“Şahdəniz Mərhələ 2” üzrə işlər tamamlanır İqtisadiyyat

“Şahdəniz Mərhələ 2” üzrə işlər tamamlanır

Hazırda "Şahdəniz Mərhələ 2" layihəsi üzrə işlər - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 92 faizdən çox tamamlanıb və bu, layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. "BP-Azerbaijan" şirkətindən verilən məlumata görə, cari ilin birinci rübündə də layihə üzrə tikinti işləri uğurla gedir. Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Mart ayında layihə daha bir mühüm hadisəni qeyd edib: "Şahdəniz Mərhələ 2" üçün tikilən platformalardan ikincisinin də dayaq bloku Bakı Dərin Özüllər zavodundan dənizdə quraşdırılmaq üçün yola salınıb. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodundan yola çıxaraq Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsində uğurla suya salınıb və quraşdırılıb. Hazırda burada son tamamlanma işləri görülür.
Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş "Xankəndi" gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda davam edir. Gəminin 900 ton gücündə olan əsas kranı bu yaxınlarda yükqaldırma sınağından uğurla keçib. Gəmi cari ilin yayında zavodun yanalma körpüsündən dəniz sınaqlarına yola salınacaq ki, bu da "Şahdəniz Mərhələ 2" layihəsi çərçivəsində başa çatdırılan ən iri işlərdən biri olacaq.
ATA tikinti-quraşdırma sahəsində "Şahdəniz-2" platformasının hər iki üst modulunun tikintisi yekunlaşıb və hazırda istismar sınaqları sona yaxınlaşır. Bu modulların dənizə yola salınması və quraşdırılması cari ilin yayına planlaşdırılır.
Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında "Şahdəniz-2"dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə, "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.