Vergilər Nazirliyi işçi axtarır İqtisadiyyat

Vergilər Nazirliyi işçi axtarır

Müsabiqə üzrə test imtahanı iyunda keçiriləcək

Vergilər Nazirliyi vergi orqanlarında işə qəbulla bağlı müsabiqə elan edib. Nazirlikdən verilən məlumata görə, vergi orqanlarında işləmək istəyən şəxslər mayın 5-dən mayın 18-dək sənədlərini elektron qaydada nazirliyə təqdim etməlidir. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində nazirliyin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.
Sənədləri qəbul edilən namizədlər 30 maydan 1 iyuna qədər imtahana buraxılış vərəqələrini nazirliyin inzibati binasından götürməlidirlər. Müsabiqənin test imtahanı iyunun 3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi yerdə keçiriləcək. Müsabiqəyə Şamaxıda 2, Şirvanda 3, Lənkəranda 2, Beyləqanda 3, Qəbələdə 1, Yevlaxda 2, Zaqatalada 1, Şəmkirdə 2 və Gəncədə 1 yer olmaqla, ümumilikdə 17 vakant yer çıxarılıb. Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.
Vergilər Hazirliyi iqtisadi proseslərdə daha çevik olmağa çalışır. Nazirlik vergi sistemində müasir informasiya texnologiyaları, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdirmək niyyətindədir. Vergi islahatları ilə yanaşı nağdsız ödənişlərin stimullaşdırılması, nağd ödəmələrin həcminin məhdudlaşdırılması, əmək münasibətlərinin leqallaşdırılması və əmək müqavilələrinin bağlanılmasının təmin edilməsi hesabına vergitutma bazasının daha da genişləndirilməsinə nail olunmalıdır.
Hazırda vergidən yayınma halları ən çox pərakəndə ticarət və iaşə xidmətində müşahidə edilir. Pərakəndə ticarət, ictimai iaşə, ümumiyyətlə, kassa aparatları ilə əlaqədar fəaliyyət göstərən vergi ödəyiciləri bir qayda olaraq vergidən yayınmağa çalışır. Bu sahədə yayınmağa cəhd kifayət qədərdir. Vergilər Hazirliyi kassa aparatlarının tətbiqi məsələlərinə praktiki olaraq nail olsa da, bu gün hətta Bakı şəhərinin özündə belə əksər hallarda kassa aparatlarından istifadə edilmir. Ona görə də kassa aparatları və POS-terminalların tələb olunan bütün obyektlərdə quraşdırılması və onlardan istifadə, eləcə də işçilərdə əmək müqavilələrinin bağlanması prioritet məsələlərdəndir.
Hələ də bütün pərakəndə ticarət müəssisələrində, xidmət obyektlərində müştərilərlə haqq-hesab aparılması üçün ödənş kartları ilə xidmət göstərilməsi sistemi tam formalaşmayıb. İnsanların banklara və adi kartlara da inamı arzu olunan səviyyədə deyil. Kart sahibləri nəzərə almırlar ki, hətta adi xərclərini belə kart vasitəsilə nəğdləşdirmə olmadan ödəyə bilərlər. Bunun nəticəsidir ki, pərakəndə ticarətdə qeyri-nəğd hesablaşma aşağı səviyyədədir. Bu isə vergidən yıyınmaya şərait yaradır. Çoxları hələ də plastik kartın əsas üstün xüsusiyyətlərini bilmir. Mərkəzi Bank bu sahədə ciddi və geniş maarifləndirici işlər aparmalıdır. Adamlar bilməlidir ki, plastik kartların hansı rahatlıqları var. Əslində kart sahibi nəğd pul daşımaqdan azad olur və hesablaşmaları, alqı-satqını, dükanda alveri onun vasitəsilə apara bilər. Amma reallıqda ölkədə az sayda vətəndaş bu imkanlardan istifadə edir. Böyük əksəriyyət üçün isə hələ də qeyri-nəğd hesablaşmalar yad bir prosesdir. Ona görə də indiyədək ölkədə qeyri-nəğd hesablaşmalara böyük keçid, bütün ticarət müəssisələrində plastik kartlarla hesablaşmaları tətbiq etmək mümkün olmayıb. Gərək infrastruktur formalaşsın, əhali və ticarət şəbəkələri plastik kartlar və pos-terminallarla işləməyə öyrəşsinlər. Doğrudur, son bir neçə ildə Azərbaycanda plastik kartlar bazarının müəyyən inkişafı, hətta bu sahədə banklar arasında rəqabət nəzərə çarpmaqdadır. Həğdsiz ödəmə və rahat daşınma imkanları verən həmin kartlara əhalinin marağını cəlb etmək üçün banklar müəyyən əlavə xərclərə - investisiya qoyuluşunua da gedirlər. Bankirlər hesab edir ki, əhali getdikcə nəğdsiz ödəmələrə alışır, əksər iri ticarət və xidmət obyektləri də belə sistemin işləməsini təmin edir və plastik kartlardan istifadə artmaqdadır.
Azərbaycanda nağdsız ödənişlərin inkişafı və nağd ödənişlərin məhdudlaşdırılması istiqamətində görülməsi planlaşdırılan bütün tədbirlər bir sıra mühüm iqtisadi məqsədlər güdür. Hazırda ölkədə plastik kartlarla aparılan əməliyyatların həcminin təxminən 94-95%-i nağd pulların çıxarılması üzrə əməliyyatların payına düşür. Ölkədə hazırda təxminən 5 milyon plastik kart var, lakin müxtəlif tədbirlər həyata keçirmədən, yalnız kartların sayını artırmaqla hər hansı müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bu səbəbdən nağdsız ödənişlərin artırılması və nağd ödənişlərin məhdudlaşdırılması üzrə müəyyən tədbirlər həyata keçirilməlidir.
Yaxın illərdə büdcənin cari xərcləri əsasən vergi daxilolmaları hesabına ödənilməli, Dövlət Neft Fondundan transferlər isə yalnız irimiqyaslı investisiya layihələrinə yönəldilməlidir. Bunun üçün dövlət büdcəsinin gəlirlərinin ciddi artımına nail olunmalıdır. Lakin bu, vergi yükünün artması hesabına deyil, iqtisadi artım templərinin yüksəldilməsi, vergi inzibatçılığı və sahibkarlarla tərəfdaşlıq münasibətlərinin, eləcə də vergi nəzarətinin gücləndirilməsi nəticəsində vergitutma bazasının genişləndirilməsi hesabına ola bilər. Azərbaycanda hələ vergilərə cəlb edilməli geniş potensial mövcuddur. Nağdsız ödənişlərin həcminin artırılması vergitutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm mənbələrdən biridir və Azərbaycanda bu sahə yaxın zamanlarda qabaqcıl Avropa ölkələrində mövcud olan səviyyəyə çatdırılmalıdır.