Qarabağın atüstü oyunları Mədəniyyət

Qarabağın atüstü oyunları

Onlar özündə qədimliyi, zənginliyi və rəngarəngliyi ehtiva edir

II yazı

K.A.Ditriхsin və başqa tədqiqatçıların əsərlərində ХVIII-ХIХ əsrlərdə mövcud olmuş Qarabağ atlarının sadalanan tipiklik əlamətlərindən aşağıdakılar хüsusən diqqəti cəlb edir: "İlk növbədə dağlıq mənşəli atlara хas olan bədənin bütün hissələrinin harmonik və sıх surətdə əlaqəli olması, başın boyuna nisbətən mütənasib olması ilə yanaşı peysər hissəsinin güclü olması, dırnaqların möhkəmliyi, belin düz olması və yəhər yerinin hiss olunması, boyun kiçik olması, hərəkətlərində ağırlıq mərkəzini çevik saхlamaq qabiliyyətinin olması və bununla ən sürətli qaçış zamanı belə ani olaraq korpusun vəziyyətini dəyişərək dayanmaq qabiliyyətinin olmasıdır".
Belə xüsusiyyətlər atın oyunda iştirakı üçün çox vacibdir. Atın da oyun üçün münasibliyi Qarabağın atüstü oyunların oynanıldığı əski ənənəvi məkanlardan biri olmasını şərtləndirir. Bu baxımdan da Qarabağ atla oynanılan oyunların ən əski məkanlarından biridir. Atla oynanılan Çövkan oyununun da vətəni Qarabağdır. Ona görə də Qarabağın atüstü oyunları (o cümlədən oyun xarakterli at yarışları) atlı mədəniyyəti (at sürmə sənəti, atın və atlının məharəti) və atın ənənəvi mədəniyyətdəki iştirakı, yeri və rolunun səciyyəvi cəhətlərini öyrənmək üçün zəngin qaynaq hesab oluna bilər. Atla oynanılan oyunlar bir tərəfdən oturaq mədəniyyətin köçəri variantlarını təşkil edir, digər tərəfdən də bu oyunlarla gəncləri zəruri həyat şərtləri üçün hazırlayırlar. Oyunların heyvanlarla birlikdə keçirilməsi qətiyyən təsadüfi deyil. Oyunda iştirak edən heyvanlar o xalqın həyatında mühüm rol oynayır. Ona görə də at, uzunqulaq, dəvə, keçi kimi heyvanların türk mədəniyyətində önəmi nəzərə alınmalıdır. Məsələn, "Ənzəli" oyunu da ata (və ya eşşəyə) minmək vərdişlərini uşaqlara öyrədir. Oyunda keçinin rolu çox genişdir, lakin keçi ilə bağlı bir sıra oyunlar arxaikləşib. Atın isə türk mədəniyyətindəki yeri olduqca önəmlidir. Çünki burada at gerçək mənada "igidin qardaşıdır" və türk həyat tərzi atla birlikdədir, ondan ayrılmazdır. "Quş qanadıyla, adam atıyla" deyilir Kaşqarlının "Divan"ında.
2012 və 2014-cü illərdə Qarabağda ezamiyyətdə olduğumuz zaman topladığımız folklor nümunələri içərisində xalq oyunları və onlar haqqında olan məlumatlar xüsusi yer tuturdu. Ezamiyyətdə olduğumuz zaman onu da öyrəndik ki bölgədə bir çox xalq oyunlarını – "Çövkan", "Dirədöymə", "Çiling ağac", "Top al qaç", "Sərrast vur", "Motal-motal", "Qələndar, ay Qələndar", "Əl üstə kimin əli", "Bənövşə-bənövşəni" və s. indi də uşaqlar, həm də gənclər həvəslə oynayırlar. Qarabağ folklor nümunələrindən ibarət toplularda "Tərəkəmə oyunları" adı altında təsnif edilən "Papaq oyunu", "Dəsmal oyunu", "Keçipapaq oyunu", "Çoban oyunu" və s. haqqında məlumatları da bölgə söyləyicilərindən aldığımız məlumatlarla genişləndirdik. Qaynaqlar Qarabağda həm atçılığın, həm də atla oynanılan oyunların tarixinin qədim olduğunu təsdiqləyir. At yarışları atüstü oyunların əsas komponenti, hətta onun bazasıdır. Çünki əksər atüstü oyunlar cıdır vəziyyətində gerçəkləşir. Burada əsas faktorlardan biri sürətli hərəkət və çevik manevrlərdir.
Qarabağ atı bu xüsusiyyətlərə malik bir atdır. Kaşqarlı "Divanı"ndakı at yarışları haqqında məlumatlardan görünür ki, Türk Dünyasında belə yarışlar geniş yayılıb. Bu yarışların bir çoxunun oyun xarakterli olduğu müşahidə edilir. Məsələn, bu oyunlarda "dovşan qoyub at çapmaq" və ya "at qoyub at yarışmaq" ənənələri mövcud olub. Belə stimullaşdırıcı mükafatlar oyunun prinsipal keçməsinin əlaməti kimi diqqəti çəkir.
"Divan"da verilən bir xalq şeiri örnəyində deyilir: "Tokız atın yarıştım, aydım emdi al utar". Buradan aydın olur ki, oyunçulardan biri digərindən yarışaraq doqquz at udmuşdur və ona "acıq vermək" üçün "indi də al, öz atlarını otar" – deyir. Başqa deyilişlə, bu "öz uduzduğun atlara ilxıçılıq et" deməkdir. Təqdim edilən məlumatlar təkcə oyunu statik olaraq təsvir etmir, onun emosional effekti haqqında da təsəvvür yarada bilir. "Kitabi-Dədə Qorqud"da Bamsı Beyrək və Banu Çiçəyin qarşılaşmasında da at yarışı və əski mədəniyyətdəki rituallar müşahidə olunur. Hazırda bir çox türk xalqlarında, tatarlarda, başqırdlarda, çuvaşlarda, altaylarda, qazaxlarda, qırğızlarda və başqalarında bayram mərasimlərində atüstü oyunlar icra edilir. Qaynaqlardan aydın olur ki, uzun məsafəyə yarışlar (bayqa), at üstündə güləş (sais, oodarış), keçi cəmdəyini əldə etmək uğrunda mübarizə (kökpar, koqkari, ulak), topla oyun (çövkan, quy bozi) və s. oyunlar müasir ənənədə davam etməkdədir. Bunların içində "kızkuu", "çövkan", "sürpapaq", "isindi", "papaq oyunu", güc sınama oyunları "kökpar", "oodariş", at yarışları "bayqa" və başqa oyunlar var. Atla oynanılan oyunlar fərdi və kollektiv şəkildə olur. Bu oyunlarda qaliblər üçün mükafatlar da nəzərdə tutulur. Belə mükafatlandırma müasirliklə bağlı olmayıb, ənənədən gələn bir hadisədir. Bu oyunlarda oyunun zamanı və məkanı müəyyənləşdirilir. Oyun hakim tərəfindən idarə olunur. Belə yarışlarda müxtəlif cinslərədən olan atlar iştirak edirlər. Yarışa daxil olan atların, yəhəri, yüyəni, tapqırı, üzəngisi, quşqunu yerində olmalıdır və bunlar yarış öncəsi yoxlanılır. Atla oyunların bir xüsusiyyəti də ondan ibarətdir ki, bu oyunlarda iştirak edən atlar minik atları olmalıdır. Xüsusilə, yük yabılarının bu oyunda iştirakı məqsədəuyğun deyil.
İgidlik (cigitlik) adlı atüstü oyunlarda at sürənin (atlının) at sürmə məharəti nümayiş etdirilir. Bu oyunda atlı at üstündə müxtəlif akrobatik hərəkətləri yerinə yetirir. Məsələn, sürətlə gedən atın üstündə, yəhərin üstündə ayaq üstə durur, (hətta bizim söyləyicilərdən biri yəhərdə başı üstə durub at çapan adam haqqında danışdı), atın qarnının altından keçir, yerdən müxtəlif əşyalar götürür və s. tryukları yerinə yetirir. Belə oyunlar üçün təxminən 300 metr məsafəlik bir cıdır nəzərdə tutulur. Bu oyunların yerinə yetirlməsi zamanı atın büdrəməsi, dayanması və ya atlının yerə yıxılması məğlubiyyət sayılır.Yerdən dəsmal (pul) götürmə. Bu oyuna qazax və qırğızlar "tənqəlü" də deyirlər. Bu da pul mənasında olan "tənqə" sözü ilə əlaqəlidir. Çünki oyunun əsas komponentini yerdən götürüləcək "tənqə" təşkil etməkdədir. Bu oyun atlıya yəhərdə oturarkən yüksək manevr etmə imkanı qazandırır. Atı idarə etmək üçün də cəld hərəkətlər formalaşdırır. Oyun Azərbaycanda, o cümlədən Qarabağda geniş yayılıb. Komanda şəklində oynandıqda hər komandada üç atlı iştirak edir. Hər bir uğurlu hərəkət (dəsmalı götürmə) müsbət xal, hər bir uğursuz hərəkət (dəsmalı götürə bilməmək) mənfi xal qazandırır, yəni xal itkisinə səbəb olur. Beləliklə, oyun yarış xarakterini qoruyur və oyunda udan və uduzan komandalar olur.
Papaq götürmə (papaq oyunu). Azərbaycanın digər bölgələri üçün də xarakterik olan bu komik oyun Qarabağ tərəkəmələri arasında da geniş yayılmış oyunlardan biridir. Bu oyunun əsas məqsədi başındakı papağı qorumaq və rəqibin papağını götürməkdir. Oyunda beş oğlan və bir qız atlı iştirak edir. Oyunun qaydasına görə qız atlı oğlanların papağını götürə bilər, oğlanlar isə qızın baş geyimini, yaylığını götürə bilməzlər. Oyun 200 metrlik cıdır meydanında icra olunur. Oyunun müddəti təxminən 10 dəqiqədir. Oyunun sonunda başında papağını qoruya bilməyən atlıların atı əllərindən alınır və özləri də papaqla döyülərək meydandan qovulurlar. Oyun zamanı atı itələmək, papağın yerdən qaldırılmasına mane olmaq olmaz. Oyunun dinamikliyini təmin etmək üçün atla yavaş hərəkət etmək də qadağandır.
Sürpapaq oyunu (papaq götürmə). Bu oyun 150-200 metr uzunu və 60-120 metr eni olan meydançada oynanılır. Meydanın hər iki başında 3 m hündürlüyündə dirək və onun da üzərində 50 sm halqa olur. Qoyun dərisindən olan üstü yunlu və içi taxta yonqarı ilə doldurulmuş papağla bu oyun oynanılır. Oyuna hər ikisi 6 nəfərdən ibarət iki komanda iştirak edir. Onlardan 4-ü hücumçu, 2-si isə müdafiəçi olur. Oyun 10 dəqiqəlik iki taymdan və aradakı 10 dəqiqəlik fasilədən ibarətdir. Oyunda papağı oyunçular bir-birinə ötürərək nəhayət, onu dirəyin başındakı halqadan keçirməyə çalışırlar. Bu həndbol oyununa bənzər bir oyundur. Oyunda meydançadan çıxmaq, papağı oradan atmaq, papağı əlində 4 saniyədən artıq saxlamaq, papağı atmadan əldən-ələ vermək, rəqib oyunçunu və ya atını vurmaq qadağandır. Qaydaların pozulması halında cərimə zərbəsi təyin edilir və ya qayda pozan oyunçu oyundan çıxarılır.
Qızqovma oyunu (kızkuu, kızkumay). Bu oyun Orta Asiyada, Qazaxstanda və Qırğızıstanda geniş yayılıb. Digər türk ölkələrinin oyun ənənəsində də bu oyuna rast gəlinir. Oyunda bir neçə cütlük iştirak edir. Burada atlı oğlanlar və qızlar iştirak edirlər. Atlı qız öndə getməli, atlı oğlan isə ona çatmalıdır. Əgər oğlan ona 300-400 metrlik cıdır məsafəsində çata bilməsə, geriyə doğru qız oğlana çatmalıdır. Əgər qız ona çatarsa, o zaman onu əlindəki qamçı ilə vurur. Bu oyunun variantları çoxdur. Bir variantda oğlan qıza çatıb onun əlindəki dəsmalı almalıdır. Oyun komanda ilə oynanılır. Hər komandadan 2-3 cütlük bu oyunda iştirak edir. Atlı qız üçün iki at boyu qədər ara məsafə verilir ki, o öndə getsin. Oyunda at sürmək məharəti, geyim, oyunçu rolunun mahir ifası, atın görünüşü, ara məsaəfəsində çevik hərəkətlər və s. qiymətləndirilir.
Boz qurd oyunu (kokpar). Orta Asiya türklərində atüstü oyunlardan biridir. Oyun olduqca qədimdir. Hazırkı vəziyyətində o, atsürmə vərdişlərinin gücləndirilməsinə xidmət edir. 50-60 metr məsafədə bir ağacdan bir keçi cəmdəyi asırlar və bir dəstə atlı o cəmdəyi götürmək uğrunda yarışır. Kim cəmdəyi götürürsə o, qalib olur. Audarsıpak oyunu at sürərkən bir-birinə mane olmaq, onun yolunu kəsməkdən ibarət olub, daha güclü və daha çevik at seçiminə imkan verir. Kume alu oyununda atla çaparaq yerdən pulları yığmaq lazımdır. Yarışda kim çox pul yığsa, o da qalib sayılır. Alaman bayqa oyununda da əsas məsələ at seçimidir. Bu oyun uzun məsafəli at yarışıdır. Məsafə uzun olduğu üçün hər at bu yarışa davam gətirə bilmir. Ona görə də bu oyunda həm ənənəvi atlı-köçəri mədəniyyətinin adətləri qorunur, həm də uzaq məsafə üçün davamlı at seçimi həyata keçirilir. Belə oyunlar əlamətdar günlərdə, böyük bayramlarda təşkil olunur.

Ağaverdi Xəlil,
filologiya üzrə fəlsəfə doktoru