar kimi baxılmasının tərəfdarıyam. Havalar istiləşməyə doğru gedir və problem mərhələ-mərhələ həll olunsaydı, daha yaxşı olardı. Amma sahibkarlar da bilməli idi ki, mövcud qərar gec-tez veriləcəkdi".
Politoloq İlkin Bağırovun sözlərinə görə, Bakı Metropoliteni strateji mülki müdafiə obyekti hesab edilir: "Bilməyənlər də bilməlidir ki, xüsusi fövqəladə hallarda metro həm də insanların sığınacaq yeridir. Təhlükəsizlik prinsiplərindən irəli gələrək metroya bir dəqiqə ərzində neçə nəfərin girib-çıxa bilməsi, oradakı hava sirkulyasiyası dəqiqliyi ilə hesablanıb. Ona görə də mən dəfələrlə qeyd etmişdim ki, metro keçidlərində ticarət köşklərinin quraşdırılması təhlükəsizlik qaydalarına ziddir və yığışdırılmalıdır. Məsələn, əgər hansısa bir hadisə olsa, konkret vaxt müddətində müəyyən sayda insanın metrodan və ya metroya təxliyə edilməsi təmin edilməlidir. Lakin metrodakı ticarət obyektləri bu işlərə birbaşa mane olacaq və insanların həyatını təhlükə altına atmış olacaq".
Politoloqun sözlərinə görə, ticarət obyektləri metro stansiyalarına və stansiyalardan hava axınının da qarşısını alır ki, bu da daha iki təhlükəyə səbəb olur: "İnsanlarda diskomfort yaradır, onların tənəffüsünü çətinləşdirir, bəzi hallarda isə müəyyən çatışmazlığı olan insanların həyatını təhlükə altına qoyur. Stansiyalarda insanların tənəffüsü zamanı, eləcə də qrunt sularının buxarlanması nəticəsində meydana gəlmiş hava damcıları birbaşa beton və metal konstruksiyaların eroziyasını sürətləndirir ki, bu da metronun dağılması təhlükəsini yaradır".
İlkin Bağırov hesab edir ki, illərdir burada quraşdırılmış köşklərin birdən-birə bir günün içində yığışdırılması da düzgün deyil: "Hesab edirəm ki, əvvəlcə bununla bağlı ciddi maarifləndirici iş aparılmalı, belə bir addımın zəruriliyi əsaslandırılmalı, daha sonra müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla köşklərin sahiblərinə alternativ yerlər təklif edilməlidir".

Əli