MSK-nın “Exit-poll”a verdiyi vaxt bitdi Siyasət

MSK-nın “Exit-poll”a verdiyi vaxt bitdi

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində "Exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdikləri sənədlərin qəbul edilmə müddəti sona çatıb.
Beşinci çağırış Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, "Exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün MSK-ya müraciət müddəti səsvermə gününə ən azı 20 gün qalmış başa çatmalıdır.
MSK səsverməyə ən azı 10 gün qalmış, yəni oktyabrın 22-dək həmin müraciətlərə baxıb qərarını elan etməlidir.
"Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası qaydaları"na görə, "Exit-poll"un keçirilməsinin əsas məqsədi seçki məntəqəsinin çıxışında rəy sorğusu keçirməklə səsvermədə iştirak etmiş seçicilərdən, onların könüllü iştirakı ilə əldə olunmuş məlumatlar əsasında ictimaiyyəti səsvermənin ilkin nəticələri ilə və elektorat barəsindəki təqribi statistik məlumatlarla tanış etmək, habelə səsvermənin nəticələri haqqında operativ proqnozlar müəyyənləşdirməkdən ibarətdir.
Bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik və nüfuzlu hüquqi şəxslər "exit-poll" keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri-hökumət təşkilatları və xarici hüquqi şəxslər seçkilər keçirilərkən "exit-poll" ilə əlaqədar tədbirlərdə iştirak edə bilərlər. Həmin təşkilatların adından "exit-poll"un keçirilməsinə cəlb edilən şəxslər, əsasən, seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar.