Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

İyunun 24-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Milli Olimpiya Komitəsinin (MOK) birgə elan etdikləri "I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
MOK-un inzibati binasında təşkil onunan tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abıyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ölkənin 40-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri, habelə qalib jurnalistlər iştirak ediblər.
"Lider" televiziyasının "Zəfər günləri" telelayihəsi çərçivəsində canlı yayımlanan tədbirdə əvvəlcə Azərbaycan idmançılarının I Avropa Oyunlarında əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Eyni zamanda, bu oyunların mahiyyətinin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Milli Olimpiya Komitəsinin birgə keçirdiyi müsabiqənin müstəsna əhəmiyyəti qeyd olunub.
Daha sonra müsabiqənin nəticələri barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor qonaqları salamlayaraq Azərbaycanın bu günlərdə böyük bayram sevinci yaşadığını, idmançılarımızın qazandıqları parlaq qələbələrin hər bir azərbaycanlı üçün qürurverici olduğunu diqqətə çatdırıb. I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayan Vüqar Səfərli bu mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.
İcraçı direktor, həmçinin bildirib ki, Fondun və MOK-un birgə təşkilatçılığı ilə keçirilmiş fərdi jurnalist yazılarının başlıca məqsədi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən I Avropa Oyunlarının əsl mahiyyətinin ölkə ictimaiyyətinə çatdırılması, bununla bağlı jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması olub.
Vüqar Səfərli 2015-ci il aprelin 8-dən mayın 15-dək davam edən müsabiqəyə 34 kütləvi informasiya vasitəsindən 52 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. İcraçı direktor müsabiqənin yekun nəticələrinə görə 6 nəfərin əsas, 10 nəfərin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılması barədə qərar qəbul olunduğunu qeyd edib. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibinə 700, ikinci yerin qaliblərinə 500, üçüncü yerin qaliblərinə 300 manat, həvəsləndirici yerlər üçün 200 manat məbləğində mükafatın veriləcəyi bildirilib.
MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abıyev I Avropa Oyunları ilə bağlı operativ məlumatların hazırlanması və yayılmasında Azərbaycan jurnalistlərinin zəhmətini yüksək dəyərləndirərək KİV nümayəndələrinə təşəkkürünü bildirib. Fondun MOK-la keçirdiyi müsabiqənin əhəmiyyətinə toxunan Acağan Abıyev bunun ilk Avropa Oyunlarına sanballı töhfə olduğunu qeyd edib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ilk Avropa Oyunlarının ölkəmiz üçün böyük siyasi əhəmiyyətə malik idman hadisəsi olduğunu vurğulamaqla yanaşı, rəsmi Bakının təşkilatçılığının beynəlxalq miqyasda rəğbətlə qarşılandığını vurğulayıb. Müsabiqənin qaliblərini təbrik edən İsmayıl İsmayılov Fondun uğurlu layihələri sayəsində medianın MOK-la əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan idmançılarının uğurlu çıxışlarının gənclərin idmana marağının daha da artırılması, idmanın kütləviləşməsi, insanlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çəkib. Müsabiqənin qalibi olmuş jurnalistləri təbrik edən Əflatun Amaşov onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışlardan sonra müsabiqənin qaliblərinə diplomlar, pul mükafatları və MOK-un xüsusi hədiyyələri təqdim edilib.
Müsabiqədə 1-ci yerə "Bakı-Xəbər" qəzetinin müxbiri Vaqif Həsənov, 2-ci yeri "Futbol+qol" qəzetinin müxbiri Mirsəid Ağayev və "Olimpiya dünyası" qəzetinin məsul katibi Hürrü Abdullayev, 3-cü yeri isə "Azərbaycan" jurnalı və www.azyb.net saytının əməkdaşı Qəşəm Nəcəfov, "Kaspi" qəzetinin müxbiri Zeynəb Musayeva və "Paralel" qəzetinin redaktoru Akif Nəsirli layiq görülüb.
Daha 10 nəfər isə həvəsləndirici mükafat alıb.