Əkbər Qoşalının “Ürək daşı” kitabının təqdimatı olub Mədəniyyət

Əkbər Qoşalının “Ürək daşı” kitabının təqdimatı olub

15 May

Tovuz rayonunun Qovlar şəhərində yerləşən Tovuz Gənclər Evində şair-publisist Əkbər Qoşalının nəşr olunmuş şeirlər kitabı “Ürək daşı”nın təqdimat və imza günü keçirilib.

Tədbir “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİB) və Tovuz Gənclər Evinin (TGE) təşkilatçılığı ilə reallaşıb.

Tədbiri TGE-nin direktoru Rauf Rüstəmov açaraq rəhbəri olduğu qurumun fəaliyyəti barədə danışaraq kitab haqqında öz fikirlərini bölüşüb.

Milli Məclisin deputatı Qənirə Paşayeva poeziyanın, ümumən ədəbiyyatın cəmiyyətin, özəlliklə gənc nəslin bədii təfəkkürünün və zövqünün formalaşmasında özünəməxsus rol oynadığını qeyd edib.

Q.Paşayeva deyib: “Tovuz Gənclər Evində belə bir tədbirin keçirilməsi həm ədəbiyyata bəslənən duyğuların, söz sənətinə verilən xəlqi və dövləti dəstəyin ifadəsidir, həm də müəllifin özünə, onun yaradıcılığına münasibətdir. İştirakçıların əksəriyyətinin gənclərdən ibarət olması isə məncə daha xoş və fərqləndiriləcək məqamdır. Çünki yeni nəsil yazarlarını təmsil edən müəllif, uzun müddət gənclərlə işləyib, istedadlı gənclərin üzə çıxmasına, onların yaradıcılıq örnəklərinin respublika və ümumtürk miqyasında tanınmasına çalışıb. Əkbər Qoşalı imzası həm bir şair olaraq, həm də bir ictimai xadim olaraq daha çox türk dünyası ilə assosiasiya olunur. Bu da təsadüfi deyil, onun təşəbbüsü ilə qurulan Dünya Gənc Türk Yazarlar Birliyinə başçılıq etdiyi müddətdə də, bu gün də, qardaş türkdilli ölkələrdə tədbirlər təşkil edir, kitablar nəşr etdirir. Bu planda, Əkbər Qoşalının dəvəti ilə respublikamıza gələn qələm adamlarının, nüfuzlu ədiblərin öz ölkələrinə döndükdən sonra Azərbaycan həqiqətləri barədə yazdıqlarını qədirbilənliklə xatırlatmaq istərdim”.

Sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Tovuz Təhsil şöbəsinin müdiri Validə Hüseynova, Aşağı Quşçu qəsəbəsində yaşayan şair Nazim Əhmədoğlu çıxış edərək öz ürək sözlərini bildiriblər. Çıxışçılar Əkbər Qoşalını bir yaradıcı insan, vətənpərvər ziyalı kimi xarakterizə edib, onun ədəbi yaradıcılığının ictimai fəaliyyəti ilə üzvi surətdə uzlaşdığını qeyd ediblər.

Kitabın müəllifi Əkbər Qoşalı tədbir təşkilatçılarına, iştirakçılara təşəkkürünü bildirərək belə tədbirlərin şərəfli olduğu qədər də, məsuliyyətli olduğunu deyib. O, öz yaradıcılıq yolu, ədəbiyyatın cəmiyyətin inkişafında yeri və rolu, “90-cılar” ədəbi nəslinin yaradıcılıq xüsusiyyətləri barədə fikirlərini bölüşüb, yeni şeirlərini oxuyub və oxucuların çoxsaylı suallarını cavablandırıb.

Sonda müəllif “Ürək daşı” kitabını imzalayaraq iştirakçılara təqdim edib.