Dövlət qulluqçularının peşə bayramı qeyd olunub Hadisə

Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə toplantı keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin şəxsi qayğısı ilə xeyli sayda azərbaycanlı gəncin o zamankı ittifaqın mötəbər ali təhsil ocaqlarında yüksək ixtisaslı mütəxəssislər kimi yetişdirildiyini, dövlət qulluğu üçün vacib olan milli kadr potensialının yaradıldığını vurğulayıb.
"Bu gün prezident tərəfindən hər bir dövlət qulluqçusu qarşısında qoyulan əsas vəzifə - əhaliyə xidmət göstərmək və dövlət məmuru kimi cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmaqdır. ƏƏSMN sistemində çalışan dövlət qulluqçularının da ümdə vəzifəsi bu prinsiplərə yüksək səviyyədə əməl etmək, dövlət qulluqçusu olmağın şərəfini uca tutmaq və məsuliyyətini aydın dərk etmək, əmək və sosial müdafiə sahəsində dövlət siyasətinin icrasını uğurla yerinə yetirmək, özünün vicdanlı iş tərzi, nümunəvi, nəcib davranışları, insanlarla mədəni rəftarı ilə çalışdığı dövlət qurumunun nüfuzunu qorumaqdır", - deyə nazir bildirib.
Səlim Müslümov ƏƏSMN sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbulun Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq şəraitində, dövlət qulluğu haqqında qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini bildirib: "Nazirlik sistemində müsabiqə yolu ilə tutulmaq üçün təqdim edilən vakant dövlət qulluğu vəzifələrinin siyahıları, eləcə də vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibələr üzrə bütün elanlar nazirliyin ƏƏSMN-nin rəsmi internet saytının ön səhifəsində müvafiq bölmədə təqdim olunur. Bu ilin ötən dövründə qeyd edilən komissiyanın müsabiqəsindən uğurla keçmiş 45 nəfər, habelə nazirliyin daxili müsahibəsindən uğurla keçmiş 8 nəfər nazirlik sistemində vakant dövlət qulluğu vəzifələrinə işə qəbul olunublar".
Azərbaycan prezidenti İlham Əliyevin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə bir qrup dövlət qulluqçusunun təltif edildiyini, onların sırasında Naxçıvan MR-nın əmək və əhalinin sosial müdafiəsi naziri Səfərov Cavid Fəxrəddin oğlunun da "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edildiyini bildirən nazir bunun möhtərəm dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemində çalışanların əməyinə yüksək dəyər verilməsinin bariz təzahürü olduğunu vurğulayıb.
Daha sonra dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən nazirlik əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.