SOCAR-da AÇG yataqlarının işlənməsi üzrə işgüzar görüş İqtisadiyyat

SOCAR-da AÇG yataqlarının işlənməsi üzrə işgüzar görüş

Tural

Oktyabrın 5-də SOCAR-ın Baş ofisində "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsi layihəsinin tərəfdaşları - BP, Statoil, Exxon Mobil, Shevron, İtochu, İNPEX, TPAO, ONCL Videsh şirkətlərinin təmsilçiləri ilə SOCAR və SOFAZ rəhbərliyinin görüşü keçirilmişdir. Görüşdə "Azəri", Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin birgə işlənilməsinə dair 1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri ilə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) tarixə "Əsrin müqaviləsi" kimi əbədilik həkk olunduğu qeyd edilmiş, bu hadisənin regional və qlobal əhəmiyyəti vurğulanmışdır. HPBS üzrə uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə edən görüş iştirakçıları layihənin indiki və gələcəkdə mümkün inkişafı haqqında ətraflı fikir mübadiləsi aparmışlar.
BP və tərəfdaş şirkətlərin nümayəndələri Azərbaycan Respublikasında xarici investisiyaların təşviqi və qorunması üçün sabit şəraitin yaradıldığını yüksək qiymətləndirmiş, mövcud əlverişli biznes mühitinin enerji layihələrinin inkişafında mühüm rol oynadığını qeyd etmişlər. Bildirilmişdir ki, tərəfdaşlar gələcək fəaliyyət planlarında bunu məmnuniyyətlə nəzərə alırlar. Layihənin operatoru olan BP və görüşdə təmsil edilən digər xarici şirkətlərin nümayəndələri SOCAR-la uzunmüddətli əməkdaşlıq təcrübəsinin effektivliyini və onun etibarlı tərəfdaş olduğunu xüsusi vurğulamışlar.
Görüşdə qeyd olunmuşdur ki, BP və tərəfdaşlarla SOCAR arasında AÇG layihəsinin gələcək inkişafı üzrə uzunmüddətli texniki müzakirələr aparılmışdır. Müzakirələrin gedişində "Azəri", "Çıraq" və dərinsulu "Günəşli" yataqlarının hələ də böyük potensiala malik olduğu müəyyən edilmişdir. Aparılmış müzakirələrdə həmçinin yataqlar blokundakı resursların mövcud HPBS müddətindən sonrakı dövrlərdə birgə işlənməsinin effektivliyi məsələsi də araşdırılmışdır.
Görüşdə AÇG yataqları üzrə gələcək işlənməni nəzərdə tutan sazişin mövcud tərəfdaşlarla bağlanılmasının mümkünlüyü qeyd edilmiş və SOCAR-ın mövcud tərəfdaşlarla yeni saziş bağlamaq niyyəti bəyan olunmuşdur. Bu niyyət BP və digər tərəfdaş şirkətlərin təmsilçiləri tərəfindən məmnuniyyətlə qarşılanmışdır. Tərəflər gələcəkdə atılacaq addımların koordinasiya olunması barədə razılığa gəlmişlər.