Misirdə turizm əlaqələri ilə bağlı görüş keçiriləcək İqtisadiyyat

Misirdə turizm əlaqələri ilə bağlı görüş keçiriləcək

Hər il bu ölkəyə milyonlarla turist axışır...

Mahir

Bu il avqustun 23-29-da Misirin Qahirə şəhərində Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçiriləcək. Mədəniyyət və Turizm Hazirliyinin məlumatına görə, Misirin turizm nazirinin dəvəti ilə Misirin turizm şəhərlərində mövcud real vəziyyətlə, təhlükəsizliklə bağlı görülən işlər və turizm obyektləri ilə yerində tanış olmaq məqsədilə keçiriləcək ikitərəfli görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev, planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cəfər Qarayev və Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə mütəxəssisi Elin Abasov iştirak edəcək.
80 milyon əhalisi olan Misirin əsas gəlir mənbələrindən biri turizm sektorudur. Burada turizm mövsümü sentyabr-oktyabr aylarından başlayır. Çünki yayda 45-55 dərəcə isti olduğundan qonaqların yerli şəraitə uyğunlaşması çətindir. Sonrakı aylarda isə havanın temperaturu 30-35 dərəcəyə qədər düşür. Fevral-mart aylarında Misirdə çox güclü küləkli günlər olduğundan həmin vaxt da səyahət etmək məsləhət deyil. Ümumiyyətlə isə qədim tarixə malik Misiri görmək, onun tarixi abidələrini ziyarət etmək, muzeylərini gəzmək, müasir istirahət mərkəzlərində dincəlmək çoxlarının arzusudur. Hər halda hər il Misirə gələn 10 milyondan artıq turist bu arzularını reallaşdırır, öz gözləri ilə dünyanın yeddi möcüzəsindən biri olan Misir ehramlarını görmək xoşbəxtliyinə yiyələnir.
Misir dövləti turistlərin xüsusi qayğısını çəkir. Qahirədə turistlər üçün ayrıca polis xidməti yaradılıb. Onları ağ geyimindən asanlıqla seçmək mümkündür. Hər hansı bir problemlə üzləşən turist polisə müraciət etməklə çıxış yolu tapa bilir. Hər halda Qahirə böyük şəhərdir və burada 18-20 milyon əhali yaşayır. Təkcə paytaxtda 8 milyon avtomobil var. Burada maşın tıxacları adi haldır. Hətta şəhərdəki 2-3 mərtəbəli körpülər də problemi tam həll edə bilmir. Şəhərin hər yerində dünyanın bir çox ölkələrindən gəlmiş turistlərlə rastlaşmaq mümkündür. Bütün Avropa ölkələrindən, Asiyadan, Rusiyadan, hətta Yaponiyadan bura böyük axı var. Məqsəd sadədir: Qədim və müasir Misirlə yaxından tanış olmaq, hər şeyi öz gözləriylə görmək. Bunun üçün çoxları 5-10 min dollarından keçir. Azərbaycanlılar bu ölkəyə 1500-2000 dollarla səyahət edə bilərlər. Türk hava yollarının xidmət göstərdiyi Bakı-İstambul-Qahirə təyyarə reysi çox əlverişlidir. 7-8 saata Qahirədəsən. Ancaq Misirə səfər etmək istəyənlərin turist şirkətlərinə müraciət etməsi məsləhətdir. Çünki əks halda bu, çox baha başa gəlir. Adətən şirkətlər Misirdə hər şeyi əvvəlcədən danışmaqla yoluna qoyurlar, gediləcək yerlər proqram üzrə nəzərdə tutulur, vaxt və maliyyə itkisinə yol verilmir. Həm da Misirin gəzməli-görməli yerlərini tanımaq məsələsi də var ki, bunu turist şirkətlərinə həvalə etsəniz, daha düzgün olar.
Turistlər Qahirənin mərkəzində yerləşən ehramlarla yanaşı antik əşyaların saxlandığı muzeylərə (o cümlədən, Misirin Mərkəzi Muzeyinə), məscidlərə və kilsələrə, Məhəmməd Əli qalasına baş çəkirlər. Habelə regionlara səfərlər təşkil olunur.
Məsələn, İsgəndəriyyə şəhəri çox cəlbedicidir, sanki Avropanı xatırladır. Buranı ziyarət etməyə dəyər. Əsl keyfiyyətli balığı buradakı restoranlarda dadmaq mümkündür. Habelə Roma imperiyası dövründə tikilmiş amfiteatr hələ də tarixi abidə kimi qorunub saxlanılır. Bura hər gün yüzlərlə turist gəlir. Bir neçə il öncə jurnalist kimi mənə həmin amfiteatrı ziyarət etmək qismət olub. İsgəndəriyyədə daha çox diqqətimi çəkən bütün dünyada məşhur olan İsgəndəriyyə kitabxanası idi. Bu kitabxananın əsası eramızdan əvvəl qoyulub. İki dəfə böyük yanğına məruz qalıb və sonuncu dəfə Makedoniyalı İsgəndərin dövründə atışma zamanı ora düşən top mərmisi onu yerlə-yeksan edib. Deyilənlərə görə, Zərdüştə məxsus məşhur "Avesta"nın əlyazmaları da həmin vaxt orada məhv olub. Sonradan bərpa edilən İsgəndəriyyə kitabxanası son dövrlərdə o qədər müasirləşdirilib ki, baxanda sadəcə heyran olursan. Kitabxana ən müsair kompüter texnologiyaları ilə təchiz edilib. Təsəvvür edin ki, burada kömpüterə bir komanda verməklə 7-8 dəqiqəyə kitab çap etmək mümkündür. Bununla yanaşı, kitabxanada böyük və işıqlı oxucu zalları var. Kitabxanada 600 min adda 8 milyona yaxın kitab toplanıb. Onların hər biri kompüterləşdirilib. Yəni, oxucu burada birbaşa kompüterin monitorundan həmin kitabları mütaliə etmək imkanına malikdir. Kitabxanada qədim və maraqlı eksponatlar da saxlanılır. Məsələn, onların içərisində diqqətimi çəkən indiyədək müxtəlif dillərdə çap olunmuş "Quran" nüsxələridir. Onların arasında Azərbaycan dilində çap olunmuş "Quran" da sərgiyə qoyulub. Habelə Məhəmməd peyğəmbərin imzası olan dörd məktub maraqlı tarixi-dini eksponatdır. Lakin həmin məktubların əsl nüsxələri İstambulda saxlanılır.