ABŞ Azərbaycandan nə istəyib? Siyasət

ABŞ Azərbaycandan nə istəyib?

"ABŞ Azərbaycanın strateji önəmini anlayır. Lakin o, Azərbaycanın Ermənistan və Rusiya ilə mövcud olan Dağlıq Qarabağ kimi probleminə qarışmadan bölgədə yerləşmək niyyətindədir. Amerika daha çox Rusiya ilə mübarizədə Azərbaycanın tərəf olmağını istəyir".
Bunu türkiyəli politoloq Ömür Çelikdönməz Cənubi Qafqaz uğrunda Qərb-Rusiya mübarizəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqaza girmək istəməsinin səbəblərindən biri bu bölgənin Uzaq Şərq və Orta Asiyanı Avropa ilə birləşdirəcək Böyük İpək Yolunun mərkəz nöqtəsində yerləşməsi və təbii enerji qaynaqlarının mövcudluğudur: "Xəzər dənizinin enerji qaynaqları uğrunda ABŞ, Almaniya və Rusiya arasında ciddi rəqabət gedir. Vaşinqton bölgədəki münaqişələrə son qoymaq istəyir. Çünki bu bölgənin strateji mövqeyi, yeraltı zənginlikləri, neft yataqları, böyük bazar imkanları var".
Ö. Çelikdönməz bildirib ki, Dağlıq Qarabağ müharibəsi başlayandan bu günə qədər ABŞ Azərbaycanda hərbi baza qurmaq istəyir: "Bu istək Azərbaycan dövlətinə bildirilib də. Zaman-zaman bu məsələnin tərəflər arasında müzakirə mövzusu olduğu da məlumdur. Lakin Azərbaycanın mərhum prezidenti Heydər Əliyev ABŞ-ın bölgədə siyasi tarazlığı dəyişdirəcək bu istəyinə isti yanaşmırdı. Heydər Əliyev bölgədə gücə sahib olan Rusiya, İran və Türkiyə arasında münasibətlərə diqqət edərək, bu məsələdə amerikalı bürokratlara konkret fikir bildirməmişdi".
ABŞ Helsinki Komissiyasının rəhbəri Kristofer Smitin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi haqda layihəsinə diqqət çəkən politoloq Azərbaycan Milli Məclisinin də buna qarşı reaksiya verdiyini bildirib. Qeyd edib ki, əslində proseslər ABŞ-ın Cənubi Qafqazdan çıxarıldığını göstərir: "Bu baxımdan, ABŞ bölgə uğrunda Rusiya ilə mübarizəni genişləndirir".