“Hörmətli İhsanoğlu baş nazirin böyüyüdür” Müsahibə

“Hörmətli İhsanoğlu baş nazirin böyüyüdür”

Özləm Gursəs: "Onun insanlığı son dərəcə dərindir, baş nazir də bunu yaxşı bilir, buna görə ona heç nə deyə bilməz".

İhsanoğlunun seçki koordinatorları qələbəyə inanır

Türkiyə prezidentliyinə müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlunun seçki koordinatorları - tanınmış jurnalistlər Mete Belovacıklı və Özləm Gursəsin APA-ya müsahibəsi

- Seçkiyə 34 gün qaldı. Bu qısa müddətdə Türkiyə seçicisinə hörmətli İhsanoğlunun seçki platformasını çatdırmaq üçün hansı metodlardan istifadə edirsiniz?

Mete Belovacıklı: Bilirsiniz ki, rəsmi seçki təbliğatı ayın 10-da başlayacaq, biz o vaxta qədər öz imkanlarımızla müəyyən işlər görməyə çalışırıq. Ancaq o biri tərəfdə daha fərqli işlərin görüldüyü hamıya məlumdur, sanki qanunların qeyri-mümkün sərhədlərini genişləndirməyə cəhd edirlər. Buna biz müdaxilə edə bilmərik, Yüksək Seçki Şurasının, məhkəmələrin və nəticədə vətəndaşların qərar verəcəyi bir durumdur. Biz öz imkanlarımız çərçivəsində əlimizdən gələn hər yerə səsimizi çatdırmağa çalışırıq. Bütün namizədlərin bərabər şərtlərdə mübarizə aparmasını arzulayırıq.

- Öz təbliğatınızın gedişindən razısınızmı?

- Çox razıyıq. Çünki istər Anadoluda, istərsə İstanbulda getdiyimiz hər yerdə xalq böyük maraq göstərir. Bütün ictimai rəy sorğuları türk xalqının sadəcə 30%-nin prezidentlik sistemini dəstəklədiyini sübut edir, ona görə də seçiləcək prezidentin ölkənin qütbləşməsini deyil, birlik və bərabərliyini təmsil etməsi önəm qazanır. Seçki təbliğatımızı bu fəlsəfə üzərinə qurmuşuq və xalqımızın buna müsbət reaksiya verdiyini görürük.

- Türkiyə ictimaiyyəti bələdiyyə seçkilərində iqtidarı dəstəkləyən medianın əks tərəfin namizədlərinə qarşı sərt tənqidlərinə artıq öyrəşib. Ancaq təəccüblüdür ki, hörmətli İhsanoğlunun namizədliyinə qarşı iqtidar qanadından sərt tənqidlərə şahid olmuruq. Bunu nəyə bağlayırsınız?

- İhsanoğluna müxtəlif təbəqələrdən gələn tənqidlərin qarşısında hörmətli İhsanoğlu əhval-ruhiyyəsini qətiyyən pozmadı, üslubunu dəyişdirmədi və bu üslubunu axıra qədər qoruyacağını dedi. Onun bu səviyyəsi və çizgisi qarşısında, deyəsən, o biri namizədlər də eyni çizgiyə gəlmək məcburiyyətində qalacaqlar.

- Cənab İhsanoğlu MHP-dən də CHP-dən aldığı qədər dəstək ala bilirmi?

- Eyni dərəcədə dəstək var. Bundan başqa, bu prosesə sadəcə, CHP-MHP kimi baxmamaq lazımdır, hal-hazırda əlavə 3 partiya bizə dəstək verir. Yaxın günlərdə yeni partiyaların hörmətli İhsanoğlunun namizədliyinə dəstək açıqlamalarını gözləyirik. Bu, geniş bir platformadır və dəstək məsələsində heç bir problem yoxdur.

- İlk turda qələbə çala biləcəyinizə inanırsınızmı?

- Hədəfimiz odur.

- İhsanoğluna iqtidar dairələrindən o qədər də sərt hücumlar olmaması barədə fikirlər var. Sizcə, bunun səbəbi nədir?

Özləm Gursəs: - Biz qorxulardan, çəkinmələrdən, qütbləşmədən təmizlənmiş yeni bir Türkiyə qurmaq istəyirik. Təəssüf ki, 12 ildən bəri rahatlığı əlindən alınmış bir toplum halına gətirildik. Bunlar hörmətli İhsanoğlunun təbiətinə zidd şeylərdir ki, bunları dəyişdirəcəyik. Hörmətli İhsanoğlu çələbiliyi, tolerantlığı ilə tanınmış bir adamdır, hörmətli baş nazirin böyüyüdür, hissi, elmi, insanlığı son dərəcə dərindir, baş nazir də bunu yaxşı bilir, buna görə ona heç nə deyə bilməz.