“Komissiyalar seçkilərin keçirilməsinə tam hazırdır” Müsahibə

“Komissiyalar seçkilərin keçirilməsinə tam hazırdır”

Mikayıl Rəhimov: "Seçki prosesinin gedişatına neqativ təsir edəcək hadisə olmayıb"


Seçki qanunvericiliyinə uyğun olaraq müşahidəçilər seçkiyə 5 gün qalmışa qədər dairə seçki komissiyasından, 10 gün qalmışa qədər isə Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçə bilərdilər. Bu müddət artıq bitib. Odur ki, bundan sonra müşahidəçilərin qeydiyyata alınması prosesi dayandırılıb. Seçki prosesini müşahidə edəcək yerli müşahidəçilərin ümumi sayı 60 min 909 nəfərdir. Bunların 2421 nəfəri MSK-dan, 58 min 488 nəfər isə DSK-lardan qeydiyyatdan keçib. Hesab edirəm ki, bu, kifayət qədər sanballı rəqəmdir".
Bunu Teleqraf.com-a müsahibəsində Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib. Müsahibəni təqdim edirik:

- Mikayıl bəy, Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinə hazırlığını necə qiymətləndirirsiniz?
- Seçkilərə hazırlıq mərhələsinə 2015-ci ilin əvvəllərindən başlanılıb, kifayət qədər də intensiv iş aparılıb. Demək olar ki, MSK və digər aşağı seçki komissiyaları seçkilərin keçirilməsinə tam hazırdır. Bizim artıq seçkiyə 5 gün qalmış yaradılan müəssisələrdə-Penitensiar Xidmətdə, hərbi hissələrdə komissiyaların yaradılması yekunlaşmaq üzrədir. Yəqin ki, qarşıdakı iki gün müddətində aydın olacaq ki, müvəqqəti yaradılan seçki komissiyalarında hansı sayda seçici iştirak edəcək. Bütünlüklə hazırlıq başa çatıb, biz seçki gününə hazırıq. Onu da qeyd edim ki, seçki bülletenləri hazırdır, müvafiq dairə seçki komissiyalarına çatdırılıb. Onlar öz növbəsində məntəqə seçki komissiyalarına bülletenləri çatdıracaq. Yəni, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçkiyə 3 gün qalmış bütün məntəqə seçki komissiyaları bülletenlərlə təmin ediləcək. Seçki məntəqələrində seçkini keçirmək üçün tələb olunan bütün avadanlıqlar quraşdırılıb, tədbirlər həyata keçirilib. Xüsusilə, "Azərişıq"la müvafiq müzakirələr aparılıb. Qarşıya məqsəd qoyulub ki, heç bir seçki məntəqəsində elektrik enerjisinin verilməsi ilə bağlı problem olmasın. Əgər belə bir problem olarsa, seçki məntəqələri müvafiq avadanlıqla təmin edilib. İşıqlandırmada hansısa fasiləyə yol verilməyəcək. Min seçki məntəqəsində xüsusi kameralar quraşdırılıb, görüntülər yenidən yoxlanılıb və hamısı saz vəziyyətdədir. Demək olar ki, Mərkəzi Seçki Komissiyası seçkiləri keçirmək üçün tam hazırdır. Xaricdə olan və işləyən Azərbaycan vətəndaşları noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməzlər. Bu, qanunun tələbidir. Biz parlament seçkiləri keçiririk, bu seçkilər isə konkret seçki dairəsinin ərazisini əhatə edir. Yəni, dairənin ərazisində yaşayan və qeydiyyatda olan vətəndaşlar bu seçkilərdə iştirak edəcək. Odur ki, xaricdəki vətəndaşlarımız-konsulluq və səfirliklərin əməkdaşları qanunun tələbinə uyğun olaraq yalnız prezident və referendumlarda iştirak edirlər. Bələdiyyə və parlament seçkilərində bu şəxslər iştirak etmirlər.
- Təbliğat-təşviqat mərhələsində MSK-ya şikayətlərin daxil olması mənzərəsi necədir?
- Burada aydın mənzərə var. İstənilən seçici və seçki marağı olan şəxs MSK-nın internet səhifəsini aça, seçkiyə start veriləndən indiyə qədər nə kimi şikayətlərin daxil olması və kim tərəfindən edilməsinə dair konkret informasiya ala bilər. Bu günə qədər daxil olan şikayətlər qanunun tələblərinə uyğun olaraq baxılıb və qiymətləndirilib. Həm də, şikayətlərə cavab verilib. Təbliğat-təşviqat mərhələsinə gəldikdə, xüsusi diqqət ayrılacaq şikayət daxil olmayıb. Təbii ki, müəyyən anlaşılmazlıq olub, namizədlərin digər seçki subyektlərinə, Mərkəzi Seçki Komissiyasına müraciətləri olub. Hesab edirəm ki, bu məsələlər operativ şəkildə araşdırılıb, ona baxılıb. Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xətti var. Gün ərzində qaynar xəttə onlarla, bəzən yüzlərlə zəng daxil olur. Seçki subyektləri bizimlə çox sıx əlaqə saxlayırlar. Hansısa hüquq pozmalar və anlaşılmazlıqlarla bağlı müraciət daxil olursa, dərhal reaksiya verilir və yerindəcə öz həllini tapır. Yəni, xüsusi narahatlıq doğuran, seçki prosesinin gedişatına neqativ təsir edəcək hadisə olmayıb, bu haqda məlumat daxil olmayıb. Daxil olan digər müraciətlər və şikayətlərə isə operativ cavab verilir, qiymətləndirilir və həlli təmin edilir. Əlbəttə, təbliğat-təşviqat kampaniyasıdır, bəzən namizədlər bir-birinin marağına toxunan hərəkətlərə yol verirlər. Bizim də vəzifəmiz həm də bu proseslərin tənzimlənməsini həyata keçirməkdir. Ciddi narazılıq və narahatlıq doğuran bir hal müşahidə etməmişik.
- Maraqlıdır, bu günə qədər MSK hansısa bir şəxsin namizədliyini ləğv edibmi?
- Xeyr, belə bir hal yoxdur ki, biz hansısa namizədin qeydiyyatını ləğv edək. Amma namizədliyin irəli sürülməsi prosesində dairə seçki komissiyalarında 150 iddiaçının namizədliyi qeydiyyata alınmayıb və ya ləğv edilib. Onlardan 18-nin namizədliyi sonradan Mərkəzi Seçki Komissiyası tərəfindən bərpa edilib. Başqa sözlə, biz hansısa iddiaçının namizədliyini ləğv etməmişik. Ümumiyyətlə, MSK tarixində belə bir hal olmayıb. Əksinə, MSK marağındadır ki, namizəd olmaq istəyən şəxslər seçkilərə qatılsın. Amma təbii ki, onların müvafiq sənədləri qanunauyğun olmalıdır. Yuxarıda qeyd etdiyim 150 iddiaçının namizədliyindən imtina prosesi dairə seçki komissiyasında baş vermişdi. Onların da mütləq əksəriyyəti əsaslandırılmış imtinalar idi. Məhz bu səbəbdən onların qeydə alınmasından imtina olunmuşdu. Sonradan bu şəxslərin bəziləri MSK-ya müraciət etdi və biz də 18 iddiaçının namizədliyini bərpa etdik. Lakin digər iddiaçılarla bağlı qanunvericilik imkan vermədiyi üçün namizədliklərini bərpa etmək mümkün olmadı.
- 16 saylı Yasamal seçki dairəsindən bir neçə namizəd ortaq mövqeyə gələrək konkret bir namizədin qanunları pozması ilə bağlı MSK-ya müraciət edib...
- Bəli, haqlısınız. Qeyd etdiyiniz şikayət MSK-ya daxil olub, baxılıb və müvafiq münasibət ifadə edilib. Əlbəttə, namizədlərin hüquqları var və əgər onlar hesab edirlərsə ki, hansısa situasiyada digər namizəd hüquq pozuntularına yol verir və ya Seçki Məcəlləsinin tələbinə uyğun olmayan davranışları var, bu zaman onların MSK-ya müraciət etmək hüququ var. Seçki komissiyası da bunu araşdırıb müvafiq münasibətini ifadə edir.
- Müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi artıq başa çatıbmı?
- Bəli. Seçki qanunvericiliyinə uyğun olaraq müşahidəçilər seçkiyə 5 gün qalmışa qədər dairə seçki komissiyasından, 10 gün qalmışa qədər isə Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçə bilərdilər. Bu müddət artıq bitib. Odur ki, bundan sonra müşahidəçilərin qeydiyyata alınması prosesi dayandırılıb. Seçki prosesini müşahidə edəcək yerli müşahidəçilərin ümumi sayı 60 min 909 nəfərdir. Bunların 2421 nəfəri MSK-dan, 58 min 488 nəfər isə DSK-lardan qeydiyyatdan keçib. Hesab edirəm ki, bu, kifayət qədər sanballı rəqəmdir.
- Xarici müşahidəçilərin sayı bizə bəllidirmi?
- Şübhəsiz ki, bəllidir. Beynəlxalq müşahidəçilərin sayı 500 nəfərə yaxındır. Ümumilikdə, beynəlxalq müşahidəçilər 53 ölkəni və 37 beynəlxalq təşkilatı təmsil edirlər.
- Beynəlxalq müşahidəçilər yalnız Bakıda müşahidə aparacaq, yoxsa regionlarda da bu prosesi müşayiət edəcəklər?
- Onlar istədiyi dairə üzrə müşahidə aparmaq hüququna malikdirlər. Biz onlara dairə göstərib deyə bilmərik ki, bu dairələr üzrə müşahidə aparın. Harada istəyəcəklərsə, orada sərbəst şəkildə seçkilərin müşahidəsini apara biləcəklər.
- Yeri gəlmişkən, jurnalistlərin seçkini müşahidə etməsi prosedurası necədir?
- Jurnalistlərə heç bir qadağa yoxdur. Onların MSK-dan qeydiyyatdan keçməsi də tələb olunmur. Jurnalistlər "Kütləvi İnformasiya Vasitələri Haqqında" Qanuna əsasən, bütün seçki prosesini müşahidə etmək hüququna malikdir, istədiyi informasiyanı ala, istədiyi müşahidəni apara bilərlər. Buna görə, MSK-dan icazə almaq tələb edilmir. Yalnız xarici kütləvi informasiya vasitələrinin nümayəndələri bu təşəbbüsdə olduqları zaman hökmən MSK-da akkreditasiyadan keçməlidir. Bu, qanunun tələbidir. Yerli mətbuatla bağlı isə heç bir məhdudiyyət yoxdur.
- Seçki günü və seçkidən sonrakı 3 gün diqqət mərkəzində olacaq, şikayətlər, narazılıqlar səslənəcək. MSK bu günlərdə fəaliyyətini necə quracaq?
- Parlament seçkilərinə iki aya yaxındır ki, start verilib. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları demək olar ki, bu müddətdə hər gün fəaliyyət göstərib. Seçki günü və seçkidən sonrakı günlərdə daima işləyəcəyik. Qanunvericiliyə görə, seçki günündə daxil olan şikayətə dərhal baxılmalıdır. Seçki günündən sonrakı günlərdə də Mərkəzi Seçki Komissiyasının üzvləri yerlərində olacaq, onlara daxil olan müraciətləri gecikdirmədən baxıb cavab verəcəklər. Bir daha vurğulayım ki, MSK ilin əvvəlindən seçkilərlə bağlı hazırlığa start verib, son iki ayda isə demək olar ki, fasiləsiz fəaliyyət göstərib. Seçkidən sonra da bu templə fəaliyyət göstəriləcək. Mərkəzi Seçki Komissiyası və aşağı seçki qurumları noyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinə tam hazırdır.