“Azərbaycan müstəqillik yolu ilə uğurla gedir” Siyasət

“Azərbaycan müstəqillik yolu ilə uğurla gedir”

"V çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə sizi təbrik edirəm. Noya brın 1-də keçirilən seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib, bunu beynəlxalq müşahidəçilər də təsdiq edib".
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk sessiyasında çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb: "Azərbaycan demokratiyaya sadiqdir və ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Son illər ölkədə gedən inkişaf prosesləri bu seçkinin nəticələrinə də mühüm təsir göstərib".
Prezident İlham Əliyev deyib ki, ölkəmizin beynəlxalq nüfuzu artır, dünyada etibarlı tərəfdaş kimi tanınır: "Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edir bu da vətəndaşların həyatına təsir edir. Yoxsulluq və işsizliyə qarşı mübarizə sahəsində Azərbaycan ciddi nailiyyətlər qazanıb. Bütün bu uğurların təməlində sabitlik dayanır".
Prezident İlham Əliyev deyib ki, Azərbaycanda millətlər və dinlərarası münasibətlər ən yüksək səviyyədədir və bu məsələdə dövlət siyasəti ilə ictimai dəstək vəhdət təşkil edir.
Dövlət başçısı bildirib ki, V çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durur: "Hələ də problemlər var və əsas diqqət həmin problemlərin həllinə yönəlməlidir. Bu sırada ilk yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi tutur. Ermənistan münaqişənin nizamlanmasında maraqlı deyil. Beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın".
Prezident İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik səmərə vermir: "Bununla belə, diplomatik və siyasi səylər davam etdiriləcək. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibdir".
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritetdir: "Bu, ölkəmizin təhlükəsizliyi üçün vacibdir".
Azərbaycan Prezidenti ölkənin daha da inkişaf etdirilməsi baxımından sistem xarakterli islahatların, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirildiyini vurğulayıb.
Dövlət başçısı bildirib ki, iqtisadi sahədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bölgələrdə infrastruktur və sosial təyinatlı layihələrin həyata keçirilməsi vacibdir.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir: "Cənub Qaz Dəhlizinin reallaşması ölkəmizin imkanlarını daha da genişləndirəcək, bölgədə və qitədə gedən proseslərə Azərbaycanın təsir imkanlarını artıracaq. Bundan əlavə, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycan mühüm rol oynayır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz və ölkəmizə qarşı aparılan çirkin kampaniyalara ən gözəl cavab Azərbaycan reallıqlarıdır".
Dövlət başçısı qeyd edib ki, dünyada vəziyyət, güclər nisbəti dəyişir: "Azərbaycanda isə təhlükəsizlik təmin edilir. Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır. Azərbaycan müstəqillik yolu ilə uğurla gedir".