DSK üzvü Prezidentdən kömək istəyir Siyasət

DSK üzvü Prezidentdən kömək istəyir

24 saylı Nizami birinci Dairə Seçki Komissiyasının üzvü Telman Siyabov Azərbaycan Prezidentindən kömək istəyib. Telman Siyabovun dövlət başçısına ünvanladığı müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
Sizə müraciət edərək bildirirəm ki, oğlum Siyabov Orxan 01 noyabr 2013-cü il tarixdən 28 iyul 2014-cü il tarixinədək "Nataxtari" limonadlarının satışı ilə məşğul olan "EVE-S" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. O işlədiyi müddətdə heç bir vaxt işdən yayınmamışdır. Ancaq 24 iyul 2014-cü il tarixdə xəstələnərək bir neçə gün işə getməmişdir. Həmin vaxt MMC-nin bölgə müdiri işləyən Səlim Salehov bundan istifadə edərək, 26 iyul tarixdə heç bir akt tərtib etmədən maşının qapısını təmir sexində kəsici alətlə sındırmış, oğluma məxsus malları satış obyektlərinə dağıtmışdır. Həmin avtomobilin sürücüsü də bu faktı təsdiq edir. Həmin vaxt maşında 4 000 AZN dəyərində mal olduğu halda, sonradan tərtib olunan saxta aktla malların dəyəri 1020 AZN göstərilmişdir. Halbuki 24 iyul 2014-cü il tarixdə, saat 18:15-də oğlum Siyabov Orxan anbardan 1800 manat dəyərində mal götürüb, maşına yükləyərək anbarın həyətində saxlayıb. Daha öncə qeyd etdiyim kimi, xəstə olduğu üçün 2 gün ərzində işə çıxmayıb.
Hörmətli cənab Prezident!
Oğlumu 28 iyul 2014-cü il tarixdə işdən azad etdikdən sonra, MMC rəhbərliyi dəyəri 10500 AZN olan 9 saxta qaimə-faktura tərtib edərək, cinayət işinin açılması üçün sənədləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişdir. Bundan əlavə, oğlum işdən çıxarkən 7 000 AZN dəyərində 200-dən artıq ticarət obyektlərində olan malları MMC-yə təhvil vermişdir. Ancaq MMC-nin satış müdiri Hüseyn Rzayev və Səlim Salehov həmin aktın əvəzinə saxta 1800 AZN məbləğində təhvil-təslim aktı tərtib edərək Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə göndərmişlər.
Cənab Prezident!
Nəzərinizə çatdırıram ki, həmin 10500 manatlıq qaimə-fakturaların saxtalaşdırıldığını ekspertlər də təsdiq ediblər. Bundan əlavə, 1800 manatlıq akta oğlumun əvəzinə başqa şəxsin qol çəkməsi də ekspertlər tərəfindən təsdiqlənib.
Bütün bu saxtakarlıqlara baxmayaraq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ziyafət Quliyev cinayət işi açmış və oğlumu Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilərək işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir.
Cənab Prezident!
MMC satışın həcmini şişirtmək məqsədilə tərtib edilmiş saxta və qeyri-rəsmi qaimə-fakturalar əsasında müəyyən edilmiş məbləğin mənim oğlumdan alınması üçün müstəntiq Ziyafət Quliyevlə işbirliyinə girmişdir. Əslində isə MMC tərəfindən təqdim edilmiş saxta qaimə-fakturalara müstəntiq düzgün hüquqi qiymət verilməmişdir.
Maraqlıdır, görəsən hansı səbəblərdən istintaq zamanı oğlumun dediyi faktları nəzərə alınmayıb. Oğlum dəfələrlə tələb edib ki, sürücü şahid qismində istintaqa dəvət olunsun. Ancaq müstəntiq bunu etməyi lazım bilməyib. Oğlum dəfələrlə bildirib ki, "mən 7 000 AZN dəyərində akt təqdim etmişəm, ancaq Ziyafət Quliyev bunu istintaq materiallarında qeyd etməyib. Oğlum istintaq zamanı dəfələrlə vəkillə təmin olunması barədə müraciət etsə də, müstəntiq deyib ki, "vəkil nəyinə lazımdır, MMC səni həbs etdirmək istəmir. Sadəcə istəyirlər ki, sən onlara pul ödəyəsən".
Cənab Prezident!
İttihamnamədə göstərilən 19580 AZN tamamilə saxta sənədlər əsasında tərtib edilmişdir və bu saxtakarlığı edənlər Rzayev Hüseyn və Salehov Səlim öz yeyintilərini ört-basdır etmək üçün bu addımı atmışlar.
Cənab Prezident!
Sizin özəl sektora ayırdığınız diqqətdən belə şirkətlərin sui-istifadə etməsi təəssüf doğurur.
Sizdən xahiş edirəm ki, bu saxtakarlığın araşdırılması üçün müvafiq qurumlara göstəriş verəsiniz".