Azərbaycan-Belarus biznes forumu İqtisadiyyat

Azərbaycan-Belarus biznes forumu

Tural

Martın 13-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maşınqayırma, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov biznes forumdakı çıxışında Azərbaycan iqtisadiyyatı, eləcə də ölkəmizin Belarus Respublikası ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat vermişdir. Qeyd edilmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunmuş, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bunun nəticəsidir ki, xarici iş adamlarının ölkəmizə marağı artır, Azərbaycana yatırılan investisiyaların həcmi çoxalır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, eləcə də iş adamlarının artan imkanları ölkəmizi xarici investora çevirmişdir. Bu gün Azərbaycan iş adamları dünyanın bir çox ölkələrində həyata keçirilən layihələrdə uğurla iştirak edir, xarici ölkələrə investisiya yatırır. Rüfət Məmmədov Belarus iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
belarus-13-03-2015-2Belarus Ticarət-Sənaye Palatasının Minsk bölməsinin direktoru Aleksandr Fedorçuk Belarus Respublikasının iqtisadiyyatı barədə məlumat vermiş, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirmişdir.
Biznes forumda AZPROMO-nun nümayəndəsi Zaur Qardaşov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir. Təqdimat belarus iş adamları tərəfindən maraqla qarşılanmışdır. Sonra "Minsk" azad iqtisadi zonasının rəhbəri A.Axremçik təqdimatla çıxış edərək Minsk şəhərinin sənaye potensialı və "Minsk" azad iqtisadi zonasının fəaliyyəti barədə məlumat vermişdir. Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.