Bakı Xoreoqrafiya Akademiyası Tokio Balet Akademiyası ilə əməkdaşlığa başlayır Mədəniyyət

Bakı Xoreoqrafiya Akademiyası Tokio Balet Akademiyası ilə əməkdaşlığa başlayır

Yaponiyanın Tokio Balet Akademiyasının beynəlxalq əlaqələr departamentinin müdiri, balet artisti və xoreoqraf Andrey Orlov Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev ilə görüşüb. Bakalavr səviyyəsində təhsil almaq üçün BXA-nı seçən, əslən yapon olan Tomioka Akina da görüşdə iştirak edib.
Akademiyadan bildirilib ki, görüşdə Azərbaycan ilə Yaponiya arasında bədii təhsil və xoreoqrafiya sənəti sahəsində münasibətlər, eləcə də perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub. Timuçin Əfəndiyev bildirib ki, Azərbaycan bütün Şərqdə xoreoqrafiya ənənələrinə malik ilk ölkə olsa da, bu sahədə Yaponiya təcrübəsi BXA üçün böyük əhəmiyyət kəsb edir. Görüşdə noyabr ayında BXA ilə Tokio Balet Akademiyası arasında Yaponiyanın paytaxtında əməkdaşlıq haqqında müvafiq müqavilənin imzalanması barədə razılıq əldə edilib. Buna görə BXA-nın rektoru Yaponiyaya işgüzar səfərə dəvət olunub.
Daha sonra BXA-nın beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq Artisti Təranə Muradovanın müşayiəti ilə Andrey Orlov dərslərdə iştirak edib və akademiyanın maddi-texniki bazası ilə tanış olub. Təəssüratlarını bölüşən qonaq Azərbaycana ilk dəfə gəldiyini və Bakının onu heyran etdiyini söyləyib: "Bakıda qorunub saxlanılmış Şərq koloriti və yeni yaranan Qərb ab-havası hər kəsdə xoş əhvali-ruhiyyə yaradır. O vurğulayıb ki, burada aparılan son təmir işləri, yaradılmış şərait və imkanlar, yaradıcılıq mühiti, eləcə də müəllimlərin peşəkarlığı qısa müddətdə BXA-nın dünyanın ən aparıcı xoreoqrafiya akademiyaları ilə bir sırada dayanmasına şərait yaradacaq.
Andrey Orlov sevinc hissi ilə deyib ki, Tomioka Akinanın xoreoqrafiya üzrə təhsilini davam etdirməsi üçün BXA-nı seçməsi ən uğurlu seçimdir. Qonaq bir əsrə yaxın təhsil və sənət ənənələrinin olduğu BXA-da Tomioka Akinanın yüksək ixtisaslı kadr kimi yetişməsinə əmin olduğunu bildirib.