Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirilib Mədəniyyət

Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirilib

Dünən Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, "Kaspi" Təhsil Mərkəzinin və "Kaspi" qəzetinin həmtəsisçisi, şairə, filologiya elmləri namizədi Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirildi.
ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Flora Xəlilzadə, jurnalist, şair-publisist Telli Pənahqızı, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva çıxış edərək şairənin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi. F.Səfiyeva "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda "Hüseyn Cavid. Əsərləri" kitabının nəşr olunduğunu qeyd etdi. O bildirdi ki, hər bir oxucunun təsəvvüründə Sona Vəliyeva maarifçi, ziyalı, şair, alim, xalqını və ailəsini çox sevən bir qadın obrazı kimi canlanır.
Tədbirin təşkilatçısı Sona Vəliyevanın yaradıcılığının, elmi işlərinin və peşə fəaliyyətinin vahid bir sistem təşkil etdiyini və bu sistemin bütünlüklə Azərbaycan ideyasına xidmət etdiyini diqqətə çatdırdı. O, Sona xanımın Azərbaycançılıq ideologiyasının əsas tədqiqatçılarından və yorulmaz təbliğatçılarından olduğunu vurğuladı. Kafedra müdiri söylədi ki, onun "Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolu" əsərinin Azərbaycançılığın təbliği sahəsində özünəməxsus rolu var.
Professor S.Vəliyevanın imzalar içində Azərbaycan türkünün də imzasının olması üçün böyük istedad və şücaət nümayiş etdirdiyini qeyd etdi. F.Səfiyeva tədbirin təşkilində dəstəyinə görə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova təşəkkürünü bildirdi. Yaradıcılıq gecəsində şairənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu. Onun özü və əsərləri haqqında qələm yoldaşlarının dediyi fikirlər səsləndi. Filologiya və Jurnalitika fakültəsinin I-III kurs tələbələrinin iştirakı ilə keçirilən yaradıcılıq gecəsində bildirildi ki, Sona Vəliyeva şeiri ictimai hadisə sayır. Qeyd olundu ki, onun heç bir şeiri millətin taleyindən, zamanın gətirdiyi dərdlərdən kənar deyil. Tədbirdə vurğulandı ki, şairənin "Arazbarı" kitabı öz ruhunu, iç dünyasını əks etdirir. Sona xanımın yaradıcılığında rənglərə verilən qiymətdən söz açıldı. Qeyd olundu ki, Azərbaycanın parçalanması, Güney - Quzey ayrılığı, Qarabağ ağrısı Sona Vəliyevanın yaradıcılığında ana xətt kimi keçir. Yaradıcılıq gecəsində tələbələr şairənin " Qərib payız", "Tənha sarı yarpaq", "Yarpaq-yarpaq", "Quruyan ərik ağacı ", "Ata evim", "Bir ana köçünə çatmamışam mən", "Salam, ata", "Ehtiyac", "Anamın əlləri", "Gəl sənə həzin bir şeir oxuyum", "Bu yağış mənə bənzəyir", "Yaman uzandı bu yaz yağışı", "Səni sevdim, Allahım", "Bu nə eşq sevdası, necə möcüzə", "Yollara yağış yağır", "Narın yağış", "Biraz günəş göndər", "Səni yola saldım", "Vallah gözə gəldi bu ilahi eşq", "Sənsiz keçən bir günüm", "İlləri əl-ələ verib gəlmişik", "Gəl gedək bu şəhərdən", "Sarı gözəl, sarı çiçək", "Bir az möhlət ver Allah" , "Arazbarı", "Ay Qaragilə", "Öncə can sağlığı deyən şəxslərə" şeirlərini söylədilər. Tədbirdə həmçinin şairənin sözlərinə bəstələnmiş mahnılar səsləndi, ədəbi-bədii kompozisiya nümayiş olundu. Sonra "Cəngi" mahnısının sədaları altında Azərbaycan bayrağı meydana gətirildi.
Sonda Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, "Kaspi" Təhsil Mərkəzinin və "Kaspi" qzəetinin həmtəsisçisi, şairə, filologiya elmləri namizədi Sona Vəliyeva çıxış edərək tədbirin təşkilində əməyi keçənlərə minnətdarlığını bildirdi. S. Vəliyeva ADU-nun onun yaradıcılığına böyük qiymət verərərək belə görüşü təşkil etdiyindən məmnunluğunu ifadə etdi. Söz yaradıcılığından danışan S.Vəliyeva bildirdi ki, Azərbaycan xalqı özünə məxsus dilini və mədəniyyətini bütün assimilyasiya basqılarından qoruyaraq bu günə kimi yaşada bilib. Şairə qeyd etdi ki, dil millətin var olmasında ən mühüm ünsürdür. O, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər bir insanın üzərinə məsuliyyət düşdüyünü dedi və yaddaşın millətin, xalqın formalaşmasında önəmli rol oynadığını vurğuladı. S. Vəliyeva Azərbaycan dilinin inkişafının, Azərbaycançılıq ideyasının müstəqillik dönəmindən sonra ümummilli lider Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilərək yalnız Azərbaycan Respublikasının deyil, bütün dünya azərbaycanlılarının ideologiyası səviyyəsinə yüksəldiyini diqqətə çatdırdı.
S.Vəliyeva ADU-nun rektoru Səməd Seyidova tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.