Böyük Britaniya ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq İqtisadiyyat

Böyük Britaniya ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətinə məxsus saytda Birgə Hökumətlərarası Komissiyanın cari il mayın 22-də keçirilmiş 3-cü iclasına və Azərbaycan-Böyük Britaniya əlaqələrinin bərpaolunan enerji sahəsində yeni əməkdaşlıqla möhkəmləndirilməsinə həsr olunmuş məqalə yer alıb. Energetika Nazirliyindən bildirilib ki, yazıda Böyük Britaniya və Azərbaycanın bərpaolunan enerji sahəsinin inkişafı da daxil olmaqla energetika sektorunun qarşısında duran çağırışlara uyğun birgə səyləri yeniləmək niyyətlərindən bəhs edilib. Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi və Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun iqtisadiyyatları şaxələndirmək, “yaşıl enerji”yə sərmayə qoymaq və bərpaolunan enerji sahəsində imkanlardan istifadə etməklə bağlı razılığa gəldikləri qeyd olunub.

Bildirilir ki, Böyük Britaniya bərpaoluna bilən enerji sektorunda və “təmiz enerji” istehsalında dünya lideridir, emissiyaları hər hansı digər “Böyük yeddilik” ölkələri ilə müqayisədə daha sürətli şəkildə azaldır. Külək enerjisi, “yaşıl maliyyə” və tullantıların idarə olunması üzrə aparıcı ölkə olan Birləşmiş Krallıq iqtisadiyyatın şaxələndirilməsində Azərbaycanı dəstəkləməyə hazırdır.

“Azərbaycanın Böyük Britaniyanın mühüm ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 66,4 faiz artaraq 1 milyard funt sterlinq həcmində olub. Bu da həm Britaniya, həm də Azərbaycan biznesləri, istehlakçılar və ixracatçılar üçün potensial imkanların göstəricisidir”, - deyə yazıda vurğulanır.

Ticarət Siyasəti üzrə dövlət naziri C.Hollinqberi deyib: “Hazırda 400-dən çox Britaniya şirkətinin fəaliyyət göstərdiyi Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkələrindən biridir və əsas ticarət tərəfdaşımızdır. 40 ildən artıq bir dövr ərzində ilk dəfə müstəqil ticarət siyasətimizə rəhbərlik etdiyimiz üçün Birləşmiş Krallıq iki ölkə arasında ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı razılığa gəlib və bərpaolunan enerji ilə bağlı bugünkü yenilənmiş öhdəlik bizi buna təşviq edən ilk addımdır”.

Məqalədə Azərbaycanda Böyük Britaniya investisiyasının ümumi investisiyanın 51 faiz təşkil etdiyi, enerji şirkətləri ilə yanaşı, “SNC-Lavalin Atkins” də daxil olmaqla bir sıra Britaniya şirkətlərinin regionda uğurla fəaliyyət göstərdiyi qeyd olunub. "Atkins Azərbaycan" şirkətinin ölkə üzrə meneceri Ceyms Todd deyib: “Azərbaycan “Atkins” üçün maraqlı bir bazardır və biz şəhər master planlaşdırmadan bərpaolunan enerji inkişafına qədər olan sahələrə əlavə dəyər qatmaq üçün çoxşaxəli inteqrasiya təcrübəsi və yerli tərəfdaşlıqlarımızı istifadə etməyə çalışırıq. Son 3 ildə güclü artım yaşadıq və inkişaf edən bir iqtisadiyyat, Böyük Britaniyanın güclü dəstək şəbəkəsi, təcrübələrimizə uyğun olaraq artan bazar xidmətlərinin dəstəyi ilə bunun gələcəkdə davam etməsini gözləyirik”.

Yekun nəticə olaraq vurğulanır ki, Böyük Britaniya və Azərbaycan artıq güclü siyasi və ticari əlaqələrdən bəhrələnir, Britaniya şirkətləri Azərbaycan tərəfdaşları ilə birlikdə araşdırma və inkişafa investisiya qoyuluşu, bərpaolunan enerji, kənd təsərrüfatı, səhiyyə və təhsilin təşviqi ilə bağlı birgə maraqları dəstəkləmək üçün çalışmalıdırlar.