İranla iqtisadi əlaqələr müzakirə edilib İqtisadiyyat

İranla iqtisadi əlaqələr müzakirə edilib

Tərlan

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib. Nazir Şahin Mustafayev qonşu İranla Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, avqust ayında Azərbaycan nümayəndə heyətinin İrana səfəri və keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını vurğulamışdır. İranın səfiri Möhsün Pakayi İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsini qeyd etmiş, alternativ enerji, dağ-mədən sənayesi, neft maşınqayırması, bankçılıq sahələrində də əməkdaşlıq imkanlarını vurğulamışdır. Səfir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti - 10-cu iclasının Tehranda keçirilməsini təklif etmişdir.
Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, bu ilin avqust ayında Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində müzakirə edilən məsələlərin icrası, oktyabrda İran nümayəndə heyətinin Azərbaycana və bu ilin sonunda Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.